MƏN PUL DEYİLƏM Kİ, HAMININ XOŞUNA GƏLİM

0
953

Müsahibim tanınmış teleaparıcı Mikayıl Güləddinoğludur. 

 

 Mikayıl bəy salam, necəsiniz, işləriniz necə gedir?

 

– Salam, çox sağ olun, yaxşıyam,mən həmişə yaxşıyam. İşlərdir də gedir,həftədə iki dəfə veriliş var.Əvvəl bir dəfə idi, sonradan bu verilişin reytinqinə baxdılar rəhbərlər, bundan sonra qərara gəldik ki,iki dəfə olsun.Özüm də ki,tərəddüd edirdim biraz,tamaşaçılar həmişə çox olur axı. Tərəddüd elədim ki,həftədə iki dəfə olsa necə olacaq, tamaşaçılarım olacaqmı canlı-canlı izləməyə gələn? Gördüm ki,heç bir fərq yoxdur, yenə eyni qaydada izləməyə gəlirlər.Həm birinci gün gəlirlər, həm də dördüncü gün. Yaxşı gedir hər şey.

 

Biz hazırda ünsiyyətdəyik və çox sadə bir insanla həm söhbətəm. O situasiyanı yaratdınız. Təkəbbürlülüyü necə qarşılayırsınız?

 

– Mürəkkəb olub nə əldə edəcəyəm ki,əgər bir kəs mürəkkəbdirsə, kimə nə edir,özü-özünə edir nə edirsə. Və təkəbbürlüyü heç özümə yaraşdırmaram.Təkəbbürlük insanı alçaldar,ucaltmaz.Bu o cür insanların öz fikridir,biz onları dəyişməli deyilik ki, bu onun xarakteridir. Kimsəni dəyişmək fikrim də yoxdur.

 

Ailəlisiniz?

 

– Bəli, ailəliyəm,üç övladım-iki qızım, bir oğlum var.Allah hamının balasını saxlasın.

 

Qazandığınız uğuru nəyə borclusunuz?

 

– Qazandığım uğuru borcluyam zəhmətə və birdə valideynlərimə.Çünki onlar  böyük təpki göstərirdilər ki, oxumuşam.Ümumiyyətlə, nə qədər təpki olsa da düzdür, təkan lazımdır,istiqamət lazımdır. Yaxşı nədir,pis nədir bunu valideyn öyrətməlidir adama. Ancaq sonrası sənin özünlükdür,insanın canında da olmalıdır.O qədər ailələr tanıyıram ki,valideynləri qızıldır, övladı heç alüminium da deyil, yəni o dərəcədə bacarıqsız olur.Amma hər şey bütün bacarıq,bütün nailiyyətlər,uğurların hamısı gəlir zəhmətdən keçir.Zəhmətsiz heç nə yoxdur.

 

Buna bir növ də taleyin gətirməsi deyə bilərikmi?

 

– Yox,tale insanın öz əlindədir.

 

Deyirsiniz ki, yəni taleyini insan özü dəyişə bilər?

 

Bəli, insandan başqa kim dəyişə bilər ki?Zəhmət dəyişə bilər, insanın zəhməti. Birdən-birə yaranmadı ki, “Mikayılla şou”, “Sevimli mahnı” bunlar yaranana qədər o qədər zəhmətlər olub ki,o qədər iztirablar,pəl vuranlar olub ki,onun hamısına fikir versəydim onda gərək kənarda qalardım, vəssalam.

 

Ancaq sizi çox şiddətli şəkildə tənqid elədilər.

 

– Eləsinlər, şiddətli şəkildə tənqid elədilər və şiddətli şəkildə də verilişim uğur qazandı.Qoy daş atanlar olsun da.Allah camaatın canını sağ eləsin, indi reallıqdır ki, bu gün bu sahədə olanların hamısı toy biznesi deyilən birşey var, qazancı ordandır.Şəxsən mənim qazancım toy biznesindəndir. Toylarda aparıcılıq edirəm.Fikirləşin də, balanızın toyudur, siz qərara gəlirsiniz ki,Mikayıl gəlsin aparsın övladının toyunu.Bu böyük bir sevgidir ki,övladının toyunu mənə həvalə edir.Mənim qara qaşıma,qara gözümə aşiq olmayıb ki,deməli məndə nəsə var, bacarıram bu yöndən.Ona görə də Allah hamının canını sağ eləsin.Birdə ən əsası odur ki,mən minnətdaram Allahıma, minnətdaram camaata ki,hər ay heç olmasa 15 toya gedirəm mən,deməli 15 fərqli ailələrdə oluram.Bu insanlar məni evinin içinə aparır,bu insanlar məni qapısına aparır.Şəmkirin Zəyəmçırdaxan kəndi var, mən orda toyda idim. Verilişimin təzə-təzə vaxtlarında biraz da mənə qəribə gəlirdi elə şeylər. Bir nəfər gəlib dedi ki,gedək bizə, anamın arzusudur ki,Mikayılı görsəm, qapıda qurban kəsəcəm.Mənə o qədər qəribə gəlirdi ki,mənim ayağımın altında qurban kəsirlər, mənim gəlişimlə.Yəni bundan böyük xoşbəxtçilik varmı?Mən göydən düşməmişəm ki,deməli bacarığıma görə ürəyə yol tapmışam.Mən ən çox ana şeirləri efirdə səsləndirirəm deyə anaların sevgisi var.

 

Həyatın müəyyən dövrlərində yaşanmış çətinlikləri olan biri kimi keçmişlə bu günü uzlaşdırarkən nə düşünürsünüz?

 

– Şükür deyirəm.Məsələn, dünən axşam balaca qızımı məktəbdən gətirəndə iki bacı maşında arxada oturmuşdular, dəcəllik edirdilər. Mən də əsəbiləşdim, nəisə bunlara qışqırdım.Onda gördüm  balaca qızım ağladı ki, “ata, sən bizi çox istəmirsən? Mən də dedim ki,qızım, mən sizi o qədər çox istəyirəm ki,vaxtilə görmədiklərimi bu gün sizə on qat yaşadıram.Bu gün mənim balalarımın gördüyünün mən heç bircə faizini görməmişəm.Mən bunu dəfələrlə demişəm ki, 14 yaşına qədər elə bilirdim ki,adamın evi olmaz.Yəni biz o qədər kirayə qalmışıq,bu qapıdan o qapıya köçmüşük,o qapıdan bu qapıya köçmüşük. Və mənə elə gəlirdi ki,bu insanın həyat tərzidir, elə belə də olmalıdır.Sonradan mənki, işlədim,loru dildə desək, əlim çörəyə çatdı, ev tikdim, şərait yaratdım.Bunların hamısını etdim və ailə qurdum. Mən 30 yaşımda ailə qurmuşam.Ailə qurana qədər o çətinliklərin hamısını həll elədim.Həmişə maşını olanlara, evi olanlara qibtəylə baxardım. Şükürlər olsun, bu gün bir dənə də maşın alıb atama vermişəm.Yəni bu gün övladlarımın xoş yaşaması üçün hər cür şəraiti qurmuşam.

 

O vaxtın sınaqlarından xatirənizdə nələr qalıbdır? Tutaq ki, almaq istəyib də ala bilmədiyiniz, getmək istəyib, gedə bilmədiyiniz, həmişə tamarzı qaldığınız?

 

– O qədər olub ki,o qədər…Mən biraz sovet dönəmi görmüşəm. O vaxtı 25 manata, “rubla” deyək univermağa böyük kurtkalar gətirmişdilər, çox dəbə düşmüşdü.“Prapitka” deyirdilər ona, qolunu qatlayırdın, uşaqların hamısı geyinirdilər.Mən o qədər o kurtkaya görə ağlamışam, özümü öldürmüşəm, amma neyləmək olar, ala bilmirlər, mümkün deyil. Hərdən böyük qızıma danışıram ki,şükür ki, mən bu gün sizə bunları edə bilirəm. Mən İncəsənət Universitetində oxumuşam,universitetin birinci kursundan dördüncü kursuna qədər bir pencəyim olub, sarı cızıqlı pencək. Şəkil çəkdirəndə qrup yoldaşlarımdan alıb onların kurtkalarıyla şəkil çəkdirmişəm ki. Şəkillərə baxanda, deyirəm bu Şakirin pencəyidir,bu Anarın kurtkasıdır. Ən çətin dönəmim institut illərim olub.O qədər olub ki,ayaqqabımın yamağını görən olmasın deyə, ayaqlarımı bir-birinin üzərinə aşırtmağım.Yaxşı oxumuşam, bunu müəllimlərimdə təsdiqləyə bilər, təbii ki,rəhmətə gedənlər də var. Allah hamısına rəhmət eləsin. Bir müəllimim vardı, dövlət mükafatı laureatı almışdı, Aydın Dadaşov. Kinodramaturgiya nəzəriyyəsindən o, həmişə əlimdən tutub aparıb başqa qruplara örnək göstərərdi məni ki,bax bu qədər zülmlərin içində bir dənə də dördü yoxdur,əla oxuyur.Natiq Rəsizadə, Allah ona can sağlığı versin. Natiq müəllim mənim müəllimim olub.

 

Dostluq sizinçün nə deməkdir?

 

– Belə bir deyim var “Qarğalar zibilliyə, bülbüllər güllüyə aparar”.Mən o insanlarla dostluq etmişəm ki,onlar məni güllüyə aparıb.Məsələn, bu yaxınlarda da verilişində olduq, siz də o verilişdə idiniz. Elçin Əlibəyli,mən o qədər çox istəyirəm o insanı.Onunla eyni vaxtda institutda oxumuşam və ən əsas onu qeyd edim ki,məni televiziyaya Elçin Əlibəyli gətirib. Əlimə ilk dəfə qazandığım çörək pulumu, maaşımı onun sayəsində almışam. Buna görə Elçin Əlibəyliyə minnətdaram.Elçin Əlibəyli və “SOY” prodakşnın rəhbəri Oktay Əliyevə,rejissor və bədii  rəhbəri Siyavuş Hüseynliyə  borcluyam. Onlar mənə böyük təkamül yaradıblar.O illərdə gedib başqaları ilə də dostluq edə bilərdim. Biz onsuzda orta məktəbi bir yerdə oxumuşduq,ancaq universitet illərində Elçin Əlibəyliylə birgə biz kimlərlə tanış olduq,onunla dünya ədəbiyyatını tanıdım.Ancaq o qədər çətinliyim olub ki,bayaq maşınla gələndə biraz yuxarıda saxladım, siz dediniz ki,piyada gəlməklə aranız yoxdurmu? Mən o qədər piyada yerimişəm ki. Biz yataqxanada qalırdıq, Nərimanovda. Hərhalda Nərimanovla Elmlər Akademiyası arasında məsafə çox böyükdür. Mən piyada gəlib getmişəm 3 ay, 4ay o yolu.Çünki səhər tezdən oyanmışam,görmüşəm ki, mənə yol pulu verilsə, evdə çörək pulu olmayacaq.Mən o qədər yolu piyada yerimişəm, bəlkə də piyada yeriməkdən doymuşam.

16 ildir mənimlə birgə çalışır, Elvin Kərimov və son illərdir ki,pul qazanırıq biz.10 ildir Elvin mənimlə təmənnasız çalışır, çünki mən dostluğu bacarmışam.O mənim dostumdur,indi də birgə çörək qazanırıq.

 

Bəs Mikayıl bəyi sevənlər öz toylarında görməkçün nə qədər büdcə ayırmalıdırlar.

 

– Büdcəni məni tanıyanlar bilir ki, mən heç vaxt demirəm.Məni istəyib çağırırlarsa, mən bütün toylara gedirəm, fərqi yoxdur, üç manat, ya beş manat.Bu gün kimsə kiminsə oturduğu yerdə qapısını döyüb 5 manat pul verirmi?Yox! İkincisi də daş daşımırsanki, qabağına çayını gətirirlər, çörəyini gətirirlər, səninlə şəkil çəkdirirlər və səni istəyirlər.Mən pul deyiləm ki,hamının xoşuna gəlim.

 

Sizə daim uğurlar diləyir və təşəkkür edirəm. Son olaraq formatında dəyişiklik olacaqmı verilişin?

 

– Yox,formatda hələki, elə bir yenilik yoxdur, gözlənilmir də, gedirik bu uğurla.Bir yenilik olsa onsuz da görəcəklər.Siz də sağ olun, var olun. Ən birinci odur ki, sayıb, çağırıb müsahibə aldınız məndən, almaya da bilərdiniz.Təşəkkür edirəm.

Müəllif: Günay Fuadqızı

 

 

 

BIR CAVAB BURAXIN