Vladimir Doroxin Sputnik-ə açıqlamasında qeyri-səmimi danışıb

0
652

 

 

 

 

“Çox çalışdım bu məsələ haqqında indi danışmayım, amma özüm-özümlə bacarmadım. Hesab edirəm ki, biz Azərbaycan mətbuatı və cəmiyyəti olaraq belə prinsipial məsələlərdə heç olmasa susmayaq”. “Arazinfo.com” saytının məlumatına bunu hərbi ekspert Üzeyir Cəfərov bildirib.”Rəsmilərimizi hardasa anlamaq olar. Ölkələrarası münasibətlərə ziyan gətirməmək üçün bəzən olur ki, onlar özlərini bir qədər fərqli aparmağa məcbur olurlar. Amma, biz heç olmazsa sözümüzü deyək ki, Rusiya dövlətinin nümayəndələrinin Azərbaycana qarşı tutduqları qeyri-səmimi münasibəti onların diqqətinə çatdıraq. Susduqca isə, bu “tovariş”lər elə bilirlər ki, bizdən çox ağıllıdırlar və guya nə isə önəmli məsələlərdən danışırlar. Dünən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin “Sputnik” nəşrinə verdiyi müsahibə zamanı bəzi fikirlər səsləndirib ki, onlar sadəcə qeyri-peşəkar və qeyri-səmimi ifadələrdir.

Biz onunla müxtəlif ölkələrin rəsmi və ya qeyri-rəsmi tədbirlərində çox vaxt bir araya gəlirik. Yaxşı yeyib-içməyi sevən adamdır. Olsun, özü bilər. Amma, mən bu səfir yoldaşa məsləhət görərdim ki, heç olmasa bir söz deyəndə cümləsinin əvvəli ilə arxasını məntiqlə düzüb-qoşa bilsin. Rusiya səfiri bu yaxınlarda ölkəmizin qanunlarını kobud sürətdə pozaraq separatçılara dəstəyə getmiş və sonradan həbs edilərək Azərbaycan gətirilən Aleksandr Lapşin və Dilqəm Əsgərov məsələlərində guya Rusiyanın eyni mövqedən yanaşdığını qeyd edir. Və başlayır prosedur qaydalarını izah etməyə.

“Əgər vətəndaşın başına bir iş gəlirsə, səfirlik öncə öz konsulluq işçisini onun yanına yollayır. Sözügedən işçi vətəndaşın sənədlərini yoxlayır, başına nə gəldiyini aydınlaşdırır. Bundan sonra isə hansı addımların atılmalı olduğu qərarı verilir”. Aydındır, cənab səfir. Siz aşağıdakı suallara məntiqlə cavab verə bilsəniz, mən sizdən mətbuat vasitəsi ilə üzr istəməyə söz verirəm.

1. Siz bu günə kimi heç olmasa bircə dəfə də olsa Rusiya vətəndaşı olan, milliyətcə azərbaycanlı olan Dilqəm Əsgərova Rusiya Federasiyasının Ermənistandakı və ya Moskvadakı rəsmi nümayəndələri tərəfindən baş çəkilməsini deyə bilərsinizmi? Xahiş edirəm, həmkarlarıma danışdığınız “nağılı” mənə və çoxsaylı azərbaycanlılara danışmayasınız ki, ay “biz bunu edə bilmərik, çünki vətəndaş Rusiyanın dövlətlərarası münasibətlər subyekti kimi qəbul etmədiyi bir ərazidə yerləşir”.

Necə olur ki, siz separatçılara mütəmadi olaraq Moskva şəhərində öz hansısa qondarma toplantılarını, görüşlərini keçirməyə şərait yaradırsınız və zərrə qədər də vicdanınız sızlamır ki, axı həm Azərbaycan, həm Gürcüstan və Moldova məhz sizin xeyir-duanız ilə “at oynadan” separatçılara görə neçə-neçə vətəndaşını, hərbi qulluqçusunu bu illər ərzində itirib? Siz onlara rahatca silah-sursat ötürəndə münasibət və təmas qura bilirsiniz, belə vacib məsələdə isə, yadınıza belə şeylər düşür?

2. Siz özünüz özünüzü gülünc vəziyyətə qoyub görün nə deyirsiniz. “Necə oldu ki, Əsgərov orda peyda oldu? Necə oldu ki, o sərhəd xəttini keçdi? Əslində baş verən nə idi? Niyə Əsgərovun yanında silah var idi? Bizdə məsələni tam dərk etmək üçün kifayət qədər məlumat yoxdur”. Siz deyəsən bir az çaşmısınız axı. Əsgərov heç bir sərhədi keçməyib. Xahiş edirəm, danışığınıza və cümlələrinizə diqqət edin. Dilqəm Əsgərov Rusiya vətəndaşı olsa da doğulduğu Kəlbəcər rayonu ərazisində ata-anasının məzarını növbəti dəfə ziyarət edərkən separatçılar və sizin dövlətin aktiv köməkliyi vasitəsi ilə girov götürülüb.

3. Əgər sizin bu məsələdən ətraflı xəbəriniz yoxdursa, onda siz haradan bilirsiniz ki, Dilqəm Əsgərovda və yanında olan Şahbaz Quliyevdə silah olub? Əgər siz əminsiniz ki, bu dedikləriniz olub, deməli, sizin separatçılarla çox yaxşı əlaqələriniz var, yoxsa təmsil etdiyiniz dövlət öz vətəndaşı kimi qəbul etdiyi və saydığı Dilqəm Əsgərova çoxdan sahib çıxardı. Sadəcə siz özünüzü çox ağıllı və çoxbilmiş sayırsınız. Amma, belə deyil. Mən sizin cəsarət edib deməyə qorxduğunuz sözləri deyirəm: Rusiya adlı dövlət öz vətəndaşı olan, milliyətcə azərbaycanlı, müsəlman olan Dilqəm Əsgərovdan üz çevirib!

Bu məsələdə nə siz, nə sizin rəhbərinizin köməkçisi Mariya Zaxarova və digərləriniz səmimi deyilsiniz və sadəcə riyakarlıq edirsiniz. Deyirsiniz ki, vəziyyət qeyri-standart və mürəkkəbdir. Sonra da özünüzü daha “müdrik diplomat” kimi göstərmək üçün təkrar edirsiniz ki, guya siz bu məsələnin həlli yolunu axtarırsınız. Özünə hörmət edən diplomat və ya ölkə çoxdan bu məsələni həll də etmişdi, özünü bu qədər nüfuzdan və hörmətdən salmazdı”,-deyə ekspert bildirib.

Üzeyir Cəfərov sonda, Rusiyanın Azərbaycandakı baş elçisi Vladimir Doroxinə və Rusiyanın Ermənsitandakı məşhur səfiri İqor Volınkinə səslənib: “Bir az aktiv və obyektiv olun. Başa düşürəm ki, sizin tabe olduğunuz idarənin başında damarlarında erməni qanı axan Sergey Lavrov durur. Amma, unutmayın ki, bu illər ərzində məhz sizin özünüzün və təmsil olunduğunuz dövlətin bir çox yanlışlıqları sayəsində minlərlə ailə başsız qalıb, on minlərlə insan doğma yurd-yuvasından didərgin düşüb. Bunu nə sizə, nə də özünü böyük dövlətlərdən biri sayan Rusiyaya heç kim, heç vaxt bağışlamayacaq”.

BIR CAVAB BURAXIN