Lavrovu cəsarətləndirən Trampın Rusiya sevgisidirmi?

0
503

 

Ötən gün Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında “Dağlıq Qarabağ problemi Azərbaycanın daxili işi deyil”,-deməklə ölkəmizin ərazi bütövlüyünü təhdid altında qoyduğunu aydın şəkildə nümayiş etdirmiş oldu. Əslində Rusiyanın münaqişənin həllində ermənipərəst mövqe tutduğu, bu problemdən imperiyanı yenidən bərpa etmək üçün istifadə etməyə can atdığı öncədən məlum idi. Eyni zamanda Moskvnın Qarabağ münaqişəsindən hər iki ölkəni təzyiq altında saxlamaq məqsədi ilə gündəmdə saxladığı da heç kimə sirr deyildi. Hələ 1994-ü cü ildə tərəflər arasında atəşkəs elan ediləndən az sonra o vaxtkı Baş nazir Viktor Çernomırdinin imzası ilə 1995-1996-cı illər ərzində Rusiya Ermənistana 1,5 milyard dollar dəyərində silah vermişdi. Bu barədə isə ancaq 1996-cı ildə Rusiya və Azərbaycan ictimaiyyətinə məlumat verildi. Həmin dövrdə bu məsələnin araşdırılmasını tələb edən general Roxlin isə bir neçə il sonra müəmmalı şəkildə öldürüldü. Azərbaycanın məsələ ilə bağlı etirazına cavabında isə Rusiya Ermənistana silah verilməsinin araşdırılacağını vəd etdi və bununla əlaqədar komissiya yaradıldı. Lakin o vaxt aydın idi ki, komissiya formal olaraq yaradılıb və bu sadəcə olaraq Azərbaycanı sakitləşdirməyə yönəlib. Sonrakı illlərdə də Rusiya vasitəçilik missiyası adı altında Ermənistanı müdafiə etməkdə və onu silahlandırmaqda davam etdi və bu prosesdə ABŞ və Fransanı da özünün müttəfiqinə çevirə bildi. Ötən ilin aprel döyüşlərindən sonra da analoji hadisələr təkrarlandı. Rusiya cəbhədə Azərbaycanın uğurlu hərbi əməliyyatlarının qarşısını almaq üçün bütün vasitələrdən istifadə etdi və guya ilin sonuna kimi problemi həll edəcəyinə vədlər verdi. Amma döyüşlərin dayandırılmasına nail olaraq Ermənistanı ağır məğlubiyyətdən xilas edən Rusiya bunun ardınca Ermənistana “İskəndər” operativ taktiki raketləri verdi. Rusiya bununla da müttəfiqi Ermənistanı növbəti ağır məğlubiyyətə uğramaqdan sığortalamağa cəhd edir.

Əgər son günlərə kimi Rusiya Ermənistanı dəstəklədiyini müxtəlif yollarla ört-basdır etməyə cəhd edirdisə, Bordyujanın separatçı rejim haqqında “DQR” ifadəsini ışlətməsi, bunun ardınca Lavrovun Ermənistanı açıq şəkildə müdafiə etməsi Rusiyanın qarşıdan gələn aylarda Azərbaycanın ərazi bütövlüyü ilə hesablaşmayacağını göstərir. Bütün bunları isə zənnimizcə Rusiyanın Azərbaycana qarşı açıq düşmənçilik siyasəti yeritməyə başlaması kimi dəyərləndirmək olar.

Əslində Lavrovun gözlənilmədən kartları açaraq Ermənistanı müdafiə etməsi zənnimizcə beynəlxalq aləmdə baş verən son hadisələrlə əlaqədardır. Belə ki, ABŞ-da Rusiya tərəfindən ələ alındığı iddia edilən və addımbaşı Moskvaya münasibətdə xoş ifadələr işlədərək onlara rəğbətini biruzə verən Donald Trampın hakimiyyətə gəlməsi Moskvanın MDB məkanında və Şərqi Avropada əl-qolunu açmasına imkan verməkdədir. Əgər Rusiya dünənə kimi Qarabağ münaqişəsinin həllinə münasibətdə Azərbaycanı özündən uzaqlaşdırmamaq üçün ehtiyatlı hərəkət edirdisə, Trampın prezidentliyi dövründə buna ehtiyacının olmayacağını artıq indidən hiss etdirməyə başlayıb. Çünki NATO üzrə müttəfiqlərinin maraqlarını və təhlükəsizliyini ayaqlar altına atmağa hazırlaşan Tramp bununla da bu hərbi alyansa münasibətdə Rusiyanın maraqlarına uyğun hərəkət edəcəyini göstərməkdədir. Trampın Avropa Birliyinin dağılmasnın ilk nişanəsi hesab edilən Brexitə münasibətdə də onu dəstəkləməsi, qurumu tərk edən Böyük Britaniyaya təriflər yağdırması, Ağ evin yeni sahibinin öz müttəfiqlərini Moskvaya qurban verməyə hazırlaşması kimi də qəbul etmək olar. Təbii ki, NATO üzrə müttəfiqlərinin maraqlarını ayaqlar altına atan Tramp üçün MDB məkanı ölkələrinin yenidən Rusiyanın caynağına keçməsi ciddi əhəmiyyət daşımaya da bilər. Eyni sözləri Trampın Qarabağ, Abxaziya, Krım və digər MDB məkanındakı münaqişələrə münasibəti haqqında da demək olar. Məhz bu baxımdan Lavrovun Qarabağ münaqişəsinin həllində açıq şəkildə Ermənistanın tərəfində çıxış etməsini də Trampın Moskvanı cəsarətləndirməsi hesab etmək olar. Lakin Moskvanın “cəsarətinin” ona necə başa gələcəyini heç kim öncədən söyləmək olmaz. Tarixdə bütün imperiyaların dağılmasına səbəb də onların oxuduqları “son nəğməsi” olub. Çox ehtimal ki, Rusiyanı da belə bir tale gözləyəcək…

BIR CAVAB BURAXIN