Mətləbin yanında “parkovka”

0
348

Yəqin ki, Sabirin “Çatlayır, Xanbacı, qəmdən ürəyim” şeirindən xəbəriniz var. Bəli, bu əsərdə bir qadın, özünün dediyi kimi, sərvi-xüram evinin hər tərəfini (taxçanı, boğçanı, rəfi, şkafı, kasanı, nimçəni, boşqabı, dəhlizi, eyvanı) tutmuş kitablardan o ki var gileylənir. Buna görə hətta o öz ərini quru yuyub, yaş sərir, ünvanına elə hədyanlar yağdırır ki… Yox, mən həmin qadın kimi kitablardan şikayətlənmək istəmirəm. Alayı şeydən – minik avtomobillərindən şikayətlənəcəyəm. Yəqin deyəcəksiniz, balam, maşından şikayətlənirsən, bəs kitabdan niyə danışırsan? Belə düşünməyə haqqınız var… Nə isə, bu kiçik girişdən sonra “maşınımı sürüb” gəlirəm düz mətləb üstünə. Elə bu mətləbin yanında da “parkovka” edib, yazımı davam etdirirəm.

Bəli, son illər Bakıda minik avtomobillərinin sayı çox artıb (Hətta adam tanıyıram ki, səhər bir maşınla hara isə gedir, axşam başqa rəngli maşını ilə evinə qayıdır. Allah var eləsin, olmayanlara da qismət olsun). Sözün düzü, mən bu çoxluqdan şikayətlənmək fikrində deyiləm. Məsələ budur ki, indi bu maşınlar, həmin qadının sözü olmasın, hər yeri – küçəni, səkini, uşaqların əyləncə məkanlarını işğal edib. Elə bu kimi səbəblərdən indi paytaxtda, necə deyərlər, maşın əlindən tərpənmək olmur, tərpənəndə də gərək elə ehtiyatla tərpənəsən ki, bir zərər görməyəsən. Ani ehtiyatsızlıq səni sıradan çıxara bilər. Deyəsən, mən hələ də “Çatlayır, Xanbacı, qəmdən ürəyim”in təsiri altındayam axı? Bu belə… Bütün bunlar azmış kimi, bu minik avtomobillərinin sahibləri bu və ya digər iş dalınca gedəndə öz maşınlarını harada gəldi, əgər belə demək mümkünsə, “parkovka” edirlər. Elə bu kimi səbəblərdən də tıxacların yaranmasına rəvac verirlər. Vallah, bir tərəfdən onları da qınamıram e… Çünki indi paytaxtda boş bir “toçka” tapmaq, sözün həqiqi mənasında, qəhrəmanlıqdır. Qəhrəman da ki ya bir olar, ya iki… Bu da belə…

Bəli, indi iş o yerə çatıb ki, taksilər – minik avtomobilləri avtobus dayanacaqlarını da zəbt etməkdədirlər. Özü də belə vəziyyət getdikcə əndazədən çıxır. İndi iş o yerə çatıb ki, onların əlindən dayanacaqlarda avtobus gözləmək belə mümkün deyil. Elə bu səbəbdən avtobus sürücüləri onları dayanacaqlardan bir qədər uzaqlaşdırmaq məqsədi ilə uzun-uzadı siqnal verirlər ki, bu da sərnişinləri, az qala, kar edir. Lakin həmin minik avtomobilləri dayanacaqdan tərpənmək bilmirlər ki bilmirlər. Üstəlik, deyinirlər. Elə bu səbəbdən avtobuslar ya dayanacağa çatmamış, ya da dayanacaqdan irəlidə saxlamaq məcburiyyətində olurlar. Yaxud da yolun hərəkət hissəsində, ikinci cərgədə dayanmalı olurlar ki, bu da digər problemlər yaradır. Bir sözlə, belə qanunsuz parklamadan həm piyadalar əziyyət çəkirlər, həm də avtobus sürücüləri. Bütün bunları da qoyaq bir kənara; son günlər Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən ağızdolusu danışılır. Elə isə niyə bəs həmin maşınlar Mərkəzin kameraları tərəfindən qeyd olunmur? İnandırım sizi, qeyd olunsa, bir daha minik avtomobilləri həmin dayanacaqlarda peyda olmazlar.

Sizi bilmirəm, mənim fikrimcə, bunun bir yolu da var ki, o da maarifləndirmədən – kitab oxumaqdan ibarətdir. Məhz onda həmin minik avtomobillərinin sürücüləri şüurlu surətdə “bu qaydanı pozmaq olmaz!” prinsipi ilə hərəkət etməli olacaqlar. Hə, yenə məsələ gəlib çıxdı kitab üstünə. Sabirin “qəhrəmanı” da kitablara qarşı aqressivlik nümayiş etdirməklə hamını kitabdan edib. İndi əksər ailələrdə nə kişi kitab xoşlayır, nə də arvad. Amma hər kəsdə avtomobil sevgisi var. Sözün düzü, heç bu məsələdən söz açmaq istəmirdim. Məni maraqlandıran alayı bir nəsnədir. Görəsən, Sabir bu mənzərəni görsəydi, “Çatlayır, Xanbacı, qəmdən ürəyim” şeirinin yeni variantını necə qələmə alardı? Hə, lap yadımdan çıxacaqdı: mətləbin yanında “parkovka” etdiyimə görə sizdən üzr istəyirəm.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

twelve − one =