Milli fəlsəfə tariximizin təşəkkülü və Firidun bəy Köçərli 2. Yazı

0
900

Firidun bəy Köçərlinin fikrincə, milli ədəbiyyat tarixi həm də ona görə lazımdır ki, başqa xalqlar kimi Azərbaycan türkləri də öz milli ədiblərini, mütəfəkkirlərini tanısınlar, onlarla fəxr etsinlər: “Aya, biz Azərbaycan türklərinin seretelliləri və çavçavadzeləri olmayıbdırmı? Bizim milli şairlərimiz ərseyi-dünyaya gəlməyibdirmi? Aya, bizlər belə möhtərəm şəxslərin vücudundan məhrummu qalmışıq? Bu suallara cavab verib deyə bilərik ki, bizim də çox böyük, müqtədir və xoştəb milli şairlərimiz olubdur və lakin mütəəssüf onların qədir və qiyməti nə öz vaxtlarında və nə bu halda bilinməyibdir”. Deməli, Köçərlini milli ədəbiyyat tarixini, o cümlədən də milli fəlsəfi fikir tarixini yazmağa sövq edən də məhz bu suallara cavabların tapılması istəyi olmuşdur. Köçərli hesab edirdi ki, bir millətin ədəbiyyatı onun məişətinin aynası deməkdir, yəni millətin dolanacağı, inkişafı, tərəqqisi, kamalı onunla ölçülür. Onun fikrincə, milli şairlər, milli mütəfəkkirlər ədəbiyyatda vətənə məhəbbət, millətə xidmət, dostluğa sədaqət kimi müqəddəs hisslərə yer versə daha yaxşı olar. O yazırdı ki, millət böyük bir cisimdir ki, bu cismi təşkil və təsis edən hər bir kəs onun üzvləri məqamındadırlar. Belə olan surətdə millətin salamatlığı, şan-şərafəti, dövlət və sərvəti, onu təşkil və təsis edən üzv və ünsürlərin mütənasib olub sülh və ittifaq içində yaşamalarından, hər birinin üzərinə düşən vəzifələri əməl etmələrindən asılıdır. Köçərliyə görə, müsəlmanların başqa millətlərdən dala qalmalarına səbəb, məhz bu cür əməllərdən, milli ruhdan yəni milli ədəbiyyatdan, milli təfəkkürdən uzaq qalmalarıdır. Köçərliyə görə, insanlıqla, bəşəriyyətlə bağlı olan problemləri, o cümlədən milli məsələləri, milli ehtiyaclarımızı yalnız şairlər deyil, bütün mütəfəkkirlər düşünməli, onlart millətinin oyanışına, maarif-lənməsinə, elm və mərifət əldə etməsinə çalışmalıdırlar. Bu baxımdan o, “Azərbaycan türklərinin ədəbiyyatı” kitabında bir çox tanınmış Türk mütəfəkkirlərinin (N.Gəncəli, M.Füzuli, Ə.Nəvai, Y.Nabi, M.F.Axundov, A.A.Bakıxanov və b.)ancaq tərcümeyi-hallarını yazıb və əsərlərindən iqtibaslar gətirməklə kifayətlənməmiş, eyni zamanda onların yaradıcılıqlarının ədəbi-fəlsəfi yöndən təhlilini vermişdir. Bizi isə burada daha çox maraqlandıran ictimai-fəlsəfi fikir tarixi baxımdan önəmli olan təhlillər, yeri gəldikcə, irəli sürdüyü fərqli mülahizələrdir. Köçərlinin fəlsəfi və əxlaqi görüşləri daha çox Türk mütəfəkkirlərinin (N.Gəncəli, M.Füzuli, Ə.Nəvai, Y.Nabi, M.F.Axundov, A.A.Bakıxanov və b.) yaradıcılığını təhlili zamanı irəli sürdüyü mülahizələrlə əlaqəlidir. Köçərli Türk mütəfəkkirlərinin fəlsəfi yöndən yazdığı əsərlərini təhlil edərkən də daha çox dünyanın yaranışına və insan probleminə, eləcə də insanın Yaradana olan məhəbbətinə, onun əxlaqına, iradə azadlığına, insan həyatının mənasına və digər məsələlərə diqqət yetirmişdir. O, dahi Türk mütəfəkkiri Məhəmməd Füzulinin əsərlərinin, xüsusilə də “Leyli və Məcnun” dastanını təhlil edərkən yazırdı ki, onun əsərlərində əsas fəlsəfi fikirlər insanın Yaradana olan məhəbbəti və bu yolda çəkdiyi iztirablardır. Köçərli yazırdı: “Ol dürri-yeganənin uşaqlar əlinə təlim üçün verilən “Leyli və Məcnun” dastanında o qədər hikmətamiz sözlər, dərin fikirlər, nazik imalar və rəqiq işarələr, şairanə nəzmlər və fəlsəfanə şeirlər vardır ki, cümləsini və burada zikr etməyə və şərh qılmağa nə xamədə qüdrət və lisanda bir o qədər təlaqət və və fəsahət vardır. Avropa hükəma və fəlasifəsindən məşhur Artur Şopenhauer “Məhəbbət nədən ibarətdir?” sərlövhəsilə yazdığı bir əsərində bəst verdiyi şərh və bəyanatın çoxunu Füzulinin abdar şeirlərində tapırıq. O fikirləri ki, alman filosofu əlli sənə bundan irəli bəyan etmişdir, onları Molla Məhəmməd Bağdadi üç-dörd yüz sənə bundan müqqədəm xeyli ədibanə və mərğub surətdə rişteyi-nəzmə çəkmişdir”. Köçərliyə görə, Füzulinin dünyanın faniliyi və insan problemi ilə bağlı fəlsəfi fikirləri saqinamələrdə də öz əksini tapmışdır: “Bu saqinamələrdə o qədər mühəsənat, lətafət və mövziniyyət vardır ki, onları yazmaqla başa gələsi deyil. Onları diqqətlə oxuyanlar bir tərəfdən dünyayi-dunun qeydindən və nəfsi-şumun hirs və təməindən, alçaq və rəzil əməllərdən, pis işlərdən, fasid və batil fikirlərdən xilas olub, nuraniyyət kəsb edirlərsə də, digər tərəfdən onların qəlbi bir növ məhzun və könlü tutqun olur. Bu hala səbəb odur ki, Füzuliyi-şikəsthalın qələmi-gövhərsənci tökdüyü dürri-safın əksəri gözdən tökülən əşki-müsəffaya bənzəyir, nəinki şadlıq çəmənində yağan barana. Füzulu demək olur ki, möhnət yükünün barkeşi olub, aləmi insaniyyətdə tamami qəmzədələrin və möhnətkeşlərin yüklərini götürmək və məzlumların halına yanmaq üçün xəlq olunmuşdur. Füzulinin ahü nalələri qarelərə dəxi sirayət edib, onları da özü ilə atəşi-hüzn və ələmə yandırır. Amma bu qanmaqda bir feyz və səadət və ülviyyət vardır ki, o atəşə yanan istər ki, bir də yansın. Bu cansuzluq pərvanənin şam başına dolanıb yanmağına bənzəyir”. Köçərli hesab edirdi ki, insan ölümdən qorxub fəna aləminə köçməkdən məyus olmamalıdır. İnsan üçün ölümü haqq sayan mütəfəkkirə görə, bu dünyadakı həyatın mənasını başa düşməyib, dünyada hər bir şeyi heç, mənasız, anlamsız (nihilizm) sayıb özünə qəsd etmək doğru deyildir. Başqa sözlə, bu dünyada hər bir şeyin puç, fani olub, əsil aləmin fəna aləmi olması həqiqət olduğu halda, Yaradanın bu iradəsinə qarşı çıxıb fani dünyanın qəmini yeyib şübhələr içində olmağın, ya da ancaq fəna aləmi üçün yaşamağın faydası yoxdur. Ona görə, bu baxımdan real dünyanı insan üçün ancaq qəm yeri hesab edib, fəna aləmində azad yaşamağı düşünmək də əbəsdir: “Belə olan surətdə mərgdən xövf etmək və fəna aləminə köç etməkdən məyus və mükkədər olmaq böyük bir səhv deyilmi? Həqiqət-haldan bir növ bixəbər və qafil olmaq deyilmi? İnsan üçün ölüm haqdır və ayeyi-vafi hidayə məzmununca “küllü şeyin halikun illə vəchəhu” – baqi və əbədi qalan ancaq bir qaliri-zülcəlaldır. Bu cəhətə dünyanın qəmin yeməkdən və övzai-zəmanədən dilgir və şaki olmaqdan bir fayda yoxdur. Vəli insan necə ki, diridir, həyatın qədrini gərəkdir bilsin və həqq-taala ona mərhəmət qıldığı qüdrət və bacarığı xeyir işlərə və haqq yoluna sərf eləsin. Tək fəna arzulamaqdan bir mənfəət yoxdur və haqq-taalanın əmri bizə səy və təlaşdır. Zaviyənişinlik və bikarçılıqdan bir şey çıxmaz. Bizim bu əsri-şumda hətta mədəni tayfalar arasında dəxi diriliyi biməzmun bilib dünyadan və onun keşməkeşindən bizar olub canlarına qəsd edənlər az deyildir. axır vaxtlarda elə itifaq düşür ki, paytaxt şəhərlərdə intihar edənlərin həddi və və hesabı əndazədən çıxır və ricali-dövləti, polisə məmurlarını, hükəma və fəlsəfə firqələrini fikir və əndişəyə salır. Bu hədsiz intihara səbəblər çoxdur. Vəli ümdəsi dünyadan bizar olub beş günlük həyatı puç və biməzmun bilmək əqidəsidir”. Onun fikrincə, İslam aləmində də bu cür nihilist (heçlik) düşüncə və əqidədə olanlar hər daim olub, bunlardan biri də Füzulidir. O, yazırdı: “Təkcə Füzulinin: Əlqissə, vücud dami-qəmdir, Azadələrin yeri ədmdir, – şeri ona kifayət edir ki,çoxlarını qəfildən ayıldıb beş günlük dünya məişətinin puç və boş olmağı barəsində böyük əndişəyə salsın. Başqa bir əcəm şairi bu xüsusda demişdir: Biz heçik, cahan heç, qəm və şadlıq heçdir. Heçlik üçün narahat olmaq xoş deyildir”. Sadəcə, Qərb mütəfəkkirlərinin çoxundan fərqli olaraq İslam mütəfəkkirləri, o cümlədən də Füzuli, Nigari, Məhvəşi və başqaları bu dünyanı heçlik, fani adlandırıb daha çox fəna aləminə tapınır, hər bir şeyi Yaradanın iradəsi, tövhidi, qüdrətinə bağlayırdılar. Bizcə, Köçərli də Füzuli, Məhvəşi, Nigari və başqaları kimi bir tərəfdən İslam dininə səmimi qəlbdən inanan bir ziyalı kimi, bu dünyanı fani, puç görüb əsas Yaradanın birliyini və əbədiliyini qəbul etsə də, digər tərəfdən onlara nisbətən bu dünyanı tamamilə “beş günlük”, puç və fani hesab edib millət, vətən, insanlıq üçün səy və çalışqan olmamağı da doğru görməmişdir. Bu baxımdan F.Köçərli Füzuli və Məhvəşi kimi, Nigarinin də dünyagörüşünün əsasında dayanan, daha çox fəna aləminə bağlı olan ilahi eşq, Tanrı sevgisini bəyənsə də, bizcə, ancaq onun həddən artıq real dünyadan uzaqlaşmasını çox da təqdir etməmişdir: “Hacı Mir Həmzə əfəndinin yazdığı əşari-mütənəvveənin cümləsi eşqi-həqiqiyyə, məhəbbəti-ilahiyyə, hüsni-təbiiyyə, mədhi-mövlaya, mərifəti-xudaya, eşq yolunda sədaqət və dəyanətə və sair övsafi-həmidələrin mədhinə şamil kəlamlardır”. “Dünyada heç bir şey və heç bir əməl məşiyyəti-ilahisiz deyil, belə olan surətdə meyə meyl etməkdə və ya onu tərk qılmaqda şairdə nə təqsir var və onun özü bilmir ki, o, günah əhlidir yoxsa əhli-savabdır”, – deyən Köçərlinin sözlərindən belə anlaşılır ki, o, insanın da əvvəl-axır Yaradana üz tutacağına şübhə etməmişdir. O, daah sonra yazırdı: “Çün hər şeyi cünbişü hərəkətə gətirənvə hər şeyə ruhi can verən, hər şeyi gözəl, lətif, mərğubü tərtazə qılan eşqdir, ona binaən külli-məxluqata sahibü həkmfərman olan, cəmi yaranmışa ağalıq edən, xüsusən bəni-növi-bəşəri öz təhti-idarəsində dolandıranŞ piri cavana, cavanı pirə, tərsanı müsəlmana, müsəlmanı tərsaya bən edən dinü məzhəbi, malü canı, qeyrətü himməti, iirzü namusu, namü şöhrəti öz əlində əsir edən lazım olduqda cümləsini badi-fənaya verən eşqdir”.

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)