Martin Borman: müəmmalı qaçış

0
873

Əziz Mustafa

Onun haqqında bu gün də istər Qərbdə, istəsə də Şərqdə danışmaqda və müəmmalı taleyi ilə bağlı saysız-hesabsız araşdırmalar aparmaqda, çoxsaylı yazılar yazmaqdadırlar. Bu da təsadüfi deyil. O, bir vaxtalar dünyaya meydan oxuyan Almaniyanın ən tanınmış simalarından biri, Adolf Hitlerdən sonra ikinci yüksək səviyyəli dövlət xadimi hesab edilirdi. Hitlerdən sonra Almaniyanın sükanının ona tapşırılacağı gözlənilirdi. Amma II Dünya müharibəsində Almaniyanın məğlub olması onun da sirrli bir şəkildə yoxa çıxması və özündən sonra ətrafında minlərlə rəvayət və ehtimalları qoyub getməsi ilə nəticələndi. Bu adam vaxtı ilə Almaniyanın ən məşhur siyasi simalarından biri, Hitlerin şəxsi katibi olan Martin Borman idi.

Martin Borman 1900-cü ildə kiçik poçt xidmətçisi Teodor Bormanın ailəsində anadan olub. O, hələ uşaq ikən atası vəfat edir və anası bank direktoru Albert Vollborna ərə gedir. Bundan bir müddət sonra Borman məktəbi yarımçıq buraxaraq Meklenburqdakı fermalardan birində işləməyə başlayır. 1918-ci ilin yayında ordu sıralarına çağrılır və I Dünya müharibəsində iştirak edir. Ordudan tərxis olunduqdan sonra kənd təsərrüfatı üzrə xüsusi kursda təhsil alır. Kursda təhsil aldığı illərdə Almaniya gənclərini özündə birləşdirən Almaniya Milli Xalq Partiyasına üzv olur. Bir müddət kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olur. Həmin dövrdə o leytenant Q. Rossbaxın rəhbərlik etdiyi Könüllülər korpusunun fəaliyyətində iştirak edir. Bu qurumun fəaliyyəti qadağan edilir, ancaq onun üzvləri bu dəfə Kənd təsərrüfatını öyrənənlər İttifaqı yaradırlar. Qurumun maliyyə işləri isə Bormana tapşırılır. 1923-cü ildə o gələcəkdə Almaniyanın rəhbərlərindən biri olacaq Rudolf Hess ilə birlikdə dostları Albert Şlaqeteri fransızlara satmaqda şübhələndikləri kənd müəllimi Valter Kadovu öldürürlər. Hessə 10 il iş verirlər, ancaq Bormanın bu işdə birbaşa iştirak etməsini sübuta yetirmək olmur və 11 aylıq həbsdən sonra onu azadlığa buraxırlar.

1925-ci ildə o partiya sıralarını tərk edərək Turingiyaya gəlir və burada Adolf Hitleri dəstəkləyən “Frontbann” yerli qurumuna daxil olur. Bir il sonra o Türingiya qauleyterinin köməkçisi təyin edilir və eyni zamanda “Nasiyonal sosialist” qəzeti redaktorunun yardımçısi işləməyə başlayır. 1927-ci ildə Almaniya Sosial Demokrat Partiyasına daxil olur. 1928-ci ildə isə Almaniya Ali komandanlığının baş qərargahında xidmət edir. 1929-cu ildə üzvü olduğu partiyanın istintaq-arbitraj komitəsi sədrinin qızı Herta Bux ilə ailə həyatı qurur. Nikah mərasimində şahid qismində şəxsən Adolf Hitler və Rudolf Hess iştirak edirlər. Bormana nasist partiyasının maliyyə işlərinə rəhbərlik etməyi tapşırırlar. Bu vəzifədə o Almaniyanın məşhur maqnatlarını öz tərəfinə çəkə və onları Hitlerə maliyyə yardımları göstərməyə razı sala bilir. Maliyyə maqnatlarının Hitlerə yardım göstərməsi isə sonuncunun hakimiyyətə gəlməsi prosesini sürətləndirir. Hitler hakimiyyətə gəldikdən sonra o fürerin I müavini Rudolf Hessin sağ əlinə çevrilir və partiya qərargahına rəhbərlik etməyə başlayır. Borman eyni zamanda parlamentin (reyxstaq) deputatı seçilir. 1934-1936-cı illərdə partiyanın daxilində aparılan təmizləmə əməliyyatlarında şəxsən iştirak edir. 1936-cı ildən başlayaraq Borman sanki Hitlerin kölgəsinə çevrilir və o hara getsə onun yanında olur. 1938-ci ildə isə o fürerin şəxsi göstərişi ilə partiyanın kadr siyasətinə rəhbərlik edir.

Borman əsl aparat rəhbəri idi və Hitlerə hər hansı bir olay haqqında olduqca dəqiq və aydın məlumat verirdi. Bu məlumatlar o qədər inandırıcı olurdu ki, Hitler düşünmədən Bormanın arzuladığı qərarı qəbul edirdi. Çox az hallarda Hitlerin Bormanla fikirləri üst-üstə düşmürdü və belə hallarda sonuncu öz şefi ilə mübahisəyə girmədən onun qəbul etdiyi qərarları dəqiqliklə yerinə yetirirdi. Bir sözlə Borman qısa müddətdə Hitlerdən sonra Almaniyanın ikinci adamına çevrilə bilmişdi. Hessin İngiltərəyə gözlənilməz uçuşundan və orada həbs edilməsindən sonra tədircən onun vəzifələri də Bormanın əlinə keçdi. 1942-ci ildə Hitlerin şəxsi köməkçisi təyin edildi və ondan sonra rəsmi şəkildə Almaniyanın ikinci adamına çevrildi. SSRİ ilə müharibə dövründə Borman Alfred Rozenberqin bəzi xalqlara muxtariyyət verilməsi planına və əsirlərdən Rusiya azadlıq ordusunun yaradılması planına qarşı çıxdı. Bununla belə o, Rusiyanın almanlaşdırılması ideyasını ortaya atdı. Bu plana əsasən Almaniya müharibədə qalib gələcəyi təqdirdə rusların bir hissəsi məhv ediləcək, digər hissəsi isə Sibirə köçürüləcəkdi. Onların boş qalan yerlərinə isə almanlar yerləşdiriləcəkdi. Bu plan əslində rusların vaxtı ilə tatarlara, noqaylara və Qızıl Ordaya münasibətdə həyata keçirdikləri etnik təmizləmə ssenarisinin onların özlərinə qarşı tətbiqi anlamına gəlirdi. 1943-cü ildə artıq müharibədə qalib gəlməyə ümidini itirməyə başlayan Hitler ölkəni xilas etmək məqsədi ilə öz yanında “Üçlər komitəsi”ni yaratdı. Bu komitəyə Borman, İmperiya dəftərxanasının rəhbəri Henrix Lammers və Almaniya Silahlı Qüvvələrinin komandanı Vilhelm Keytel daxil oldular. “Üçlər komitəsi”ndə əslində hakimiyyət əvvəlki kimi Bormanın əlində idi. O komitə adından Hitlerə mühüm məlumatları çatdırırdı.

1944-cü ildə Almaniyanın müharibədə məğlub olacağı artıq sadə almanların özlərinə belə məlum idi. Belə bir vəziyyətdə Borman 1944-cü il avqustun 10-da Alman maqnatlarını Strasbuqdakı “Mezon ruj” mehmanxanasına müşavirəyə topladı. Müşavirədə almanların maliyyə vəsaitlərinin xaricə çıxarılması və gələcəkdə bu vəsaitdən yenidən ölkənin dirçəldilməsi üçün istifadə edilməsi qərara alındı.

Son günlər

1945-ci ilin əvvəllərində Almaniyanı idarə edənlər müharibədə məğlub olmaqdan yaxa qurtara bilməyəcəklərini anlayaraq öz canlarını necə xilas etmək barədə düşünməyə başladılar. O vaxt nasist rəhbərlərinin ölkəni necə tərk etməsi və haraya getməsi barədə xüsusi plan hazırlandığı barədə müxtəlif ehtimallar mövcuddur. Buna baxmayaraq faşist Almaniyasının yüksək səviyyəli rəsmiləri, o cümlədən Borman Berlini tərk etməmişdilər. Bəlkə də onlar son ana kimi məğlubiyyətdən yaxa qurtara biləcəklərinə ümid ediridlər… Həmin dövrdə həmişəki kimi Borman Hitlerin yanından ayrılmırdı. 1945-ci il aprelin sonlarında ölümündən bir az əvvəl Hitler Bormanı reyxsministr elan etdi. Hitlerin intihar etməsindən sonra 1945-ci il may ayının 1-də Borman yeni reyxskansler Yosef Göbbels, quru qoşunları komandanı Hans Krebsla birlikdə yeni reyxsprezident Karl Denitsin adından sovet komandanlığı ilə danışıqlar aparmağa cəhd etdilər. Ancaq bu danışıqlar uğursuzluğa dükar oldu. Bunu görən Göbbels özünü öldürdü. Onun ölümündən sonra Borman Vilhelm Monkenin komandanlıq etdiyi xüsusi təyinatlı qrupun rəhbərliyi altında mühasirədən çıxaraq qaçmaq qərarına gəlir. May ayının 1-dən 2-nə keçən gecə Borman gizləndiyi bunkeri tərk edərək qərb istiqamətinə yola düşür. Ancaq sonralar şahidlərin dediklərinə görə o mərmi qəlpəsindən həlak olur.

Ancaq onun meyitini tapmaq mümkün olmur. Ona görə də Bormanın qaçaraq gizləndiyi ehtimal edilir. Bu iddia ilə də Borman 1945-ci il nasist cinayətkar kimi qiyabi şəkildə Nürnberq hərbi məhkəməsinə cəlb edilir.

Bormanla bağlı üç ehtimal

Bormanın müəmmalı şəkildə yoxa çıxması ilə bağlı SSRİ, ABŞ və Böyük Britaniya kəşfiyyat İdarələri tərəfindən nisbətən ağlabatan hesab edilən üç ehtimal irəli sürülmüşdü. Birinci ehtimala görə Borman Almaniyanın qızıl ehtiyatını yığaraq sualtı qayıq vasitəsi ilə Cənubi Amerikaya qaçıb. Paraqvayla Braziliya sərhəddində yerləşən villada gizlənən Bormanın məqsədi Avropadan uzaqda 4-cü reyxi bərpa etmək olub. Əsasən ingilis və amerikan kəşfiyyatı tərəfindən irəli sürülən ikinci ehtimala görə isə 1939-cu ildə SSRİ kəşfiyyatı Bormanı casus kimi öz tərəfinə cəlb edə bilib. İngilis və amerikan kəşfiyyatı bu ehtimalın doğru ola bilməsini müharibə dövründə SSRİ-nin almanların ən gizli planlarından belə vaxtında xəbər tutması və buna qarşı cavab tədbirləri həyata keçirməsi ilə sübut etməyə cəhd edirlər. Guya Borman özü deyil, onun hansısa köməkçisi gizli məlumatları dərhal müxtəlif yollarla SSRİ kəşfiyyatına çatdırıb. Hitlerin ölməsinə əmin olduqdan sonra isə Borman sovet əsgərlərinə təslim olaraq özünü onlara tanıdıb. Çox qəribədir ki, SSRİ kəşfiyyatı və dövlət rəsmiləri isə bu ehtimalı nə təkzib, nə də təsdiq etməyib. Üçüncü ehtimala görə isə, Denitsin yanına getmək istəyən Borman bunkerdən çıxanda sovet əsgərləri ilə rastlaşıb və vəziyyətin çıxılmaz olduğunu görərək üstündə gəzdirdiyi zəhərli kapsulu udaraq dünyasını dəyişib. Amma bu məsələnin daha bür müəmmal tərəfi də var. Belə ki, müharibə dövründə Böyük Britaniya kəşfiyyatı Bormanın əkizini hazırlamışdı. Əkizin hətta ağzındakı qızıl dişi, bədənindəki bir neçə diqqəti cəlb etməyən xalı belə Bormanınkı kimi idi və onları bir birindən demək olar fərqləndirmək mümkün deyildi.

BIR CAVAB BURAXIN