Mərkəzi Kəşfiyyat İdarəsinin gizli əməliyyatları (1) / Əziz Mustafa

0
477

 

11

II Dünya müharibəsi başa çatandan sonra Qərblə SSRİ  soyuq müharibə dövrünə qədəm qoydu. Bu dövrdə qarşıduran tərəflərin hər biri  əsas məqsədlərinə çatmaq üçün geniş ideololji təxribat planların işə salmışdılar. Təxribat planlarının reallaşması isə xüsusi xidmət orqanlarına həvalə edilmişdi. Bu çərçivədə də həmin dövrdə dünyanı qırmızı taundan (sosializmdən) qorumaq funksiyasını öz üzərinə götürən Amerika Birləşmiş Ştatları (ABŞ) sosializmin yayılmasının qarşısını almaq üçün bir-sıra tədbirlər həyata keçirməyi qərara aldı. Bu məqsədlə də 1947-ci ildə ABŞ-da Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) yaradıldı. İlkin mərhələdə onun məqsədi SSRİ ilə əməkdaşlıq edə biləcəyi ehtimal edilən faşist cinayətkarların, alimlərin, elm adamlarının, generalların müəyyən edilərək məhkəmə qarşısına çıxarılmasını təmin etmək idi. Lakin bu təşkilat tədricən sosializmə qarşı mübarizədə ABŞ-ın əsas silahına çevrildi. MKİ öz funksiyalarını genişləndirərək yüksək səviyyəli liderlərin hansı cəbhəyə xidmət etdiyinin müəyyən edilməsi, ABŞ-ı dəstəkləməyən və SSRİ-yə rəğbət bəsləyən siyasilərin pulla ələ alınmasını və ya öldürülməsi ssenarilərini həyata keçirməyə başladı.

 

Gelen təşkilatı

MKİ-nin həmin dövrdə həyata keçirdiyi ilk tədbirdən biri Qərbi Almaniyada yeni kəşfiyyat qurumunun yaradılması oldu. Həmin təşkilata isə sosializmə nifrət bəsləyən və II Dünya müharibəsindən sonra könüllü şəkildə Amerikaya öz xidmətlərini təklif edən general Reynhard Gelen təyin edildi. Gelenin ABŞ xüsusi xidmət orqanları arasında böyük hörməti vardı. O hələ 1944-cü ildə Hitlerin müharibədə məğlub olacağını hiss eədərək bir-sıra xüsusi önəm daşıyan sənədləri gizlədərək sonra onları Amerika xüsusi xidmət orqanlarına verməyi qərara almışdı. II Dünya müharibəsi başa çatandan sonra könüllü şəkildə amerikalılara təslim olan Reynhard Gelen bu müstəvidə də onlara öz xidmətini təklif etmişdi. O dövrdə Amerika əks-kəşfiyyatı Geleni hərtərəfli yoxlayandan sonra bu qərara gəldi ki, ona etibar etmək olar. Bundan əlavə Gelenin ABŞ xüsusi xidmət orqanlarına təqdim etdiyi gizli sənədlər olduqca yüksək qiymətləndirilmişdi. Amma hələ o vaxt Gelendən hansı məqsədlər üçün istifadə edilməsini ABŞ xüsusi xidmət orqanları müəyyən edə bilmirdilər. Yalnız MKİ yaradılandan sonra nasist canilərin tapılması və SSRİ-yə xidmət edən yüksək səviyyəli hitlerçilərin aşkar edilməsi məsələsi gündəmə gəldi. Bu məqsədlə də Gelendən istifadə edilməsi qərara alındı. Yeri gəlmişkən onu da deyək ki, adı çəkilən sahədə ABŞ xüsusi xidmət orqanlarının böyük təcrübəsi vardı. II Dünya müharibəsi dövründə Hitlerə qarşı mübarizədə kommunistlərin xidmətindən gen-bol istifadə edən ABŞ xüsusi xidmət orqanları bu dəfə analoji qaydada SSRİ-yə qarşı mübarizədə nasistlərdən istifadəni ön plana çıxardılar. Bu məqsədlə də Gelenə SSRİ-nin işğalı altında olan Şərqi Almaniyada geniş kəşfiyyat strukturu yaratmaq tapşırılmışdı. Gelen eyni zamanda ABŞ və müttəfiqləri olan Qərb dövlətlərinin işğalı altında olan  və yenidən dirçəldilməyə başladılan Qərbi Almaniyanın əks-kəşfiyyat qurumunun rəhbəri funksiyasını həyata keçirməli idi. Gelenə bu işdə MKİ ilə sıx əməkdaşlıq etmək  tapşırılmışdı. Faktiki olaraq bununla da Qərbi Almaniyada Gelenin rəhbərlik etdiyi MKİ-nin yeni filialı yaradılmış oldu. Gelen qısa müddətdə qarşısına qoyulan vəzifələrin öhdəsindən bacarıqla gəldi. O yeni kəşfiyyat orqanlarının işində iştirak etmək üçün keçmiş Almaniya xüsusi xidmət orqanlarının əməkdaşalrını cəlb edə bildi. Onlar isə Gelenin ümidlərini doğruladaraq kifayət qədər qədər yüksək səviyyədə, peşəkarcasına xidmət göstərə, həyata keçirirlməsi qeyri-mümkün hesab edilən tapşırıqları yerinə yetirə bildilər.

 

Gelen Şərqi Almaniyanı SSRİ-yə qarşı ayağa qaldırır

Gelen Şərqi Almaniyada müxtəlif adlar altında gizlənən keçmiş SS-çilərlə sıx əlaqə qura və onları MKİ-yə xidmət etməyə razı sala bildi. Nəticədə Şərqi Almaniyada MKİ-nin bir  qolu olan Gelenə xidmət edən xüsusi kəşfiyyat qrupu fəaliyyət göstərməyə başladı. Onlar Şərqi Almaniyadakı əhali arasında işğalçı SSRİ-yə qarşı nifrət doğuran təbliğat apara və yeri gələndə onları bir neçə dəfə etiraz aksiyalarına qaldıra bildilər. 1953-cü ildə Gelen kəşfiyyatçıları Şərqi Berlində SSRİ-yə qarşı əhalini etiraz aksiyasına təhrik etdilər. Bunun üçün bəhanə işçilərin gündəlik iş planlarının 10 faiz artırılması oldu. Əslində bu etiraz aksiyası SSRİ tərəfindən Şərqi Almaniyanın işğal edilməsindən sonra yetişməyə başlamışdı. Həmin dövrdə Şərqi Almaniyada ərzaq çatışmazlığı addımbaşı özünü göstərməkdə idi. Bundan istifadə edən Gelenin kəşfiyyat qrupu isə əhali arasında antisosializm təbliğatını gücləndirmişdilər. Nəticədə onların təhriki ilə təkcə 1952-ci ildə 180 min nəfər Şərqi Almaniyadan Qərbi Almaniyaya qaçmışdı. 1953-cü ilin ilk 6 ayı ərzində Gelen təxribatçılarının həyata keçirdiyi pozuculuq fəaliyyəti nəticəsində 226 min nəfər Şərqi Almaniyadan Qərbi Almaniyaya köçmüşdü. SSRİ kəşfiyyatı bunun təxribat və pozuculuq fəaliyyəti olduğunu hiss etsə də gelençilərin izinə düşə bilmiridlər. Bunun əvəzində isə Qərbi Almaniyaya qaçışda günahsız insanları həbsə atırdılar. Onların sayı isə  həmin dövrdə 60 min nəfəri ötmüşdü.

Baş verənlərdə SSRİ rəhbərliyi Almaniya Demokratik Respublikasının (ADR) oyuncaq rejiminin rəhbərləri Valter Ulbrixti və Vilhelm Piki günahlandırdı. Onların hər ikisi  dərhal istefaya göndərildi. Lakin artıq gec idi. 1953-cü il iyun ayının 16-da Gelen kəşfiyyatçıları tərəfindən iş normasının artırılmasına etiraz edən onlarla fəhlə işi dayandıraraq küçələrə çıxdılar. Onların etiraz aksiyalarına digər müəssisələrin fəhlələri də qoşuldular. Nəticədə etiraz aksiyası bütün Şərqi Berlini bürüdü. Etirazçılar arasında kifayət qədər qadın və məktəblilər də vardı. Onlar hökumətin istefasını tələb edirdilər. Etiraz aksiyası keçirənlər qarşısına çıxan sənaye naziri Frits Zelbma ç onlara sakitləşdirməyə çalışdı. O artıq iş normasının10 faiz qədər artırılması barədə qərarın ləğv edildiyini söylədi. Lakin Gelen təxribatçıları tərəfindən qızışdırılan aksiya iştirakçıları yeni seçkilər keçirilməsini tələb edirdilər. İyunun 16-da Şərqi Almaniyanının 270 şəhər və qəsəbəsinin əhalisi də etiraz aksiyası iştirakçılarına qoşuldular. Onlar Bitterfelddə, Qerlitsedə və Merzeburqda ADR dövlət təhlükəsizliyi orqanlarının yerli şöbələrinə hücum edərək oranı yandırdılar. Aksiya iştirakçıları Leypsiq, Maqdeburq və Qalledə vilayət partiya komitələrini ələ keçirərək dağıtdılar.

 

Aksiya tankların köməyi ilə dağıdılır

Brandenburq,  Here və İyen də isə yenə də Gelen kəşfiyyat qrupu təxribatçılarının əli ilə həbsxanalara hücumlar təşkil edildi. Nəticədə minlərlə məhbus həbsdən azad edildi. Gelençilərin təbliğatı nəticəsində iyunun 17-də Berlindəki Ştrausberger meydanına 150 min nəfər etirazçı toplaşdı. Onlar “Rədd olsun hökumət”, “Rədd olsun xalq polisi”, “Biz qul olmaq istəmirik”, “Biz azadlıq tələb edirik” şüarlarını səsləndirirdilər. Ümumiyyətlə etiraz aksiyalarında 1 milyondan yuxarı insan iştirak edirdi. Aksiya iştirakçıları şəhər idarələrini ələ keçirdilər. Bütün Şərqi Almaniya etiraz aksiyasına qoşulmuşdu. Ertəsi gün Gelen kəşfiyyat qrupunun təhriki ilə aksiya iştirakçıları iqtisadi şüarları siyasi şüarlarla əvəz edərək Almaniyanın birləşdirilməsi tələbini irəli sürdülər. Faktiki olaraq Şərqi Almaniyada işğalçı SSRİ-yə qarşı həmin dövrdə ən böyük etiraz aksiyası baş verməkdə idi. Almaniya Demokratik Respublikasının bütün idarəetmə strukturları iflic halında idilər və onlar fəaliyyətlərini dayandırmağa məcbur olmuşdular. Belə vəziyyətdə SSRİ rəhbərliyi aksiya iştirakçılarının siyasi şüarlar irəli sürməsini və iki Almaniyanın birləşməsi tələblərini bəhanə edərək dinc aksiya iştirakçıları üzərinə tankları yeritmək qərarına gəldilər. Bu məqsədlə iyun ayının 17-də Şərqi Berlində komendant general-mayor Dibrovun əmri ilə hərbi vəziyyət elan edildi. Aksiya iştirakçıları üzərinə tanklar yeridldi və onlara atəş açıldı. Nəticədə onlarla adam bu vəhşiliyin qurbanı oldu. Buna baxmayaraq Şərqi Almaniyada etiraz aksiyaları iyulun sonuna kimi davam etdi. Lakin hər yerdə aksiya iştirakçılarına qarşı ağır cəzalar tətbiq edilir, onlar yerindəcə güllələnirdilər. Qısa müddətdə 20 min nəfərdən artıq adam öldürürldü, təxminən 70 min nəfər aksiya iştirakçısı həbsə atıldı.

 

 

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

14 + 6 =