Arazinfo.com Mediainfo.az-a istinadən yazıçı-jurnalist Əziz Mustafanın “İstiqlal nəğməkarları”silsilə yazılarından Mikayıl Müşfiqə həsr edilən “Mikayıl Müşfiq yanğıları və ya günəş batan yerdə…” məqaləsini oxucularına təqdim edir:
…Üzünü görməsəm, söhbətlərinə qulaq asmasam da, hər dəfə şeirlərini oxuyanda mənə elə gəlir ki, onu çoxdan tanıyıram və bir vaxtlar onunla bir məhəllədə böyümüş, yaşıdı olmuş, şirin söhbətlərinə qulaq asmışam. İlk dəfə 3-cü sinifdə oxuyanda şeirləri ilə tanış oldum və bir də gördüm ki, onun yazdığı hər misranın, hər bəndin vurğunuyam. İllər ötdükcə Müşfiq sənətinə, şeirinə vurğunluq daha da gücləndi. İndinin özündə belə hər dəfə onun ürək titrədən şeirlərini oxuyanda mənə elə gəlir ki, onun özü ilə söhbət edirəm, sanki insanı sehrləyərək öz cazibəsinə salan misraların arasından həyatdan nakəm gedən şairin həsrət dolu, bir az qəmli, bir az da bizlərdən küskün pıçıltılarını eşidirəm.
Əslində Müşfiq , özü boyda bir sevgi, özü boyda bir Azərbaycandır, hər misrasında doğma vətənimizə sonsuz bir sevgi duyulur. Bu torpağın hər ovuc toprağı, hər daşı, hər gülü, çiçəyi, onun üçün ilham qaynağı, əbədi bir sevci çeşməsi idi və yazdıqca yazır, yazmaqdan doymurdu.
Ona görə də yazdığı hər şeir şirin bir nəğməyə dönərək qəlblərə axır və dərhal dillər əzbərinə çevrilirdi. Bəlkə də buna görə, ötən əsrin 20-30-cu illər Azərbaycan ədəbi mühitində onun qədər çox sevilən ikinci bir şair tapmaq mümküm deyil. Müşfiq ömrü qarşısına çıxan qayaları yarararaq sonsuz çöllərə can atan coşqun dağ çayına bənzəyirdi. Müşfiq yaradıçılığı, özündən sonra qoyub getdiyiə ədəbi irsi bir ümman, bir dəryadır. Şeirlərində dəli bir həsrət, həzin kövrəklik, insanı özündən edən bir yanğı, həyat sevcisi bir də kədər var. Sanki öncədən bu dünyadan doymadan gənc yaşlarında tərk edəcəyini hiss edərək
“Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?”-deyə yazmışdı.
Şeirlərindəki bu şirinlik, sevgi, bir də insanın ürəyini titrədən dəli- dolu bir həsrət şübhəsiz ki, anadan olduğu, tərbiyə alıb yetişdiyi ailəsindən gəlirdi. Ötən əsrin 30-cu illərində obrazlı şəkildə desək Azərbaycan ədəbi məkanında bir günəş kimi parlayan Mikayıl Müşfiq Mirzə Qədir oğlu İsmayılzadə 1908-ci ildə Bakıda anadan olmuşdu. Onun atası da şair idi və”Vüsaqi” təxəllüsü ilə şeirlər yazırdı. Böyük bəstəkar M.Maqomayev “Şah İsmayıl” operasını Mirzə Qədirin eyni adlı poeması əsasında yaratmışdır.
Amma ailə olduqca kasıb olduğundan Mikayıl Müşfiq hələ uşaq ikən həyatın bütün ağrılarını öz üzərində hiss eləmişdi. Üstəlik o ay yarımlıq körpə olanda anası Züleyxa dünyasını dəyişmişdi. 6 yaşı olanda isə atasını itirmişdi. Uşaq ikən əvvəlcə anadan, sonra isə atadan yetim qalmaq, ehtiyac dolu uşaqlıq illəri, xüsusi ilə ana həsrəti balaca Müşfiqin qəlbini bütün həyatıboyu sızlatmışdı. Təsadüfi deyil ki, sonralar o yazdığı “Ana” adlı şeirində, anasızlıq həsrətini ürək sızıltıları ilə belə təsvir etmişdi:
Ana dedim, ürəyimə yanar odlar saçıldı,
Ana dedim, bir ürpəriş hasil oldu canımda,
Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,
Ana dedim, fəqət onu görməz oldum yanımda
Həyatı boyu ana həsrəti, ana mərhəmətinə ehtiyac duyması onun sonralar özünə mərhəmətli, şəfqətli, mehriban mənasını verən Müşfiq təxəllüsünü seçməsinə gətirib çıxardı.
Həmin dövrdə Müşfiqin yeganə təsəllisi ana bilib sığındığı nənəsi Qızqayıt idi. Müşfiqdə balaca yaşlarından ədəbiyyata həvəs yaradan da nənəsi Qızqayıt olmuşdı. O, çoxlu nağıl, əfsanə, bayatı, şeir bilirdi və qəlbi sınıq Müşfiqi bunlarla ovutmağa çalışardı. Nənəsindən eşitdiyi çoxlu sayda nağıl, əfsanə şeir və bayatılar isə Müşfiqin həssas və kövrək qəlbində güclü izlər buraxaraq onun şair kimi yetişməsində önəmli rol oynadı. O, ilk ibtidai təhslini Bakıdakı rus-tatar məktəbində aldı, sonra isə Azərbaycan Dövlət Pedaqoji İnstitunu bitirdi. İlk şeirini də 1926-cı ildə dərc etdirdi, sonra isə bir-birinin ardınca onun”Küləklər” (1930), “Günün səsləri” (1932), “Buruqlar arasında” (1932), “Şe`rlər” (1935) kitabları dərc olundu. Amma Müşfiq ağır və məşəqətli uşaqlıq illərini ömeünün sonuna kimi unuda bilmədi. Bunu Müşfiqin yaxın dostu və sirdaşı olan xalq şairi R.Rzanın dedikləri də sübut edir. Rəsul Rza yazır ki,1936-cı ilin soyuq günlərindən birində Mikayıl Müşfiqlə Sabir bağının yanında cır-cındır pencək geyinən və soyuqdan titrəyən bir uşağın gəlib gedənlərə papiros təklif etdiyini gördük. Müşfiq uşağı görən kimi rəngi saraldı və gözləri yaşardı. Sonra o uşaqdan papiros alaraq ona pul verdi və yolumuza davam etdik. Yolda gözləri yaşaran Müşfiq mənə: “Belə şaxtalı gecələrdə, qızmar günlərdə nə qədər “ay papiros!” deyə küçələri dolaşmışam, o qədər adama əl açmışam ki”,-dedi.
Mətbuatda dərc olunan ilk şeiri ədəbiyyata yeni bir istedadın gəldiyindən xəbər verirdi. Tezliklə o, oxucuların ən çox sevdiyi şairlərdən birinə çevrildi. Onun qısa müddətdə tanınmasına və sevilməsinə səbəb isə digər şairlərdən fərqli olaraq kolxozdan, sovxozdan, pambıqdan az yazması və ya da heç yazmaması idi. Müşfiqi daha çox insanın mənəvi aləmi, onun daxili və zahiri saflığı, paklığı, gözəlliyi, vətənin başı üzərini alan qara buludlar idi. O, doğma Vətənin başı üzərini alan qara əsarət və zülm buludlarını nəzərdə tutaraq “Bulud qarşısında” adlı şeirində yazırdı:
Nə qaplamışsan göyü, sən ey bulud, xınca-xınc?!
Nədir ildırımında bu gurultu, bu çaxınc?!
Qaranlıqda sıyrılan hər şimşəyin bir qılınc.
Yetər, çaxma, ey bulut!
Mənə bir qədər sükut!
Həyəcan az deyildir onsuz da içərimdə,
Bu gənc fikirlərimdə, bu körpə hisslərimdə,
Səndən umacağım yox, dolaşıb üzərimdə
Yetər, çaxma, ey bulut!
Mənə bir qədər sükut!
Bu misralar onun imperiyaya qarşı lal hayqırtıları idi.
Ötən əsrin 20-ci illərinin sonlarında özlərini proletar yazıçı və şairləri olan bir qrup keçmişə aid nə varsa ona xor baxır, hətta tarın belə əleyhinə çıxaraq onun qadağan edilməsinə qarşı çıxırdılar. Bu isə Müşfiqə çox ağır təsir etmişdi. O, cəsarətlə təkbaşına tarı Azərbaycan xalqına unutdurmağa çalışanlara qarşı çıxdı və yazdığı “Oxu tar” şeiri ilə ana südü kimi qanımızda dolaşan milli musiqimizə, milli musiqi alətlərimizə bağlı olduğunu ortaya qoydu. “Oxu tar” şeiri əslində yalnız imperiya nökərləri kimi çıxış edənlərə deyil, həm də Moskvanın yeritdiyi müstəmlkəkəçilik, xalqımızı öz milli köklərindən qopararaq onu manqurtlaşdırmaq siyasətinə qarşı bir üsyanı idi.
Oxu, tar, oxu, tar!…
Səsindən ən lətif şeirlər dinləyim.
Oxu, tar, bir qadar!…
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu, tar!
Səni kim unutar?
Ey geniş kütlənin acısı, şərbəti-
Alovlu sənəti!
Oxu, tar! Mən səndə
İstənən havanı çala da bilərəm.
Mən səndən bu günün zövqünü
Ala da bilərəm.
Sən bu gün silahsan əlimdə,
Səni mən hansı bir hədəfə
İstəsəm, çevirə bilərəm.
Qəlblərdə gizlənən keçmişi
Bir yeni nəğmənin əlilə
Devirə bilərəm!
O, özünü gözləyən sürgünlərdən, həbslərdən, ölümümündən qoxmayaraq bu mübarizəsini sonralar da davam etdirdi. Müşfiq, təbiət, gözəllik aşiqi idi və ona görə də yazdığı bütün şeirləri şirin bir nəğməyə dönərək milyonların qəlbinə süzülürdü. Təsadüfi deyil ki bu gün də vaxti ilə Müşfiqin şeirlərinə bəstələnən mahnılar müğənnilərmiz tərəfindən sevilə-sevilə oxunmaqdadır.
Fərəhsiz, əzab və iztirablarla dolu uşaqlıq illərinin xatirəsi heç vaxt onu tərk etməmişdi, bunlar onun yaddaşında və şe`rlərində uzun illər qalmışdır. M.Müşfiqin gənclik dostu R.Rza şairə həsr etdiyi məqaləsində onun həyatından bir epizod təsvir edir. O yazır ki, 1936-cı ilin şaxtalı bir axşamında Sabir bağının qarşısında üzü yuxarı gedirdik. Əlləri cır-cındır pencəyinin qolunda itmiş bir uşaq soyuqdan titrəyərək gəlib gedənlərin qarşısına qaçıb papiros satırdı. Uşağı bu vəziyyətdə görən Müşfiq dayandı, cibindən kağız pul çıxarıb titrəyən əlləri ilə ona papiros qutusunu uzadan uşağa verdi və sonra yolumuza davam etdik. Gözləri yaşarmış Müşfiq bu hadisədən sarsılaraq dedi: “Belə şaxtalı gecələrdə, qızmar günlərdə nə qədər “ay papiros!” deyə küçələri dolaşmışam… Hətta müştəri cəlb etmək üçün “papiros şe`rləri” də qoşurdum:
“Gəl, ay müsəlman, urus,
Ə`la, xaroşi paprus.”
Ədəbiyyat” qəzetinin 1937-ci il 18 aprel tarixli nömrəsində şairin “Duyğu yarpaqları” adlı bir növ rübai silsiləsini xatırladan bir şeiri dərc olunmuşdur. Coşğun bir ilhamla yazdığı bu lirik rübailərində yaradıcılığı ilə vətənə, xalqa və dövrünə bağlı olanbir şairin qəlb çırpıntılarını, səmimi və ehtiraslı hisslərini duymaq mümkün idi. M.Müşfiq bu şe`rində özü haqqında belə deyirdi:
Mən bir yüksəlişin sevdasındayam,
Siniflər döyüşü dünyasındayam,
İnsanı, zəhməti qiymətləndirən
Yaxşı adamların sırasındayam.
Düşmənləri, ona həsəd aparanlar isə ildən-ilə çoxalırdı, onun üstünə iftiralar, böhtanlar yağdıraraq az qala burğua şairi, yeni sistemə düşmən kimi qələmə verirdlər.
Lakin şair haradan biləydi ki, ölkədə qəsdən qızışdırılan bu sinfi döyüşün minlərlə qurbanlarından biri də özü olacaqdı. Bu hadisə uzun çəkmədi, şe`rin dərc olunduğu həmin qəzetin növbəti nömrəsində M.Müşfiq haqqında artıq “xalq düşməni” kimi iftira və yalan dolu yazılar dərc olunmuşdu.
O, artıq hiis edirdi ki, günlərin birində gedər-gəlməzə göndərəcəklər. Amma hələ yaşamaq, yaratmaq istəyirdi, axı onda ömrünün, gənclik illərinin ən şirin dövrlərini, bahar fəslini yaşamaqda idi. Bu yaşda kim dünyadan, bu şirin həyatdan əl çəkmək istəyərdi ki… Müşfiq yaşamaq həsrətini, yaşamaq yanğısını “Həyat sevgisi” adlı şeirində ürəkləri sızladan bu misralararı ilə belə təsvir etmişdi:
Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?
…
Bir yanda tərlanlar, dumanlı dağlar,
Bir yanda kəkliklər, ayna bulaqlar,
Bir yanda bülbüllər, çiçəkli bağlar,
Mən bu tamaşadan necə əl çəkim?
Xəzan acısına edib təhəmmül,
Gülün kölgəsində ötəndə bülbül,
– Həyat, həyat!- deyə çırpınır könül.
Könüldən, sevdadan necə əl çəkim?
Bu şeir onun dostla tanışla vidalaşması, bu, onun yaşamaq istəyi idi, amma ona bu gözəl dünyada yaşamağı çox gördülər… Üstünə atılan böhtanlar, iftiralar öz işini gördü, Onu həbs edərək Nargin adasına göndərdilər.
1938-ci il yanvarın 8-də qısaca çəkən məhkəmə iclasında M.Müşfiq haqqında ölüm hökmü çıxarıldı və onu gedər-gəlməzə göndərdilər. Taleyin qəribə acı oyunlarına bir bax ki, həyatı boyu min məşəqqət çəkən Müşfiqin məzarının yeri bilinmir, amma onun son məkanı könüllərdə, müşfiqsevənlərin qəlblərindədir
Müşfiq 30-cu illər şeir dünyamızın bir günəşi idi, o qürubda gənc ikən batdı, Günəş batdığı yerdən bir daha doğmur. Onun gedər-gəlməzə göndərildiyi məkan Müşfiq adlı şeir günəşimizin batdığı yerdir, o batdığı yerdən bir daha doğmayacaq. Amma Müşfiq on minlərlə, yüz minlərlə müşfiqsevərin qəlbində yaşamaqda davam edir.
Əziz Mustafa