Lazım olsa, Rəşad Sadıqovu… – Qurbanov

0
508

Məğlub olmaq istəməzdik. Amma məğlubiyyəti nə qədər tez görsək, işimiz bir o qədər yaxşı olacaq. Oyundan razı qaldım. Hücumlar təşkil edirdik. Oyunçular istəkli idilər. Qarşıdakı oyunlar bundan da ağır olacaq. Rəqiblər müdafiədən oynayıb, əks-hücumlara üstünlük verəcəklər. Buna hazır olmalıyıq.

Report xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov Bakı Olimpiya Stadionunda keçirilən yoldaşlıq matçında Belarus yığmasına 0:1 hesablı məğlubiyyətdən sonra deyib.

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

Araz Abdullayevlə Elvin Yunuszadənin heyətdə yer almaması nə ilə əlaqədar idi?

– Futbolçular kiçik xətaya yol verdilər. Ona görə də heyətə salmadıq.

Yığmada debüt edənlərdən razı qaldınız?

– Bəli. Çox razı qaldım. Bəzilərinin 30-31 yaşı var. Amma millidə indi debüt etdilər.

Oyundan razı qaldığınızı dediniz. Bəs nədən razı qalmadınız?

– İlk növbədə, nəticədən. İkinci isə təkbətək mübarizələrdə möhkəm olmalıyıq. Bunun üzərində işləməliyik.

Abdullayevlə Yunuszadə Antalyaya Makedoniya ilə oyuna aparılacaq?

– Onların hərəkəti böyük xəta deyil. Otelə qayıdıb danışandan sonra qərar verəcəyəm. Ola bilər ki, biri getsin, digəri yox.

U-21-in Kosovo ilə oyunu barədə nə deyə bilərsiniz?

– İzlədim və razı qaldım. Belə hava şəraitində düşündüyümüz futbolu sərgiləmək alınmaz. Amma intizamlı oyun gördüm. Hər futbolçu meydanda topsuz belə nə etmək lazım olduğunu bilirdi. Hər şey yaxşılığa doğru gedir.

Həm aşağı yaş qruplarından ibarət yığmalar, U-21, həm də əsas milli qol vurmaq baxımından çətinlik çəkir. Bölgələrdə futbol akademiyalarının açılmasının vaxtı deyil?

– Bu yöndə işlər gedir. Ola bilər hardasa bir az zəifdir. Bu məsələni İcraiyyə Komitəsində qaldırıb-qaldırmayacağımı deyə bilmərəm. Bu barədə söhbətlər həmişə olur.

Bu gün Rəşad Sadıqova əvəzləyici axtarırsınız?

– Rəşad hələ oynayır. Əvəzləyici axtarıram desəm, düz çıxmaz. Bəlkə lazım olsa, Rəşadı yenidən yığmaya qaytaracağıq. Cəzalar, zədələr olur. Buna ehtiyac yarana bilər.

Rəşad Sadıqovun üç yerdə işləməsi fiziki baxımdan çətindir. Gələcəkdə uğursuzluq olarsa, bu, səbəb kimi göstərilə bilər. Bundan ehtiyatlanmırsınız?

– Hər bir lider elə-belə olmur. Öz işini bacaran adam lider olur. Onun bunlara gücü çatmayacağını düşünsək, tələb etməzdik. Uğursuzluqdan qorxsaydıq, bura gəlməzdik. İdmanda uğur da olur, uğursuzluq da. Bilsəm ki, uğursuzluq olsa, futbola nifrət edəcəyəm, onda bu gün karyeramı başa vurardım. Biz 4-5 il uğur qazanırıqsa, sonra nəticə zəif olanda bizim dəyərimiz itirsə, onda işləməyə dəyməz.

İlk hissədə cərimə zərbəsi ev tapşırığı idi. Sonra bunu görmədik. Bunu özünüz istəmədiniz?

– Bəzi ev tapşırıqlarını etməyə çalışırıq. Amma hamısını oyunda göstərmək istəmirik. Amma bəzi ev tapşırıqları var. Rəsmi matçlara qədər hazır etməyə çalışırıq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

one × 4 =