Məktəbdə baytarı müəllim, müəllimisə xadimə götürüblər… – Təhsil rüsvayçılığı

0
641

Abşeron rayonu, Masazır 2 nömrəli kənd məktəbinin müəllimləri direktorun özbaşınalığı ilə bağlı ictimaiyyətə müraciət ediblər. Məktəb kollektivinin sözlərinə görə, direktor aidiyyəti qurumlara edilən müraciətlərin qarşısını aldığından onların problemi ilə maraqlanan yoxdur.

Məktəbin müəllimləri AzNews.az-a müraciət edərək direktorun bütün qayda-qanunları aşan əməlləriylə bağlı danışıblar. Bildiriblər ki, 1 il yarımdır, məktəbə direktor vəzifəsinə təyin edilən İbrahim Təhməzov məktəbin düzənini pozub, əlavə ştatlar açaraq müəllimlərin dərs yükünü azaldıb.

10 ilə yaxındır ki, sözügedən məktəbdə işləyən Ulduzxan Əsgərovun sözlərinə görə, məktəbin əvvəlki direktoru elə İ.Təhməzovun həyat yoldaşı olub: “Çox yaxşı insan, çox yaxşı qadın idi. Onun dövründə məktəbdə çox gözəl kollektivimiz var idi. Xeyir-şər, böyük-kiçik hər şey qaydasında idi. İbrahim Təhməzov gələndən sonra hər şey pozulub. Müəllimlər arasında əvvəlki xətir-hörmət qalmayıb. Müəllimlər bir-biri ilə, əsasən də direktorla didişir. Məktəb fəlakət qarşısındadır”.

BİR İLƏ 30 MÜƏLLİM IŞƏ GÖTÜRÜLÜB… HƏRƏSİNDƏN DƏ 5000…

37 illik müəllim stajı olan U. Əsgərov yeni direktorun gəlişindən sonra məktəbə 30 müəllim götürüldüyünü deyir:

muellim

“İşə götürülən müəllimlərin hamısından pul alır. Direktor Təhsil qanunlarının bütün tələblərini pozur. Çünki məktəbə yeni müəllim yalnız vakansiya yarananda götürülə bilər. O da test üsulu ilə imtahan verib nazirlik xəttiylə gələ bilər. Lakin bu qayda bizim məktəbdə işləmir. Direktor pul verənlərin hamısını gətirir işə düzəldir. Məktəbimizdə elə müəllimlər işləyir ki, onlar heç pedaqoq da deyil. Pul alır, gətirir, o müəllimdən 5 saat kəsir, bu müəllimdən 3 saat kəsir, ona dərs yükü verir. Gələn adamlar da 1 ay sonra peşman olur. Artıq nə pulunu ala bilir, nə də işdən gedə bilir”.

Adının çəkilməsini istəməyən digər şikayətçi müəllim bildirir ki, İ.Təhməzov bir müəllimi işə qəbul etmək üçün ən az 5000 manat pul istəyir: “İşə götürdüyü son 3 nəfərin hərəsindən 5000 və 7000 dollar, birindən isə 5000 manat alıb. Söhbət əsnasında bu məbləğləri öyrənmişik. Bizim məktəbimizdə 800 uşaq var. Bu qədər şagird sayına da maksimum 80 müəllim düşür ki, belə məktəblər də sıx sayılır. 1 müəllimə 10 uşaq düşür. Lakin bizdə 130 müəllim var. 1 müəllimə 6-7 uşaq düşür. Bu, hansı qayda-qanuna sığır?”

MÜƏLLİMLƏRİN ADINDAN SAXTA ƏRİZƏLƏR YAZIR

Müəllimlər yeni gətirilən müəllimlərə ayrılan dərs yükünün də digər müəllimlərdən kəsildiyini söyləyir: “İşə götürdüyü müəllimlərə dərs vermək üçün o biri müəllimlərdən kəsməlidir axı. Ona görə köhnə müəllimlərin adından ərizə yazır. Şəxsən bizim adımızdan ərizə yazıb. Xəbərimiz olmayıb. Maaşımızı az verdilər, mühasibatlığa getdik, soruşuruq ki, niyə maaşımızı az verirsiniz? Deyir özünüz ərizə yazıb, imtina eləmisiz dərslərindən. Baxırıq ki, bizim əvəzimdən ərizə yazıb, bir imzalar da atıb, verib mühasibatlığa. O cümlədən, onlarla müəllimin adından belə ərizələr yazıb, təzə müəllimlər üçün dərs yükü ayırıb. Bütün bunlar ona azlıq edir. Məktəbdə 20-30 texniki işçi olmalıdır. Amma 3-4-ü görünür. Bu 3-4 nəfər 30 nəfərin işini görür. Yerdə qalan texniki işçilərin hamısının pulunu direktor alır. Tanıdığı adamları gətirir yazdırır, onların adı rəsmi ştatda gedir, maaşlarını direktor alır. Onun işə müəllim götürməsi səbəbindən digər müəllimləri maaşları təxminən 200 manat civarında azalıb. Məsələn, tarix fənnindən 3 müəllimə yer var. Amma 8 müəllim götürüb. Digər müəllimlərin hamısını müvəqqəti saxta əmrlə götürüb. Guya, analıq məzuniyyətinə gedən var. Onu əvəzləyəcək. Lakin hamısı yalandır”.

ŞTAT YERLƏRİ DOLUDUĞUNDAN, MƏKTƏBİN HƏYƏTİNİ SATIB…

Müəllimlərlə söhbət zamanı məlum olur ki, məktəbi “biznes mərkəzinə” çevirən direktor əvvəllər torpaq alveriylə məşğul olurmuş. Bu vərdişini direktor vəzifəsini qazanandan sonra da davam etdirib: “Məktəbin həyətyanı sahəsini satmışdı. Ağsaqqallar işə qarışandan sonra pulu geri qaytardı. Nə idarəetməni bilir, nə ixtisasını bilir, nə ümumi savadı var. Amma “qara iş”ləri elə gözəl bilir ki… Kollektiv olaraq onunla işləyə bilmirik. Nə təlim qalıb, nə tərbiyə. Əvvəl qaçqın məktəbində direktor olub. 11 nömrəli Laçın məktəbində. 18 il orada işləyib. Özü də deyir ki, mən o məktəbdə də belə işləmişəm. 6 il bundan əvvəl onun direktoru olduğu həmin məktəbdə analoji hadisələr yaşanmışdı. Məktəbin həyətini satmışdı. Otaqlarını satmışdı. Lakin hansısa yollarla özünü qurtarmağı bacardı”.

Müəllimlər direktorun bu əməllərlə kifayətlənmədiyini, şagirdlərdən də rüşvət aldığını deyir:

“Qanunla 11-ci sinif şagirdləri hər gün dərsə gəlməlidir, ilin sonunda da imtahanını verib attestat almalıdır. Amma bizim məktəbdə belə deyil. Direktor 11-ci siniflərlə danışır, hesabını alır. Şagirdlər də ilin əvvəlində gedir, bir də attestat almağa gəlirlər”.

“HƏR GÜN DAVA-DALAŞDI”

Direktorun daha bir özbaşınalığı və qazanc yeri laborantlarla bağlıdır: “Laborantlarla bağlı da qanunsuzluq baş alıb gedir. Tutaq ki, 3 nəfər laborant ştatı var məktəbimizdə. 3 nəfərin yerinə 9 nəfər götürür. Onlardan pulu laborantlıq vəzifəsinə görə alır. Aldadır ki, siz laborantsınız. Amma həmin şəxsləri 2-3 ay ərzində xadimə kimi rəsmiləşdirir. Laborantlıq vəzifəsinə gələn adam da maaşı o vəzifəyə görə yox, xadimə vəzifəsinə görə alır. Kitabxanaçı kimi götürdüyünü xadimə kimi rəsmiləşdirir. Buna görə də, məktəbdə hər gün dava-dalaşdı. Laborantlığa görə 150 manat almalı olan şəxs, 110 manat alır, nəticədə əslində, ştat olaraq xadimə vəzifəsində olduğunu öyrənəndə, direktorla dalaşır, onların valideynləri gəlir. Məktəbdə sakit bir günümüz yoxdur”.

MAKLERLİKDƏN DİREKTORLUĞA

Müəllimlər maraqlı bir məqama da toxunublar: “Əsasnamə var ki, daimi qeydiyyatı olan, pedaqoji stajı 5 ildən çox olan ən qabaqcıl müəllim test üsulu ilə imtahan verib keçəndən sonra gəlib məktəb direktoru ola bilər. Amma İbrahim Təhməzovun daimi qeydiyyatı yoxdur. Çünki qaçqınların daimi qeydiyyatı yoxdur. Onun yerli məktəbin direktoru olması özü düzgün deyil. Hazırda 99 faiz müəllim direktordan şikayətçidir. Amma heç kim ictimai şəkildə dilə gətirmir”.

Müəllimlərin söhbəti zamanı məlum olur ki, direktorun özünəməxsus idarəçiliyi və kadr siyasəti nəticəsində məktəbdə bütün ixtisas sahibləri dərs deyə bilir. Direktorun yeni götürdüyü müəllimlər içərisində baytar həkimindən tutmuş, avtomobil mühəndisi, hətta stomatoloq da var. Pisi odur ki, bu məktəbdə bəzən baytar müəllim ştatına, ixtisasca müəllim-pedaqoq olanlar isə, süpürgəçi, xadimə ştatına götürülür. Təyinat hansı ixtisasa yiyələnməklə bağlı deyil, verilən “şirinliyin” miqdarıyla müəyyənləşir.

İttihamlarla bağlı direktorun özüylə heç cür danışmaq imkanı olmadı.

Təhsil Nazirliyinin reaksiyasını isə yayımlayacağıq.

BIR CAVAB BURAXIN