Mahatma Qandi: Silaha əl atmadan Hindistanı müstəqilliyə qovuşduran lider/Əziz Mustafa

0
711

O sanki həyata azadlıq mübarizəsi aparmaq üçün gəlmişdi və bu yolda hər an ölümə getməyə hazır idi. Dünyanın az qala yarısını işğal edərək, ölkələri zəli kimi soran, talayan və milyonların göz yaşları üzərində Böyük Britaniya adlı şər və şeytan imperatorluğu quran ingilislərə qarşı açıq savaşa girən yalnız o, Mahatma Qandi ola bilərdi və oldu da… Ona görə də adı tarixə 20-ci əsr milli-azadlıq mübarizəsi qəhrəmanlarından biri kimi düşdü.

İngilislərin Hindistanı öz koloniyalarına çevirməsi harada isə 18-ci yüzilliyin əvvəllərində başladı və 19-cu əsrdə adı çəkilən ölkə tamamilə onlar tərəfindən işğal edildi. İngilislər Hindistanın var-yoxunu çapıb talamağa və onun təbii sərvətlərini qarət edərək ölkələrinə daşımağa başladılar. İngilislər özləri ilə Hindistana aclıq, səfalət, ölüm gətirdilər və onların ağalığına qarşı çıxan ən kiçik hərəkatı belə amansızcasına yatırırdılar. Xalqın daxilində əsrlər boyu ingilislərə qarşı yığılan nifrət və kin isə 20-ci əsrin əvvəllərindən başlayaraq sel kimi kükrəyərək üzə çıxdı. Amma xalqı ingilislərə qarşı sona kimi mübarizəyə apara biləcək mətin iradəli, alovlu bir mübarizə ehtiyac var idi.

Belə bir lider isə hindlilər tərəfindən sonralar “Mahatma” (”Böyük ruh”) adı ilə çağırılan Qandi oldu. O 1869-cu ildə Porbandarda Vaşiya kastasından olan tacir ailəsində anadan oldu. Əsl adı Mohondas Karamcand Qandi olan gələcəyin azadlıq mücahidini atası 12 yaşında olanda evləndirdi. Amma o buna baxmayaraq özündə mənsub olduğu kastanın sərt qanun-qaydalarına qarşı çıxmağa iradə tapa bildi. Uşaq ikən mükəmməl təhsil aldı və 1888-ci ildə İngiltərəyə gedərək orada hüquq fakültəsinə daxil oldu. 1891-ci ildə ali təhsilini başa vurdu. Bundan sonra Cənubi Afrikadakı bir hindli firmasında çalışmağa başladı. Cənubi Afrikada o, ingilislərin zəncilərə və Hindistandan gətirilərək ən ağır işlərdə işlədilən hindlilərə qarşı həyata keçirdiyi irqi ayrı-seçkiliyin və qeyri-insani rəftarın şahidi oldu. Bu da onda ingilis ağalığına qarşı nifrət formalaşdırdı. O, bütün bunlara son qoymaq məqsədi ilə ömrünü mənsub olduğu millətin azadlıq mübarizəsinə həsr etməyi qərara aldı. İlk dəfə ingilislərin hindlilərə qarşı həyata keçirdiyi irqi ayrı-seçkiliklə bağlı səsini 1894-cü ildə qaldırdı. Belə ki, 1894-cü ildə ölkəni idarə edən ingilislər mövcud qanunları dəyişdirmək və ona adlı-sanlı hindli ailələrin səsvermədə iştirak etmə hüququnu əlindən alan düzəliş etmək istəyirdilər. Amma Qandi açıq şəkildə bunun əleyhinə çıxdı və belə bir düzəlişin ölkəsinin təhqir edilməsi demək olduğunu bildirdi. Amma o meydanda tək idi və səsinə səs verən, onu dəstəkləyən olmadı. Bundan istifadə edən ingilislər isə həmin düzəlişin qüvvəyə minməsinə nail oldular. İngilislərə qarşı ilk dəfə açıq şəkildə etiraz etməsi və onlardan millətinin haqqını tələb etməsi isə Qandiyə ilk şöhrət gətirdi. Bir müddət yenə də Cənubi Afrikada işləyən Qandi orada açıq şəkildə qaradərili insanların müdafiəsinə qalxdı və yeri gəldikcə onları dəstəkləməyə başladı. Onu qaradərililəri müdafiə etmək üstündə təhqir etməyə başladılar. Hətta Cənubi Afrikada əsas söz sahibi olan ingilislər və hollandiyalılar Qandini həbs etdirməkdən belə çəkinmədilər. Amma xalqın tələbi ilə onu azadlığa buraxdılar. Bu mübarizə 7 il davam etdi. 1914-cü ildə ingilislər Cənubi Afrikada əhalinin etiraz aksiyalarını qan içində boğdular. Bundan sonra Qandi geri çəkilməyə və bir müddət ağır vəziyyəti ilə barışmağa məcbur oldu. Vəziyyəti belə görən Qandi 1915-ci ildə Hindistana geri döndü və burada azadlıq mübarizəsini davam etdirdi. O, vətənə qayıdanda artıq böyük bir siyasi təcrübə toplamış və imperilaizmə, milli, irqi və etnik ayrı-seçkiliyə qarşı mübarizə yollarını tam şəkildə mənimsəmişdi. Vətənə qayıdandan sonra hindlilərin azadlıq mübarizəsinə rəhbərlik etməyə başlayan Qandi siyasi mübarizəsində üç şərti önə çıxardı: Birincisi, düşmənlə heç vaxt işbirliyinə getməməli, ikincisi, azadlıq mübarizəsində ingilislər kimi hərəkət etməməli və onların qanlarını axıtmamalı, onlara zülm etməməli, üçüncüsü, onlara insan kimi yardım əli uzadılmalı. Qandi ingilislərlə insan kimi davranmasının və onların zülmünə eyni dərəcədə cavab verməməsinin səbəbini soruşanlara belə cavab vermişdi: “Əgər biz ingilislər bizimlə rəftar etdikləri kimi onlarla rəftar etsək, onları öldürsək və onların bizimlə davrandıqları kimi heyvani üsullara əl atsaq, onda bizim ingilislərlə fərqimiz nə olacaq ki?..” Ona görə də Qandi azadlıq mübarizəsinin ilk günlərində ingilislərə qarşı silahlı mübarizənin əleyhinə çıxdı və dinc mübarizə üsullarına üstünlük verdi. Qandinin milli-azadlıq mübarizəsində belə bir yol seçməsi ingilisləri belə şoka salmışdı. Cənubi Afrikada milli-azadlıq mübarizəsini qan içində boğan və sonralar Hindistanda çalışan general Smuts belə demişdi: “Mən hindliləri sevmirəm, amma onların milli-azadlıq mübarizəsini silah tətbiq etməklə yatırmaqda gücsüzəm. Çünki hindlilər dinc mübarizə yolunu seçiblər və hətta bəzi məqamlarda bizə yardım belə göstərirlər. Mən də ona görə nə edəcəyimi bilmirəm. Çünki bu insanlar bizə qarşı silahlı mübarizəyə başlasaydılar, onda onları məhv etmək mənim üçün heç də çətin olmayacaqdı. Amma  belə bir vəziyyətdə onlara qarşı silaha əl atmaqda acizəm”.

Qandi Hindistanı ayağa qaldırır

Qandinin Hindistana qayıtmasından sonra on minlərlə adam onun ətrafında birləşməyə və ingilislərin ölkədəki ağalığına qarşı çevrilən etiraz nümayişlərində iştirak etməyə başladılar. İngilislər Qandinin tərərfdarları arasına yerli əhalidən ələ aldıqları casusları yeritdilər və onlar dinc etiraz aksiyalarını silahlı mübarizəyə çevirməyə cəhd etdilər. Bunu görən Qandi tərəfdarlarına ingilislərə qarşı zorakılığı və silaha əl atmağı qadağan etdi. Çünkü o yaxşı bilirdi ki, silaha əl atılacağı halda ingilislər “of” belə demədən on minlərlə insanı qətlə yetirəcəkdilər. O öz tərəfdarlarına ingilislərlə işbirliyinə getməməyə, onların müəssisələrində işləməməyə, vergilər ödəməməyə, uşaqlarını ingilis dilli məktəblərdə oxutmamağa, ingilislərin istehsal etdikləri mallardan istifadə etməməyə çağırdı. Hətta hindlilər buna qarşı çıxanları həbs etdirən ingilislərə qəribə bir metodla cavab almışdılar. Onlar kütləvi şəkildə həbsxanaların qarşısına gedərək həbs edilən yoldaşları ilə birlikdə həbsxana həyatı yaşamağa hazır olduqlarını nümayiş etdirirdilər. Bu da ingilisləri şoka salmışdı. Çünki bu qədər insanı həbs etmək və onları həbsxanalara yerləşdirmək mümkün deyildi. Ona görə də ingilislər bu işin səbəbkarını, Qandini həbs etdilər. Amma həbsxanada aclıq aksiyasına baş vuran Qandi o qədər zəiflədi ki, artıq canlı bir ölüyə bənzəyirdi. Bundan əlavə o həbsxanada vərəmin ağır formasına tutulmuşdu. Onun tezlikllə öləcəyini zənn edən ingilislər Qandini azadlığa buraxdılar. Amma o xəstəliyə qalib gələ bildi. Qandi həbsdən çıxanda Milli Konqres iki yerə, hindlilər və müsəlmanlar cəbhəsinə bölünmüşdü. Bu dəfə o, ətrafına başda Nehru olmaqla gəncləri topladı və onlarla dinc azadlıq mübarizəsini davam etdirdi. O, bu mübarizəsində aclıqla etiraz aksiyasına üstünlük verir və günlərlə heç nə yemirdi. Ona görə də, hindlilər onu məhəbbətlə “Mahatma”, yəni “Böyük ruh” adı ilə çağırmağa başladılar və o bu adla da həm ölkə daxilində, həm də beynəlxalq aləmdə tanındı. 1931-ci ildə ingilislər hindlilərə müəyyən şərtlər daxilində müstəqillik verəcəklərinə Qandini inandıra bildilər. Bundan sonra o, dinc etiraz aksiyalarını dayandırdı. Həmin ildə ingilislər Qandini Londona dəvət etdilər və o burada bölgənin problemlərinə həsr olunan Dəyirmi Masada iştirak etdi. Amma geriyə Hindistana dönəndə ingilislər tərəfindən aldadıldığını anlayaraq yenidən mübarizəsini bərpa etdi. Buna görə də, onu və Nehrunu həbs etdilər. Amma onun apardığı azadlıq mübarizəsi öz bəhrəsini verdi. 1935-ci ildə ingilislər Hindistana müəyyən çərçivə daxilində özünü idarəetmə hüququ verdilər.

Bu, Hindistanda azadlıq mübarizəsinə yeni bir təkan verdi. Amma belə bir idarəetmə sistemi hindlilərlə müsəlmanlar arasında parçalanmanı daha da dərinləşdirdi. Onların hər biri ayrı-ayrılıqda ingilislərə qarşı milli-azadlıq mübarizəsini davam etdirdilər. İkinci Dünya müharibəsi başlayanda İngiltərə Hindistanın onlarla birlikdə Almaniyaya qarşı müharibədə iştirak etdiyini bəyan etdi. Buna cavab olaraq Qandi və tərəfdarları hökumətdən istefa verdilər. 1945-ci ildə İngiltərə hökuməti Hindistana müstəqillik verilməsi ilə bağlı müzakirələrə başladı. İki il davam edən müzakirələrdən sonra İngiltərə “Mauntbetten” planını ortaya qoydu. Bu plan bölgədə iki müstəqil dövlətin – Hindistan və Pakistanın yaradılmasını nəzərdə tuturdu. Bu plana əsasən 1947-ci il avqust ayının 15-də Hindistan və Pakistan öz müstəqilliklərini elan etdilər. Amma müstəqillik elan edilməsi asan başa gəlmədi. İngilislərin hindlilər və müsəlmanlar arasına səpdıyi nifaq toxumu hər iki tərəfdən on minlərlə müsəlmanın və hindlinin qətlə yetirilməsi ilə müşayiət olundu. Bu da Hindistanın iki yerə bölünməsini qəbul edə bilməyən Qandiyə ağır psixoloji təsir göstərmişdi. Bununla belə o, Pakistanın müstəqlliyini tanıdı və bu problemin aradan qaldırılmasında zorakı vasitələrə və hərbi gücə əl atılmasına qarşı çıxdı. Bunu həzm edə bilməyən millətçi radikal hindli Narhuram Qodse 1948-ci il yanvar ayının 30-da Qandini öldürdü. Amma Qandinin apardığı mili-azadlıq mübarizəsi zülm altında inləyən digər xalqlar üçün qəhrəmanlıq nümunəsi oldu və bu, dünyada müstəmləkə zülmünə qarşı Afrika və Asiya xalqlarını ayağa qaldırdı. Beləliklə, Qandi müstəmləkə zülmünə qarşı mübarizə aparan məşhur siyasi xadim kimi dünya tarixinə adını əbədi olaraq yazdırdı.

BIR CAVAB BURAXIN