Milyarder Fərhad Əhmədovun dedikləri və deyə bilmədikləri

0
782

milyarder“Məmurların üzündən hətta xeyriyyə aksiyalarından imtina etməli olursan…” deyən Fərhad Əhmədov, nəyə eyham vurur?

Azərbaycan mətbuatında tez-tez olmasa da, hərdən xaricdə yaşayan zənginlərimizin müsahibələri və ayrı-ayrı mövzular ətrafında açıqlamalarına rast gəlinir. Siyasi baxımdan çox ehtiyatlı, korrektə olunmuş bu müsahibələrdə onlar əsasən öz şəxsi həyatları və biznes layihələri barədə, bəzən də Azərbaycanda keçirdikləri uşaqlıqları və melanxolik xatirələrindən söz açırlar. Sözsüz ki, yerli məmur milyarderlərimizdən fərqli olaraq, onlar daha maraqlı və səmimi müsahibdirlər. Ancaq bu açıqlamalarına fikir verdikcə görürsən ki, hansısa qüvvə onları bu vətənə verə biləcəkləri və əvəzində umacaqları mövzusunda çox aşkar danışmağa imkan vermir.

Onlardan biri olan Fərhad Əhmədovun bugünlərdə verdiyi müsahibədə (“Haqqın.az” saytına-red) də bir sıra maraqlı məqamlara toxunulur. Tanınmış milyarder ilk öncə guya Putinin istəyilə Azərbaycanda hakimiyyətə gəlmək planları barədə mətbuatda yazılanlara münasibət bildirərərək, bunların boş söz-söhbət olduğunu, ümumiyyətlə hazırda siyasətlə məşğul olmadığını deyir. Ancaq 5 il Rusiyada senator kimi fəaliyyət göstərdiyini də xatırladır və əlavə edir ki, onun barəsində bu cür məlumatlar kimlərinsə sifarişi əsasında yayılır: “Belə məqaləni sifariş edənlərə bildirmək istəyirəm ki, Putin öz planlarını həmişə həyata keçirir və ona maneə yaradılmasını sevmir. Ancaq müəllif və sifarişçinin xoşbəxtliyindən, mənim təyinatım məsələsi onun (Putinin-red.) planlarına daxil deyil… Siyasətlə məşğul olsaydım, çoxdan partiya yaradar və tərəfdarlarımı yığardım”.

Siyasətdən uzaqlaşdığını və Azərbaycanda bu işlə məşğul olmayacağını deyən milyarderə inanmayanlar da ola bilər. Adam 5 il Rusiyada senator olub, Boris Berezovski ilə dostluq edib, hətta müsahibədə dediyinə görə, son təyyarə böhranında Rusiya-Türkiyə münasibətlərinin bərpasında Mövlud Çavuşoğlunun xahişi ilə vasitəçilik də edib.

9769_76e92066Berezovski İngiltərəyə qaçandan sonra isə F.Əhmədovu nəzərdə tutaraq deyib: “Bütün yəhudi dostlarım məni atdı, ancaq bir müsəlman məni satmadı…” Demək istədiyimiz odur ki, siyasət anlayışı və əlaqələri kifayət qədər yüksək olub və hazırda da belədir.

Ancaq bizim toxunmaq istədiyimiz daha çox məsələnin siyasi deyil, iqtisadi tərəfidir. Təəssüf ki, xaricdə yaşayan milyarderlərimizin, istedadlı və təcrübəli iş adamlarımızın planlarında Azərbaycanda biznes qurmaq ən sonuncu yerlərdə durur, yaxud da ümumiyyətlə onların planlarına daxil deyil. Niyə, səbəb nədir? Məsələn, elə həmin Fərhad Əhmədovun Azərbaycanda sadəcə bir “AZNAR” müəssisəsi var ki, o da əsasən meyvə şirələrinin istehsalı ilə məşğuldur. Doğrudur, onun vəsaiti hesabına “Göyçay-Toxucu” ASC-nin binasında əsaslı təmir-bərpa işləri görülüb.

42_bigYeni müəssisədə 650-yə yaxın yerli sakin çalışa bilər. Bunlar təqdirəlayiqdir, lakin tanınmış iş adamının real imkanları ilə müqayisədə olduqca kiçik müəssisələrdir. Onu da nəzərinizə çatdıraq ki, F.Əhmədov Rusiyadakı biznesini demək olar tamamilə satıb və hal-hazırda dünyanın müxtəlif nöqtələrində investisiya layihələri həyata keçirir. Bu o deməkdir ki, hazırda böyük miqyasda azad kapitala malikdir. Ancaq özünün də “AZNAR” barədə dediklərindən göründüyü kimi, Azərbaycan o investisiyaların yönləndirildiyi nöqtələr arasında heç də ilk yerlərdə durmur: “Azərbaycanda yeganə yatırımım “AZNAR”-dır, buna da investisiya demək olmaz. Bu, atamın xatirəsinə həsr olunmuş bir müəssisədir. Və oraya qoyulan yatırım nəinki mənim, hətta uşaqlarımın nə vaxtsa oradan götürəcəyi qazancdan dəfələrlə çoxdur”.

İş adamı demək istəyir ki, Azərbaycana yatırım etmək əslində sərfəli deyil, sadəcə atasının xatirəsi üçün bunu edir. Təəssüf ki, müsahibəni götürən həmkarımız bu məsələnin dərininə getmir və ümumiyyətlə imkanlı iş adamlarının Azərbaycandan uzaq durmağa çalışmasının səbəblərilə maraqlanmır.

hqdefaultYeri gəlmişkən, digər həmvətənimiz Mübariz Mənsimov da müsahibələrində ölkəmizdəki biznesilə bağlı bir o qədər həvəslə danışmır. Həmçinin ona məxsus futbol klubunun çempionatdan kənarlaşdığı, “PALSÜD”ün isə ziyanla işlədiyi barədə məlumatlardan xəbərdarıq. Göründüyü kimi, iş adamlarının investisiyaları eyni taleyi yaşamaqdadır. Bugün Azərbaycanda neft və valyuta böhranı fonunda ərəblərin, yaponların və daha kimlərin investisiyalarının cəlb olunması barədə diskussiyalar açılır. Ancaq real maliyyə daşıyıcısı olan xaricdəki Azərbaycan əsilli milyarderlər hesaba alınmır. Və qanı qanımızdan olan varlılarımız özləri də buraya maliyyə yatırmağa həvəsli görünmür. Niyə?

Deməli ya onlar öz vətənini sevmir, ya da vətəndə kimlərsə (!) onları sevmir. Həmin Fərhad Əhmədovun son müsahibəsindən görünür ki, ona Azərbaycan vətəndaşlığı verməkdən imtina ediblər: “Demək olar bütün həyatımı vətəndən uzaqda yaşasam da, həmişə ona bağlılığımı hiss etmişəm. Bu bağlılığımı sənədləşdirmək istəyirdim”.

Ancaq özünün dediyi kimi, məmurlar buna imkan verməyib: “Məmurlardan incimək – boş şeydir. Yox, deməli yox. Məmurlar həmişə mane olur. Hər şeydə qazanc axtarırlar, özlərinə uyğun şəkildə mühakimə edirlər. Təəssüf ki, onların üzündən hətta bu və ya digər xeyriyyəçilik aksiyasından imtina etməli olursan…”

Adam bundan artıq nə desin, Azərbaycandan uzaq durmasını necə izah etsin? Baxmayaraq ki, atası, mərhum Teymur Əhmədov Sovet hakimiyyəti dövründə, konkret desək, Heydər Əliyev birinci katib olan vaxtlarda mənimsəmə ittihamı ilə həbs olunub və ölüm hökmünə məhkum edilib, yenə də vətənindən və hakimiyyətdən inciklik ifadə etmir: “Prezidentin humanistliyi sayəsində, uzun axtarışlardan sonra atamın nəşini tapıb, layiqincə dəfn etmək mənə qismət oldu. Prezidentin sayəsində atamın əsasını qoyduğu zavodu aldım və Teymur Əhmədovun adını verdim…”

2Bütün bunlara rəğmən, təsəvvür edin ki, F.Əhmədovun ötən il torpaq ayrılması ilə bağlı Göyçayın İcra Hakimiyyətilə məhkəmə çəkişməsi olub. Demirik ki, milyarderdirsə, toxunulmazdır və idealdır. Xeyr! Və demirik ki, hansısa rayonun icra hakimiyyəti özbaşınadır... Ancaq dəqiq bildiyimiz odur ki, biz 3-5 manata görə ərəblərin turist adı altında Azərbaycanda çıxdığı min hoqqaya, bəzən ölkəmizi müsəlman dünyasının Ukraynası kimi görməsinə göz yumuruq. Özümüzünkünün hansısa biznes layihəsi həyata keçirmək, iş yeri açmaq üçün görəcəyi işə isə hətta rayon icra hakimiyyəti səviyyəsində də müdaxilə edirik. Sonra da xaricdəki imkanlı azərbaycanlıları vətənə soyuq münasibətdə qınayırıq…

Bir şeyi də nəzərdən qaçırmayaq ki, yerli məmur milyarderlər bizim “dərimizi soyaraq” qazandıqları milyardlarla xaricdə biznes qurur. Xaricdəki iş adamlarımızı göylərə qaldırmaq fikrindən uzağıq, ancaq hər halda onlar burada, bizdən oğurlanan pulları yox, orada qazandıqlarını Azərbaycana yatıra bilərlər – sözsüz ki, müvafiq şərait yaradılsa. Ancaq maləsəf….

Müsahibəsinin sonunda iş adamından gələcək planları barədə soruşurlar. Deyir: “Hazırda öz yaxtamda çoxlu səyahət edirəm. Qolfla məşğulam. Bu günlərdə “Mar-a-Laqo” klubunda bu klubun əsasını qoyan Donald Trampla gücümü sınayacam. Daha sonra Sakit Okean istiqamətində hərəkət edəcəm”.

Göründüyü kimi, yaxın planlarda Azərbaycanla bağlı heç nə yoxdur…

CƏLAL
AzPolitika.info

BIR CAVAB BURAXIN