Mərkəzi Kəşfiyyat İdarəsi niyə “terrorçu” ovuna çıxmışdı? (1)

0
322

Əziz Mustafa

2000-ci illərin əvvəllərindən başlayaraq, Birləşmiş Millətlər Təşkilatı, Avropa Birliyi, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən Avropa da daxil olmaqla, dünyanın müxtəlif yerlərində ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) gizli həbsxanalarının olması ilə bağlı məsələ ciddi şəkildə araşdırılır. Son məlumatlara görə, Avropada ABŞ-ın adam oğurluğu və işgəncə mərkəzlərinə çevrilən gizli həbsxanaları əsasən Polşa, Rumıniya, əsasən Bolqarıstandadır. Bundan əlavə, Ukrayna və bəzi Baltikyanı ölkələrdə də Mərkəzi Kəşfiyyat İdarəsinin gizli həbsxanalarının olduğu ehtimal edilir. Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında da ABŞ-ın Avropadakı gizli həbsxanaları və bu mərkəzlərdə onlarla günahsız insana ən ağır işgəncələr verildiyi bildirilib və bu, kəskin şəkildə pislənilib. Eyni zamanda 2005-ci ilin AŞ PA-nın yay sessiyasında ərazisində gizli həbsxanalar, daha doğrusu, işgəncə mərkəzləri olduğu vurğulanan ölkələrdən buna son qoyulması qəti şəkildə tələb edilib. Bütün bunlarla bağlı sual ortaya çıxır: Mərkəzi Kəşfiyyat İdarəsi 20 ildən artıq bir müddətdə şübhəli bildiyi adamları qaçırmaqla və onlara işgəncələr verməklə, öldürməklə məşğul olduğu halda, beynəlxalq təşkilatlar buna indiyədək niyə göz yumublar? Bu suala müxtəlif prizmalardan cavab vermək olar. Birincisi, ABŞ-ın gizli həbsxanaları olmasından beynəlxalq təşkilatlar çoxdan xəbər tutublar. Lakin onlar bunu sübut edə bilmirdilər. Digər tərəfdən də, adam oğurluğu məsələsi əsasən Avropa ölkələrindən kənarda həyata keçirildiyi üçün onlar bu məsələ ilə bağlı susmağı üstün tutmuşlar. İkincisi, ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərində Avropa ilə ABŞ arasında təsir dairəsi uğrunda mübarizə yeni başlayırdı. Ona görə də Qərbdə MKİ-nin gizli həbsxanalarla bağlı həyata keçirdiyi əməliyyatlar Avropa üçün xüsusi əhəmiyyət daşımırdı. Amma “hər səbrin bir sonu var” deyiblər. ABŞ-ın Avropadakı gizli həbsxanaları və adam oğurluğu ilə bağlı ən böyük qalmaqal 2005-ci ilin dekabrında baş verdi. Belə ki, İtaliya Ali Məhkəməsinin adam oğurluğu hadisəsi ilə bağlı Mərkəzi Kəşfiyyat İdarəsinin 22 əməkdaşının bu ölkəyə buraxılmaması və onların İnterpol vasitəsilə yaxalanması barədə qəbul etdiyi qərar beynəlxalq aləmdə güclü əks-səda doğurdu. İtaliya məhkəməsinin öz müttəfiqi olan ABŞ-ın xüsusi xidmət orqanları əməkdaşlarına qarşı belə sərt hökm çıxarması isə heç də təsadüfi deyildi. Belə ki, İtaliya polisi ölkədə muzdlular toplanması ilə əlaqədar Milan şəhərinin sakini və imamı Həsən Mustafa Üsamə Nəsrdən şübhələnərək onun hər addımını nəzarət altına almışdı. Eyni zamanda MKİ də həmin şəxsdən terrorçulara dəstək verməsi məsələsində şübhələnirdi. 2002-ci il avqust ayında MKİ Milan imamının tam şəkildə nəzarətə alınması üçün 22 nəfər yaxşı təlim görmüş və adam oğurluğu üzrə ixtisaslaşmış əməkdaşını İtaliyaya ezam etdi. Onlar qruplarla Milandakı 10 müxtəlif mehmanxanalar məskunlaşdılar. 6 ay sürən izləmələrdən sonra MKİ əməkdaşları imamın qaçırılmasını qərara aldılar. 2003-cü il fevral ayının 17-də imam Həsən Mustafa Üsamə Nəsr evindən çıxıb məscidə gedirdi. İmamın evi ilə məscid arasında 10 dəqiqəlik yol vardı. Sonradan şahidlərin dediklərinə görə, ağ paltarda olan adamlar imamı yolda saxlayaraq onun üzünə nə isə püskürtdülər. Bundan sonra imam özündən getdi. Sonra onu maşına qoyaraq hava limanına apardılar. Oradan isə N85 VM nömrəli GULFSTREAM IV təyyarəsi ilə Misirə qaçırdılar. Bu əməliyyatdan xəbər tutan İtaliya xüsusi xidmət orqanları və polis dərhal ayağa qaldırıldı. İkiillik araşdırmalardan sonra Milan imamının qaçırılması ilə bağlı faktlar sübuta yetirildi. Bundan sonra İtaliya məhkəməsi məsələ ilə bağlı 23 dekabr 2005-ci ildə sərt qərar qəbul etdi və MKİ-nin dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi adam oğurluğu və oğurlanan insanlara Avropadakı gizli həbsxanalarda işgəncələr verilməsi ilə bağlı ittihamedici bəyanat verdi.

İzlər 90-cı illərə gedir

Mərkəzi Kəşfiyyat İdarəsinin hələ “soyuq müharibə” dövrlərində sosializmə xidmət edən adamları oğurlayaraq öldürməsi barədə çoxlu sayda məlumatlar var. O vaxt SSRİ də eyni tərzdə hərəkət etdiyi üçün Vaşinqton və Moskva bu məsələni açıb-ağartmırdılar. Amma SSRİ dağıldıqdan sonra Mərkəzi Kəşfiyyat İdarəsinin hədəfi dəyişdi. Bu dəfə MKİ ABŞ-a düşmən liderləri İslam ölkələrində axtarmağa başladı. Ona görə də istər ABŞ-da, istərsə də Avropada, hətta İslam ölkələrində belə tanınmış siyasi liderlər, müxtəlif təşkilatların rəhbərlərini izləmək üçün MKİ-də xüsusi şöbə yaradıldı. Bu şöbənin yaradılması və onun maliyyələşdirilməsi üçün 1995-ci ildə Prezident Bill Klintona müraciət edildi. Bill Klinton, əvvəlcə, MKİ-nin nəzdində yaradılan yeni izləmə şöbəsinin fəaliyyətinə icazə verməyə tərəddüd etdi. Prezidentin tərəddüd etdiyini görən MKİ rəhbərliyi yeni şöbənin terrorla və ABŞ-ın düşmənlərinin üzə çıxarılaraq məhvinə xidmət edəcəyini dönə-dönə ona izah etməyə məcbur oldular. Əslində Klintonun tərəddüd etməsinin səbəbi vardı. Yeni şöbədə, daha doğrusu, dünyanı izləmə mərkəzində azı 200 min kəşfiyyatçının işləməsi nəzərdə tutulurdu. Bu şöbənin yaradılması ilə MKİ-yə əlavə olaraq, 12-15 milyard dollar ayırmaq lazım gəlirdi. Nəhayət, Klinton güzəştə getdi və yeni izləmə şöbəsinin yaradılması barədə ona təqdim edilən sənədi imzaladı. Beləliklə, 1995-ci ildən MKİ dünyanın müxtəlif ölkələrində nəzarəti həyata keçirmə və 200 min əlavə əməkdaşdan ibarət xüsusi bir sistem yaratdı. Bu şöbə şübhəlilərin oğurlanması, işgəncələr verilməsi, gizli həbsxanalarda saxlanılması kimi çirkin əməllərə xidmət edən xüsusi sistem yaratdı. Beləliklə, ABŞ dünyanı nəzarəti altına almış oldu.

1997-ci ildə MKİ özünün ən böyük düşmənlərindən biri hesab etdiyi Əmir Xan Kansinini ələ keçirərək onu ABŞ-a qaçırdı. Kansi 1993-cü ildə MKİ-nin Əkinçilik İnstitutu altında ərəb ölkələrindən birində fəaliyyət göstərən xüsusi təyinatlı mərkəzin fəaliyyətindən xəbər tutmuşdu. Ölümündən qorxmayaraq əlində silah bu mərkəzə hücum edən Kansi oradakı 2 MKİ kəşfiyyatçısını öldürdü, 3-nü isə ağır yaraladı. Sonra isə qaçaraq, gizləndi. MKİ onu düz 4 il axtardı və nəhayət, Kansinin Əfqanıstan-Pakistan sərhədindəki kəndlərdən birində gizləndiyini müəyyən etdi. Kansinin yenidən aradan çıxacağından və diri halda təslim olmayacağından qorxan MKİ yerli beluc tayfasının rəisinə rüşvət verərək Kansini ələ keçirdi. Kansini dərhal Pakistandan ABŞ-a apardılar. Kansiyə dəhşətli işgəncələr verdikdən sonra 1998-ci ildə onun üzərində məhkəmə quruldu. Məhkəmə Kansini ölüm cəzasına məhkum etdi. Bundan 4 il sonra- 2002-ci ildə bu “arı yuvası”na (MKİ-yə) soxularaq onlara cəsarət dərsi keçən insanı edam etdilər.

İşgəncələrə baxmayaraq, Kansi özünü çox mərd apardı və düşmən qarşısında əyilmədi… Əslində Kansini bu addımı atmağa məcbur edən MKİ əməkdaşlarının çirkin əməlləri, adam oğurluğu və onlara işgəncə verməsi olmuşdu. Bu baxımdan əslində MKİ özü bu işə görə məhkəmə qarşısında cavab verməli idi. Bunun isə heç vaxt baş verməyəcəyini anlayan Kansinin gücü onlardan qisas almağa çatmışdı.

1998-ci ilin yaz aylarında Mərkəzi Kəşfiyyat İdarəsi Üsamə bin Ladenə maliyyə yardımı göstərməkdə şübhəli bilinən daha 5 nəfərin izinə düşdü. Onlar Misir əsilli olsalar da, Albaniyada yaşayırdılar. MKİ 5 nəfərdən 4-nü, başda rəhbərləri Şevki Səlamə olmaqla Albaniyada ələ keçirdi və onları dərhal Misirə apardılar.

Aydın məsələ idi ki, bu insanların boyunlarına zorla nəyi isə qoymaq, onları hansısa olmayan şeyləri boyunlarına almağa məcbur etmək istəyirdilər. Ümumiyyətlə, “soyuq müharibə” başa çatandna sonra Qərbdə yeni düşmən axtarışına başlanılmışdı. Bu müstəvidə də islam dünyası hədəf seçilmişdi. Müsəlmanların simasında düşmən obrazının yaradılması ideyası əslində Vatikandan gəlirdi. Bundan məqsəd isə islam dinini, islam dünyasını hörmətdən salmaq, islam dininə meyil edənləri bu yolla dinini dəyişdirmək kimi addımlar atmaqdan çəkindirmək idi. Bir sözlə, bütün əməliyyatların arxasında xüsusi məqsədlər dayanırdı.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

nineteen + twelve =