Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub

0
1515

Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub

Laçın 18 may 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan ediblər. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb, 300-dən artıq hərbçi, eləcə də mülki şəxs həlak olub və itkin düşüb. Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğala məruz qalıb. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Təbii sərvətlərlə zəngin olan Laçın rayonunda Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turştiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar mövcuddur. Laçın rayonu Azərbaycan Respublikası BMT-yə üzv qəbul edildikdən (1992-ci il martın 2-si) 77 gün sonra – mayın 18-də işğal edilmişdi. Azərbaycanda səngimək bilməyən daxili siyasi qeyri-sabitlik, hakimiyyət uğrunda mübarizə bir tərəfdən erməni işğalçılarının cəbhədə yolunu açır, digər tərəfdən işğal faktlarını BMT-yə, dünyanın diqqətinə çatdırmaq imkanlarını məhdudlaşdırdı.BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində bilavasitə Laçının  adı çəkilməsə də, sənədlərdə yer alan “erməni silahlı dəstələrinin son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından”, “digər rayonlardan geri çəkilməsi” tələbi birbaşa Laçına aid idi.Laçının azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi.

Zərdab Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı- Kamal Xəlilov