Bildiyimiz kimi, 26 iyun Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir. Xalqımız bu günü Silahlı Qüvvələr günü kimi qeyd edir. Məhz bu tarixdə Azərbaycan Milli Ordusunun əsası qoyulub.
Ordumuzun yaranmasında fəal iştirak edən generellardan biri də Əliağa Şıxlinski idi. Onun xalqımız üçün ən böyük xidmətlərindən biri 1917-ci ilin noyabrında olub. Həmin ayın 15-də Qafqaza qayıdan Şıxlinski ilk dəfə Tiflisdə azərbaycanlılardan ibarət milli korpus yaradıb. Bununla da o, Milli Azərbaycan Ordusunun təməl daşını qoyub.
Tədqiqatçı-jurnalist Şəmistan Nəzirli Modern.az saytı ilə söhbətində Əliağa Şıxlinski haqqında maraqlı məqamlardan bəhs edib:
“1918-1920-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin təşkilində Əliağa Şıxlinskinin müstəsna rolu olub. Doğma xalqın nizami ordusunu yaratmaq istəyən general uzun illik hərbi təcrübəsindən gecə-gündüz istifadə edirdi.
Milli Azərbaycan korpusunun komandiri general Əliağa Şıxlinski 1918-ci il dekabrın 13-də Gəncədən göndərdiyi “Məlumat”ında yeni Azərbaycan Ordusunun layihəsini hazırlamışdı. General yazırdı: “Azərbaycanın müstəqil respublika elan edilməsi mənə may ayının 27-də qəzetlərdən aydın oldu. Mən mayın 28-də yeni dövlətin hərb nazirliyinin layihəsini artıq hazırlamışdım, layihənin arxasında izahedici qeyd olan müfəssəl sxem əlavə edilmişdir”.
General Əliağa Şıxlinski və silahdaşları 16 vəziyyətlə əlaqədar layihədə təklif edib ki, vaxtilə türk zabitlərinin köməyi ilə yaradılmış hərbi korpus ləğv olunsun. Müharibə şəraitində bu azlıq təşkil edir. Əvəzində diviziyalar təşkil edilsin. Onlar da hərb nazirinə və onun köməkçisinə tabe olunsun.
May ayında ilk müstəqil Azərbaycan hökuməti yarananda hərb naziri doktor Xosrov bəy Sultanov təyin edilmişdi. O da mülki şəxs idi. Xosrov bəy türk zabitlərinin köməyi ilə ordunun təşkilində bəzi təxirəsalınmaz işlər görsə də, bu, ölkədəki ağır vəziyyəti yüngülləşdirmədi. Azərbaycanın həm daxilindəki, həm də qonşuluğundakı amansız düşmənə qarşı güclü ordu yaratmaq vacib idi. Təhlükə o qədər artmışdı ki, ölkənin qərb rayonlarında hərbi vəziyyət elan olundu.
Nəhayət, hökumətin əmrilə 1918-ci il dekabrın 25-də tam artilleriya generalı Səməd bəy Mehmandarov hərb naziri oldu və həmin gün yanıqlı bəyanatla xalqa müraciət etdi. Dekabrın 29-da isə general-leytenant Əliağa Şıxlinski hərb nazirinin müavini təyin edildi”.
Tədqiqatçının sözlərinə görə, Əliağa Şıxlinski Cümhuriyyət dövründə Səməd bəyin müavini olmaqla bərabər, həm də onun sağ əli idi:
“Səməd bəy Əliağa Şıxlinskinin işıqlı zəkasını, hərbçilik istedadını və nəhayət, insani keyfiyyətlərini yüksək qiymətləndirirdi. Səməd bəy Əliağa Şıxlinskinin bilik və təcrübəsindən özü bəhrələndiyi kimi, ordu quruculuğunda da ondan geniş istifadə edirdi. Ordu quruculuğu prosesinin elmi-praktik biliklər tələb edən məsələlərinin həlli əsasən Əliağa Şıxlinskiyə həvalə edilirdi və həmin məsələlərin keyfiyyətlə həll ediləcəyinə də Səməd bəydə heç vaxt şübhə olmazdı. Səməd bəy insani qısqanclıqdan həmişə uzaq olmuşdu və vaxtilə rastlaşdığı bir çox hərbiçilərdən fərqli olaraq o, Əliağa Şıxlinski kimi bir hərbiçi ilə birgə xidmət etməyi nəinki karyerasına təhlükə saymamış, əksinə, onun nazir müavini olmasını təkidlə Cümhuriyyət hökuməti qarşısında qaldırmışdı. Səməd bəy bilirdi ki, Əliağa Şıxlinski bütünlükdə Nazirliyin yükünü öz üzərinə götürməyə qadir olan bir şəxsdir və onun xidmət başında olması xalqına yalnız fayda verə bilər. Nazirlikdə olmadığı vaxtlarda da Səməd bəy nazir vəzifəsinin icrasını Əliağa Şıxlinskiyə həvalə edərdi”.
Şəmistan Nəzərli qeyd edib ki, Əliağa Şıxlinski məzarı olan yeganə generalımızdır. Tədqiqatçının sözlərinə görə, Şıxlinskinin övladı olmayıb:
“Şıxlinskinin həyat yoldaşı Nigar xanım 1931-ci ildə dünyasını dəyişdi. Övladı da olmadığı üçün o vaxtdan etibarən tək yaşadı. 1943-cü il avqustun 18-də indiki Musa Nağıyev adına xəstəxanada kardiosklerozdan vəfat edən general Əliağa Şıxlinskinin dəfn mərasimini filosof-alim Heydər Hüseynovun özü təşkil etdi. Dəfn mərasimini Bakı Hərbi Qarnizonundan çağırılmış alay orkestrlə müşayiət etdi. Qəbri üstündə topdan və avtomatlardan yaylım atəşi atıldı. “Artilleriyanın allahı”nı görkəmli sərkərdələrə məxsus hərbi qaydada torpağa tapşırdılar. Heydər Hüseynovun özü, generalın yetirmələri və qohumları son vida nitqi söylədilər”.
Günay RƏSULQIZI