Mərkəzi Kəşfiyyat İdarəsinin gizli əməliyyatları (2)/ Əziz Mustafa

0
561

11

 

Dinc etiraz aksiyaları silah gücünə yatırılandan sonra ADR radiosu belə bir məlumat yaydı: “Xalq polısı və sovet ordusu bir neçə saat ərzində qiyamı dağıtdılar. Xalqı qiyama təhrik edən və Qərbi Almaniyadan gələn təxribatçılar isə həbs ediliblər. Bununla da fəhlələrin təxribata çəkilməsinin və gələcəkdə bir daha belə hadisələrin baş verməməsinin qarşısı alınıb”.

Amma faktiki olaraq SSRİ xüsusi xidmət orqanları insanları təxribata həvəsləndirən və onları etiraz aksiyalarına sövq edən bir nəfər də belə olsun Gelen kəşfiyyatçısını həbs edə bilməmişdilər. Yoxsa SSRİ rəhbərliyi dərhal bu barədə hay-küy qaldırar və aksiyanın arxasında Qərbin dayandığı barədə sərt ittihamlar səsləndirilərdi. Əslində isə təxribatçı adı altında həbs edilənlərin böyük əksəriyyəti dinc insanlar idilər. Onları küçələrə çıxmağa məcbur edən isə aclıq, haqsızlıq, işğalçılara nifrət hissləri idi. Düzdür ADR və SSRİ rəhbərliyi baş verənlərdən gec də olsa nəticə çıxardılar. Onlar dərhal mağazları ərzaq məhsulları ilə doldurdular və bununla da qismən də olsa ac əhalinin daha varlı yaşayan Qərbi Almaniyaya qaçmasının qarşısını qismən də olsa ala bildilər. İki Almaniya birləşəndən sonra, ötən əsrin 80-ci illərinin sonları, 90-cı illərinin əvvəllərində ADR-in gizli arxivləri açıldı. Bu zaman dəhşət doğuran faktlar ortaya çıxdı. Məlum oldu ki, o dövrdə ADR-in Ştazi kəşfiyyat orqanı SSRİ xüsusi xidmət orqanlarının əməkdaşları ilə birgə 1953-cü ildə baş verən hadisələrdə MKİ və Qərbi Almaniyanın Gelen kəşfiyyatının əli olmasını sübut etmək üçün dəridən-qabıqdan çıxıblar. Lakin onlar bununla bağlı bir fakt da olsun belə ələ keçirə bilməyiblər. Bununla bağlı axtarışlara aid gizli sənəddə belə yazılıb: “Şərqi Almaniyada 1953-cü ildə baş verən etiraz aksiyalarında bir nəfər də olsun xarici ölkə kəşfiyatçısının əli olması barədə fakt ortaya çıxarmaq mümkün olmayıb”.

Əslində buna səbəb Gelenin kəşfiyyat qrupunun MKİ-nin tapşırıqları əsasında öz işlərini olduqca peşəkarcasına həyata keçirmələri idi. Onlar əhali arasında işğalçılara qarşı yaranmış narazılıqlardan məharətlə istifadə edə bildilər və bu zaman hər hansı bir iz buraxmadılar. Gelenin kəşfiyyat qrupu Şərqi Almaniyada sonrakı illərdə də pozuculuq fəaliyyətlərini davam etdirə bildilər. Nəticədə ötən əsrin 50-ci illərinin ortalarında daha 2 milyona yaxın alman Şərqi Almaniyadan Qərbi Almaniyaya qaça bildi. Şərqi Almaniyadan qaçanların qarşısını almağın mümkün olmadığını görən SSRİ rəhbərliyi Berlini ikiyə bölən xətdə divar inşa etməyə məcbur oldu. Bu divarı isə keçmək mümkün deyildi. Yalnız bundan sonra almanların Şərqdən Qərbə qaçmasının qarşısını qismən də olsa almaq mümkün oldu.

 

SSRİ-yə qurşaqdan aşağı vurulan Gelen zərbəsı

Gelenin başçılıq etdiyi qurum əsasında 1956-cı il aprel ayının1-də Qərbi Almaniyanın kəşfiyyat idarəsi yaradıldı. Aydın məsələ idi ki, Almaniya kəşfiyyatı yenə də MKİ-nin nəzarəti altında idi və istənilən casus məlumatı dərhal adı çəkilən quruma göndərilirdi. Gelenin özünə gəlincə, o hələ bir müddət də Qərbi Almaniya kəşfiyyatının belə demək mümkünsə xaç atası olaraq qalmaqda davam etdi. Yeri gəlmişkən onu da deyək ki, Gelen qrupunun daha bir uğuru məhz 1956-cı ildə baş verdi. Həmin dövrdə Sovet İttifaqı Kommunist Partiyası tərəfindən keçirilən XX qurultayda Baş katib Xruşşov Stalinin əməllərini ifşa edən və olduqca gizli saxlanılan bir məruzə etmişdi. Gelen ələ aldığı SSRİ yəhudisi vasitəsi ilə Xruşşovun gizli saxlanılan məruzəsinin surətini əldə edə bildi. Bununla da Gelen kəşfiyyatı əməkdaşları SSRİ-yə onu dünyada gözdən salacaq, sosializm sisteminin iç üzünü ifşa edəcək qurşaqdan aşağı zərbə vurmuş oldular. Bu məlumat dərhal MKİ-yə ötürüldü. MKİ isə öz növbəsində müxtəlif kəşfiyyat kanalları vasitəsi ilə məlumatın doğru olduğunu dəqiqləşdirəndən sonra Xruşşovun məruzəsini mətbuata ötürdü. Mətbuatda dərc edilən Xruşşovun məruzəsi dünyada şok  yaratdı. Çünki Xruşşov MKİ-nin belə vura bilmədiyi zərbəni özlərinə vurmuş, Stalini qəddar, xalq düşməni elan etməklə onunla Hitleri eyniləşdirmişdi. Bu məruzədən o dövrdə Qərb mətbuatı SSRİ-ni, sosializm sistemini gözdən salmaq üçün ən güclü təbliğat vasitəsi kimi istifadə etdi. Təbii ki, MKİ soyuq müharibə dövrünün ən böyük təbliğat müharibəsini məhz Gelen kəşfiyyatının vasitəsi ilə uda və rəqibinə güclü zərbə vuraraq onu nokdauna göndərə bilmişdi. Gelen kəşfiyyatı sonrakı illərdə də SSRİ-yə qarşı uğurlu fəaliyyətini davam etdirdi.

1968-ci ildə Gelen vəzifəsindən istefa verərək öz yerini yeni şefə-Herhard Vesselə təhvil verdi. Qərbi Almaniya kəşfiyyatının xaç atası 1979-cu ildə 77 yaşında ikən vəfat etdi. Onun vəfatını eşidən SSRİ Dövlət Təhlükəsizliyi rəhbərlərindən biri belə demişdi: “Gelen öldü, bu bizim üçün xoş xəbərdir. Ancaq onun  ardıcılları yaşayır, bu isə daim başımızı ağrıdacaq”.

Bir sözlə MKİ tərəfindən əsası qoyulan Gelen təşkilatı dünyanın məşhur kəşfiyyat orqanlarından birinə çevrildi. Gelen çoxdan həyatda olmasa da onun əsasını qoyduğu qurum bu gündə imperiyanı yenidən bərpa etmək istəyən Rusiyaya qarşı gizli müharibəsini davam etdirir.

 

Alman Gənclər Liqası

Gelen kəşfiyyat qurumuna paralel olaraq MKİ 1950-ci ildə keçmiş nasist təşkilatı olan Almaniya Gənclər Liqasını bərpa edərək onunla əməkdaşlığa başladı. Bu təşkilatın üzvləri və rəhbərləri arasında kifayət qədər hitlerçi gənc vardı. Onları SSRİ-yə qarşı sonsuz nifrət birləşdirirdi. Çünki Almaniya Gənclər Liqası ölkənin məğlubiyyətində əsas günahı SSRİ-də görürdü. MKİ Almaniya Gənclər Liqasından SSRİ-yə qarşı partizan müharibəsi aparmaq üçün istifadə etmək niyyətində idi. Çünki həmin dövrdə SSRİ-nin Qərbi Almaniyaya hücum etmə təhlükəsi kifayət qədər böyük görünürdü. Almaniya Gənclər Liqası MKİ tərəfindən maliyyələşdirilirdi. Amma bu qurumun da daxilində ABŞ-ı sevməyən və SSRİ kimi onlara da işğalçı kimi baxan güclər vardı. Onlar Almaniyanın hər iki hissəsini işğaldan azad görmək istəyirdilər və iki cəbhədə (SSRİ və ABŞ-a qarşı) təbliğat müharibəsi aparmaq qərarına gəlmişdilər. Lakin gözlənilməz bir təsadüf Almaniya Gənclər Liqasının iç üzünün ifşa edilməsinə səbəb oldu. Belə ki, 1952-ci ildə Almaniya Gənclər Liqasının üzvlərindən biri həbs olundu. Həbs olunandan Qərbi Almaniyanı idarə edən və bu zaman ABŞ-ın oyuncağı kimi çıxış edən siyasi xadimlərin, yüksək vəzifəli məmurların öldürülməsini nəzərdə tutulan böyük bir siyahı aşkar edildi. Bu məlumatdan Qərbi Almaniya kəşfiyyatı və MKİ şoka düşdü. MKİ dərhal Almaniya Gənclər Liqasına münasibətdə səhv etdiyini başa düşdü və sonrakı illərdə onun maliyyələşdirilməsini dayandırdı. Bununla belə Almaniya Gənclər Liqasından gələn təhlükə tam aradan qaldırılmamışdı. Ona görə də bu qurumun fəaliyyətini qanunla qadağan etməyə məcbur oldular.

Bununla belə MKİ  ABŞ-a münasibətdə daha mülayim olan gənclərlə işi davam etdirdi. Bu da əsasız deyildi. Həmin dövrdə MKİ-nin əsas məqsədlərindən biri ABŞ və onun müttəfiqləri ilə səmimi münasibətlərin qorunub saxlanılmasına xidmət edən gənc kadrlar yetişdirmək idi. Ona görə də gənc kadrlarla iş olduqca önəmli hesab edilirdi. MKİ bu məqsədinə də nail ola bildi. Yeni yetişən gənc nəsil arasından MKİ həm bacarıqlı kəşfiyyatçılar, həm də siyasətçilər yetişdirə bildi. Məhz bunun da nəticəsində soyuq müharibə dövrünün son illərində, ötən əsrin 80-ci illərinin axırlarında bu kadrlar vasitəsi ilə MKİ iki Almaniyanın birləşdirilməsinə nail ola bildi. Günümüzdə də MKİ fəal şəkildə Almaniyanın siyasi həyatını nəzarətdə saxlamaqda davam edir. Bir neçə il bundan əvvəl MKI tərəfindən Almaniya dövlət rəsmilərinin, o cümlədən kansler Merkelin dinlənilməsinin ortaya çıxması iki ölkə arasında qalmaqala səbəb oldu. Lakin tərəflər bu məsələdə ortaq məxrəcə gələ bildiklərindən qalmaqal dinc yollarla aradan qaldırıldı. Bununla belə MKİ-nin Almaniyaya nəzarəti davam etməkdədir…

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

7 + 9 =