Lev Qumilyov – türk dünyası haqqında həqiqətləri dünyaya çatdıran alim (4)

0
1832

 Arazinfo. com saytı  tədqiqatçı jurnalist Əziz Mustafanın “Lev Qumilyov – türk dünyası haqqında həqiqətləri dünyaya çatdıran alim”adl, araşdırmasının 4-cü, sonuncu hissəsini təqdim edir

“Qədim türklər” və etibarsız adam

1956-cı ildə həbsdən azad olduqdan sonra Lev Qumilyov yenidən Leninqrada qayıtdı. Qumilyovu həbsdən əvvəl şəxsən tanıyan və hörmət edən Leninqrad Dövlət Ermitajının direktoru M. İ. Artamanov onu kitabxanaçı kimi işə götürdü. Lev Qumilyov burada hamiləliyə görə analıq məzuniyyətinə çıxanların və xəsətələrin yerinə bir müddət kitabxanaçı işlədi. Ermitajın kitabxanasında işlədiyi vaxt türklərin həqiqi tarixini tədqiq etməsinə görə dəfələrlə cəzalandırılmasından qorxmayaraq bu sahədə işini davam etdirdi. Bu məqsədlə də Lev Qumilyov qədim türklərin az və özü də düşməncəsinə araşdırılan  qədim tarixini yenidən tədqiq etməyə başladı. Bu araşdırmaları nəticəsində o, 1961-cü ildə “Qədim türklər” mövzusunda tarix üzrə doktorluq dissertasiyasını müdafiə edir. Ancaq ona yenə inanmırlar, məhz buna görə alimi Tarix institutuna işə götürmürlər. Bununla bağlı dərkənarda belə yazılmışdı: “Tarix üçün kifayət qədər etibarlı deyil”.

Ona etibar etmirdilər, o sosializm cəmiyyətinin gözdən düşmüş  insanlarından biri idi. Amma onu sındırmaq da asan  deyildi. Bir sözlə Lev Qumilyov ona kənardan edilən çoxsaylı təzyiqlərə, təhqirlərə baxmayaraq türk tarixinin tədqiqini davam etdirirdi.

“Qədim türklər” kitabında qədim  türk  dövlətinin  yaranması,  inkişafı  və  süqutu  tarixi  tədqiq edilir. Müəllif türklərin siyasi həyatını, onların məişətini, dinigörüşlərini və mədəniyyətini zəngin  materiallar əsasında araşdırır, iki dövrün qovşağında – qədim və orta əsrlərdə Orta Asiyada köçərilərin həyat tərzini işıqlandırır. Kitabda türk anlayışının yaranması, bu  ifadənin  formalaşmasında mühüm rolu olan türk  tayfalarının ictimai-iqtisadi vəziyyəti, bir çox türkdilli  tayfalar arasında tutduqları mövqe də diqqəti cəlb edir.

Kitabda qədim türk tayfaları olan türkyutlar, doqquz-oğuzlar, türkeşlər, karluklar, kidanlar, uyğurlar, qırğızların və Altay, Sibir çöllərində yaşayan bir çox türk tayfalarının ictimai vəziyyəti, bir-birilərinə qarşı apardıqları bədnam siyasətləri də tədqiq edilib. Müəllif öz tədqiqatında qədim türklərin dünyagörüşünün  formalaşmasına təsir göstərən amillər üzərində də ayrıca dayanmışdır. Orxon-Yenisey  abidələri, habelə qədim Çin salnaməçilərinin, şairlərinin şeirləri əsasında qədim türklərin ideologiyasını, əski baxışlarını araşdıran tədqiqatçı türkoloq alim bu qənaətə gəlir ki, Tibetdə, Çində, Altayda və böyük Sibir çöllərində yaşayan türklərin dini dünyagörüşü arasında böyük fərqlər vardır.

VII əsrin ortalarından başlayaraq qədim türk xaqanlıqlarının zəifləyib parçalanmalara  məruz  qalması onun süqutunu daha da sürətləndirdi. Türk xaqanlığı süquta uğrasa da, bu heç də  türk  xalqının məhv olması demək deyildi. Türklərin yenidən əsarət altına düşməsi, ayrı-ayrı vaxtlarda Çin  sərhəd qoşunlarına qarşı üsyana qalxmaları onların kütləvi surətdə qırılmasına gətirib çıxartdı. Türklər artıq möhtəşəm bir xalq kimi deyil, ölüm pəncəsindən qurtulmaq üçün hara gəldi başını götürüb qaçmış bir köçəri zəif tayfa kimi Sibirin, Tibetin, Altayın düzəngahlarına səpələnməyə başladılar. (Mənbə: Vəli Həbiboğlu Fəlsəfə elmləri namizədi)

Lev Qumilyov “Qədim türklər” əsərində yazır: “Qərbi Avropa və Çin arasındakı nəhəng ərazi tarixçilərin diqqətini cəlb etməmiş, buna görə də tədqiqat mərkəzindən kənarda qalmışdır. Bu ərazini qədim dövrlərdə yunanlar Skifistan, farslar Turan, çinlilər isə “şimal barbarları” adlandırmışlar”.

Onun qədim türklərinə tarixinə yeni müstəvidən yanaşması və özündən əvvəlki tarixçilərin türkləri tarixi olmayan  vəhşi və barbar xalq kimi qələmə verməsini tutarlı faktlarla alt-üst etməsi SSRİ Şərqşünaslıq elmində güclü əks-səda verdi. Qumilyovun simasında dövrünün ən istedadlı tarixçi-türkoloq alimini görən və bunu yüksək qiymətləndirən Leninqrad dövlət Universitetinin (LQU) rektoru, SSRİ Elmlər Akademiyasının müxbir üzvü A. D. Aleksandrov onu öz yanına dəvət edir.

Aleksandrov Qumilyovu LQU nəzdində fəaliyyət göstərən Coğrafiya Elmi-Tədiqat İnstitunda elmi işçi kimi işə götürür. Az sonra isə Aleksandrovun şəxsi təşəbbüsü ilə Qumilyov adı çəkilən institutda baş elmi işlçi vəzifəzinə təyin edilir. Qumilyov buna paralel olaraq LQU-da “Xalqşünaslıq” fənnindən dərs deyir. Elmi axtarışlara olan sonsuz marağı Qumilyovun ikinci dəfə doktorluq dissertasiyası yazmasına gətirib çıxarır. Bununla da o, SSRİ-nin məşhur tarixçi alimləri arasında ikinci dəfə doktorluq disseratsiyası yazaraq müdafiə edən ilk alim olur. Bu dəfə onun doktorluq dissertasiyası coğrafiyaya aid idi. Dissertasiya “Etnogenez və Yerin biosferi” adlanırdı. Amma SSRİ Ali Attestasiya Komissiyası (AAK) bu dissertasiyanı təsdiq etmədi. Dissertasiyanın təsdiq edilməməsinə gülməli bir səbəb göstərilmişdi: “Dissertasiya doktorluq səviyyəsindən çox yüksək səviyyədə yazılıb. Ona görə də onu doktorluq dissertasiyası kimi təsdiq etmək mümkün deyil”.

Tatarıstanın paytaxtı Kazanda Lev Qumilyova qoyulan abidə

Halbuki Qumilyov bu əsərində  dünya tarixinin böyük hadisələrini, imperiyaların, xalqların yaranışının inkişafı və süqutunu izah edirdi. Əsərin əsasında passionarlıq nəzəriyyəsi dayanırdı. O, elmi dəlillərlə sübut edirdi ki, passionarlıq kosmosdan gələn enerjinin xüsusi bir formasıdır. O yazırdı ki, bəşəriyyətin elmi inkişafının, insanların yeni ərazilər işğal etməsinın əsasında məhz passionarlıq durur. Məşhur alim onu da etiraf edirdi ki, passionarlığın çox olması bəşəriyyət üçün facələr deməkdir. Ancaq, passionarlıq olmadan elmi inkişaf və tərəqqidən də danışmağa dəyməz. Amma hər şeydə sosialist realizmi axtaran və elmi yalançı ideyalara qurban verən əksər sovet tarixçiləri bu nəzəriyyəni qəbul etməyərək onu dəlinin sayıqlamaları adlandırdılar. Ona görə də alimin bu əsərinin çapı qadağan edildi.

Əslində bu məsələdə yenə də türk düşmənçiliyi hiss olunurdu. Çünki ötən əsrin 70-ci illərinin oratlarından başlayaraq SSRİ-də panrusizm , rus millətçiliyi baş qaldırmağa başlamışdı.  Bu qorxulu xəstəlik SSRİ Ali Attestasiya Komissiyasının bir çox üzvünə də yoluxmuşdu və nəticədə onlar Qumilyovun simasında yenidən rusların düşmənini görməyə başlamışdılar. 1974-cü ildə Qumilyov tərəfindən doktorluq dissetasiyası kimi müdafiə edilən, anacaq AAK tərəfindən təsdiq edilməyən “Etnogenez və Yerin biosferi” 1989-cu ildə ayrı kitab kimi çapdan çıxdı və qısa müddətdən sonra satılaraq qurtardı və müəllifinə böyük şöhrət gətirdi. Ümumiyyətlə onu da deyək ki, Qumilyovun türk dünyasının tarixinə həsr edilən tədqiqatları SSRİ-nin  ali elmi dairələrində həmişə şübhə və ehtiyatla qarşılanırdı. Belə ki, 1959-cu ildən başlayaraq Qumilyovun elmi məqalələri böyük senzuraya məruz qalırdı və ixtisararla elmi ictimaiyyətə təqdim edilirdi. Ancaq bu ixtisarlar belə Qumilyovun elmi məqalələrinə olan böyük marağı azalda bilmirdi. Sərt senzuradan xilas olmaq üçün Qumilyov öz elmi məqalələrini SSRİ Coğrafiya Cəmiyyətinin Leninqrad şöbəsi tərəfindən nəşr edilən elmi məcmuədə nəşr etdirirdi. 1974-cü ildə ikinci dəfə doktorluq dissertasiyasını müdafiə etdikdən sonra “Leninqrad Univesitetinin Xəbərləri”ndə “Landşaft və etnos” seriyası altında adı çəkilən elmi dissertasiyasını dərc etdirməyə başladı. Bir müddət sonra bundan xəbər tutan SSRİ AAK-dakı millətçi alimlər Qumilyovun  “Leninqrad Univesitetinin Xəbərləri”ndə yazılarının dərc olunmasına qadağa qoydular. Buna baxmayaraq Qumilyov müxtəlif yollarla türklərin qədim tarixilərinə, onların yaşadıqları dövrün coğrafiyası, iqlimi, təbii landşaftı barədə rədqiqatlarını davam etdirdi. O hazırda Orta Asiya adlandırılan qədim Türküstanda yaşayan xalqların lap qədimlərdən orta əsrlərə qədər olan tarixini, coğtafiyasını, türk xalqlarının mədəni məişətini, adət-ənənələrini, onlar arasında etnik, mədəni yaxınlıqları dərindən tədqiq edərək dünya Türk tarixinə yeni yanaşmanın əsaslarını qoydu. Onun bu elmi tədqiqatları türk tarixini təhrif edənlərə, onu barbar adlandıranlara vurulan güclü şillə  oldu. Bu baxımdan idman dili ilə desək Qumilyovu öz rəqiblərini rinqdə nokauta salan mahir bir bokçu ilə müqayisə etmək olar.  Qumilyovun ən böyük xidmətlərindən biri də onun Qədim Rusiya və Böyük çöldə yaşayan türklər arasında mədəni, etnik yaxınlığı elmi əsaslarla sübut etməsi oldu. O, müasir rusların belə demək mümkünsə böyük əksəriyyətinin dillərini və adlarını dəyişən türklər olduğunu elmi şəkildə əsaslandırdı. Ona görə də  SSRİ-nin ali dairələrində onu sevmirdilər və hər vasitə ilə Qumilyovun elmi fəaliyyətinin üstünə kölgə salmağa çalışırdılar. Buna baxmayaraq Qumilyovun türklərin qədim tarixinə həsr etdiyi elmi araşdırmaları xaricdə belə ona geniş şöhrət qazandırmışdı. Onu bununla bağlı xarici ölkələrin aparıcı şərqşünaslıq mərkəzlərində məruzələr oxumağa dəvət edirdilər. Lakin həbsdə olan adam damğası adı altında Qumilyovun xarici ölkələrdə elmi məruzələr etməsinə qadağa qoymuşdular.

Lakin o, şəxsi dəvət ilə YUNESKO  tərəfindən təşkil edilən arxeologiya və tarixə həsr edilən bir çox elmi konfranslarda iştirak edə bildi. Eyni zamanda Qumilyovu ABŞ, İngiltərə, Türkiyə, İtaliya və Qərbi Almaniyadak tarixə ve arxeologiyaya həsr edilən elmi konfranslara dəvət etmişdilər. Lakin əksər hallarda SSRi Elmlər Akademiyası rəhbərləri müxtəlif bəhanələrlə ona bu konfranslarda iştirak etməyə icazə vermirdilər.

 Qadağalara baxmayaraq Qumilyovun türk tarixinə, çoğrafiyasına həsr edilən elmi əsərləri dünyanın bütün aparıcı ölkələrinin dillərinə tərcümə olunub. Bir çox Qərb ölkələrinin ali məktəblərində Qumilyovun türk tarixinə həsr edilən elmi tədqiqat əsərlərindən dərslik kimi istifadə olunur. Qumilyovun bu baxımdan türk tarixi qarşısında xidmətləri olduqca böyükdür. O, dünya elmində qədim türk tarixini tədqiq edən və bu zaman tarixi həqiqətləri cəsarətlə ortaya qoyan məşhur bir tarixçi kimi qalacaq.

Onu da bir daha qeyd edək ki, Lev Qumilyovun irəli sürdüyü konsepsiyaya görə, slavyanlar və türklər arasında dostluq əlaqələri zaman-zaman bütün Avrasiyanın həyat tərzinə çevrilmişdir.

Sankt-Peterburqda Lev Qumilyova abidə

Nəhayət görkəmli alim Lev Qumilyovun “Etnogenez və yerin biosferi”, “Qədim türklər”, “Xəzər ətrafında minillik”, “Son və yenidən başlanğıc”, “Birinci türk xaqanlığının müfəssəl siyasi tarixi” kitablarının və digər fundamental əsərləri min illər bundan sonra belə Türk dünyası tarixinin öyrənilməsində əvəzsiz bir mənbə olaraqqalmaqda davam edəcək.

Lev Qumilyov Azərbaycan türklərinə da hörmət və məhəbbətlə yanşıb. O, öz xatirələrində yazırdı: ”Azərbaycanlılar anadan hərbiçi doğulurlar. Savaşmaq, mübarizə aparmaq bu millətin qanındadır. Onlar cəsur bir türk xalqıdır.”

(Qoşqar Salmanlı  “Erməni terrorunun qurbani olan general….”Poliqon” Analitik-İnformasiya agentliyi 11noyabr 2012-ci il.)

Yeri gəlmişkən, onu da fəxrlə xatırladaq ki, Qumilyovun məşhur “Xəzər ətrafında min il” əsəri Rusiyada qadağan olunduğu vaxtlarda ilk dəfə Bakıda Sabir Rüstəmxanlının “Yazıçı” Nəşriyyatında rəhbər olduğu vaxtda işıq üzü görüb…

( Mənbə: İlham Tumas  “Meqlubedilmez Lev dastanı” Lent.az İA 01 Oktyabr 2012-ci il)

 

 Lev Qumilyov 1992-ci il iyun ayının 15-də Sankt-Peterburqda ( Leninqrad) vəfat edib.

1996-cı ildə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin inzaladığı sərəncamla ölkənin paytaxtı Astanadakı Avrasiya Universitetrinə Lev Qumilyovun adı verilib. 2002-ci ildə isə bu universitetdə Lev Qumilyovun xatirəsinə onun kabinet-muzeyi yaradılıb. Ölümündən 13 il sonra, 2005-ci ildə Tatarsıstanın paytaxtı Kazanda türk dünyasının bu böyük tarixçisinin abidəsi ucaldılıb.

 Lev Qumilyovun xatirəsi türk dünyasında ən sevimli tarixçilərdən biri kimi anılmaqdadır. Məşhur türkoloq tarixçinin anadan olmasının 100 illiyi Qırğızıstanın paytaxtı Bişkekdə, Qazaxıstanda, Azərbaycanda bə digər türk respublikalarında böyük təntənə ilə qeyd edilmişdir. Bu müstəvidə də Bişkekdəki Qırğızıstan Milli Kitabxanasında türk dünyasının tanınmış tədqiqatçısı, etnoloq, sosioloq və tarixçi alim Lev Qumilyovun anadan olmasının 100 illik yubileyinə həsr edilmiş sərgi açılmışdır. Sərgidə Lev Qumilyovun elmi əsərləri, poetik və ədəbi yaradıcılığı, böyük türkoloq alimin məqalə və kitabları, həmçinin onun haqqında yazılmış əsərləri nümayiş etdirilib.

Qazaxıstanın paytaxtı Astanada həmçinin türk dünyasının tanınmış tədqiqatçısı Lev Qumilyovun anadan olmasının 100 illik yubileyi münasibətilə xatirə markası buraxılmışdır. Xatirə markasının Lev Qumilyov adına Avrasiya Milli Universitetində keçirilən təqdimat mərasimində deyilmişdir ki, markanın sifarişçisi də bu ali təhsil ocağıdır. Artıq “Kazpoçta” Səhmdar Cəmiyyəti tərəfindən dövriyyəyə buraxılmış xatirə markasının sayı 30 min ədəddir. Qeyd olunmuşdur ki, markanın hazırlanması ideyası universitetin rektoru Erlan Sadıkova məxsusdur, rəssamı isə Daniyar Muxammedjanovdur.

Bir sözlə özü də xristianlığı qəbul edərək ruslaşmış tatar nəslindən olan Lev Qumilyova tale öz əcdadlarının tarixini yazmaq nəsib elədi və bununla da o adını Türk dünyası tarixinə əbədi olaraq həkk etdirdi.

Əziz Mustafa

BIR CAVAB BURAXIN