Məşhurların xəstəliyi – qan təzyiqi, şəkərli diabet…  

0
602
Xəstəlik gələndə kimin kim olduğuna baxmır… İstər adi adam olsun, istər tanınmış, sağlamlığının qeydinə qalmadınsa, vay halına…
Tanınmışlar demişkən, Azərbaycandakı üzdə olan sənət adamları – yazarlar, müğənnilər, aktyorlar arasında da müxtəlif xəstəliklərdən əziyyət çəkənlər az deyil…
Bəli, onlar digər məqamları ilə yanaşı, həm də xəstəlikləri ilə də ictimaiyyətin diqqət mərkəzinə düşürlər… Axı tanınmış simalardır…

Xalq artisti Flora Kərimova – Sənətçidə arterial təzyiq dəyişkənliyi müşahidə olunur. Eyni zamanda görməsində bəzi problemlər var, gözləri əməliyyat olunub. Flora xanımı narahat edən digər məqam qanındakı xolesterinin yüksək səviyyədə olmasıdır. Sağlamlığının qeydinə qalan xalq artisti daim nəzarəti əldən vermir, yeyib-içdiklərinə fikir verir.

Künoşünas Ayaz Salayev – Deyir ki, sağlamlığıyla bağlı yeganə problemi maddələr mübadiləsinin pozulmasıdır – nə yeyirsə, kökəlir.
“Ona görə də bir çox qidalardan mümkün qədər imtina etməyə çalışıram. Amma tam pəhriz saxlamaq mümkün olmur…
Vaxtilə siqareti çox çəkirdim, 28 il çəkəndən sonra onu da artıq tərgitmişəm. Amma təəssüf ki, siqareti tərgitdikdən sonra bir az da kökəldim”.

Xalq yazıçısı Çingiz Abdullayev – “Ayaqlarımda ağrılar var. Mən həm çox otururam, həm də çox gəzirəm. Bəlkə də səbəb budur. Ancaq irsi problem də ola bilər. Mənim atamda, babamda da ayaq ağrıları olub. Bütün hallarda düşünürəm ki, fasiləsiz işləmək doğru deyil”.

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Əjdər Həmidov – 10 il bundan əvvəl ağır xəstəlik keçirib: “Bezmişdim, insan nə qədər xəstə yatağında olar, yaşamaq istəmirdim. İnsult keçirmişdim, bir yandan əsəb sistemim pozulmuşdu. Bir tərəfim yox idi. İntihar etmək istədim, fikirimdən daşındım”.
Bir müddət bundan əvvəl əməkdar artistin səhhətində yenə problemlər yaranmışdı. Ağır vəziyyətdə xəstəxanaya aparılan aktyora həkimlər səhnəyə çıxmaq üçün qadağa qoymuşdular. O, 1 saylı şəhər xəstəxanasının nevrologiya şöbəsində müalicə olunub.
“Ora gedəndə təzyiqim 260-a çatmışdı, insult olmaq həddində idim. Məni müalicə etdilər. Həm də tapşırıblar ki, özümü qoruyum. Amma teatrsız qala bilmirəm”. Ə.Həmidovun səhhəti indi yaxşılaşıb.

Xalq artisti, xanəndə Könül Xasıyeva – O, 2 ildir, səhhətindəki problemlərlə mübarizə aparır: “Özümü çox pis hiss edirəm. Onurğa sütunumda problem var. Bundan başqa şəkərim var. Öz ağrı-acılarımın mətbuata çıxmasını istəməzdim. Bu, mənim problemimdir. İstəməzdim ki, məni belə görsünlər. İndi ağrılarım çoxdur, Vallah çox danışa bilmirəm. Hər gün ağrıkəsici vurulur. Ümidim bir tək Allaha qalıb. O, mənə kömək olsun”.

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafael Dadaşov – Son vaxtlar tez-tez xəstəxanaya düşür. Hazırda ev şəraitində müalicə olunan aktyorun böyrəklərində ağrılar var. Xalq artisti bu il mayın 8-də Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilmişdi. O, şəkər və yüksək təzyiqdən də əziyyət çəkir: “Məni əsas incidən təzyiqdir. Şəkər də bəzən əziyyət verir. Görünür, yaş da özünü göstərir”.

Xalq artisti, gülüş ustası Arif Quliyev – Son illər aktyor bir neçə dəfə ağır vəziyyətə düşüb, həkim müdaxiləsinə ehtiyac duyub. O, beyindaxili sinirlərinin tutulmasından əziyyət çəkir: “İranda yüngül əməliyyat da keçirmişəm. Bir də yerişimdə problem var. Sağ ayağım bir balaca axsayır. Bu, onurğa ilə əlaqədardır. Yavaş-yavaş bu xəstəlik də inkişaf edir. Bir neçə ildir bu xəstəliklə də vuruşuram”.
Aktyor səhhətində yaranmış problemlər üzündən İranda və Türkiyədə müalicə alıb: “Əvvəlcə 12 gün İranda, daha sonra isə 20 gün Türkiyədə özəl xəstəxanada müalicə aldım”.

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru, bir çox xarici filmlərin dublyajında əsas səsləndiricilərdən olan Pərviz Bağırov da son vaxtlar səhhəti pisləşən sənətçilərdəndir. Əməkdar artist bu yaxınlarda infarkt keçirib.

Tanınmış meyxanaçı Kərim – Bu yaxınlarda insult keçirib. Bir müddət əvvəl beyninə qan sızdığına görə, Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Yüksək qan təzyiqi və şəkərli diabetdən əziyyət çəkir. Həkimlər ona məsləhət görübər ki, şəkərli diabetə uyğun pəhriz saxlasın. Siqaretdən və içkidən uzaq olmalıdır.
Əməkdar artist, “Bu şəhərdə” satirik layihəsinin aktyoru Coşqun Rəhimov qalxanabənzər vəzin xəstəliyindən əziyyət çəkir. Aktyir bir neçə dəfə bu xəstəliklə əlaqədar xaricdə əməliyyat olunub. Bütün hallarda sənət adamlarına can sağlığı, uzun ömür arzulayırıq…Modern.az . A.Qorxmaz

BIR CAVAB BURAXIN