“Milli-mənəvi dəyərlərimiz Azərbaycan dövlətinin əsas dayağıdır”

0
609

Sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Novruz bizim sevimli bayramımızdır. Əsrlər boyu Azərbaycan xalqı bu bayramı qeyd edir, öz qəlbində yaşadır. Milli-mənəvi dəyərlərimiz müasir Azərbaycan dövlətinin əsas dayağıdır. Azərbaycan dövləti müasir dövlətdir, ancaq, eyni zamanda, bizim dövlətimiz dərin milli-mənəvi dəyərlər, köklər üzərində qurulubdur. Elə etməliyik ki, gənc nəsil də milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alsın. Onlar da bizim kimi Vətənə bağlı olsunlar, milli maraqlarımızı hər şeydən üstün tutsunlar.

Bunu Bakıda Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə keçirilən ümumxalq şənliyindəki çıxışında Prezident İlham Əliyev deyib.

Prezident Azərbaycanın Novruzu gözəl nəticələrlə qarşıladığını və ölkəmizin hərtərəfli inkişaf etdiyini bildirib:

“Aparılan quruculuq işləri ölkəmizi gücləndirir, Azərbaycanın beynəlxalq nüfuzunu artırır. Daxili vəziyyət sabitdir. Bu sabitliyin əsas təminatçısı Azərbaycan xalqıdır. Xalq-iqtidar vəhdəti sabitliyin əsas təminatçısıdır. Daxili siyasətlə bağlı görülən işlər, aparılan islahatlar öz gözəl nəticələrini verməkdədir. Dünyada gedən proseslər bir daha onu göstərir ki, ancaq sabit olan ölkələr uğurla inkişaf edə bilər. Ancaq sabit olan ölkələrə xarici sərmayə qoyulur, insanlar rahat, təhlükəsizlik şəraitində yaşayırlar. Bu gün dünyanın müxtəlif yerlərində sabitlik pozulur, qanlı toqquşmalar baş verir, müharibələr alovlanır, yeni risklər yaranır. Bu gün dünya gündəliyinin əsas məsələsi məhz təhlükəsizlik məsələləridir. Azərbaycan bu istiqamətdə apardığı siyasətlə dünyada böyük rəğbət qazanmış ölkələrdən biridir. Ölkəmizdə daxili risklər üçün heç bir mənbə yoxdur. Xarici risklərdən isə biz özümüzü qoruyuruq və bundan sonra da qoruyacağıq, Azərbaycan xalqının rahat yaşamasını təmin edəcəyik”.Axar.az

 

BIR CAVAB BURAXIN