Təxminən 16 il bundan əvvəl nəinki Rusiyada, həm də dünyada şok doğuran bir faciə baş verdi. 2000-ci il avqust ayının 12-də Rusiyanın və dünyanın ən müasir atom sualtı qayığı hesab edilən “Kursk” Barents dənizində müəmmalı şəkildə batdı. Sualtı qayıqdakı bütün heyət,118 nəfər isə bu faciənin qurbanına çevrildilər. Halbuki “Kursk” atom sualtı qayığı dünyanın ən müasir hərbi gəmilərindən biri hesab edilirdi. Həmin dövrdə Barents dənizində hərbi dəniz manevrləri keçirilirdi. Bu tədbirdə 2000-ci il mart ayınınn 8-də Rusiyanın prezidenti seçilmiş Vladimir Putin də iştirak etməli idi. Bu məqsədlə xüsusi mərasim keçirilməsi nəzərdə tutulmuşdu. Hərbi dəniz manevrləri Rusiyanın belə demək mümkünsə hərbi gücünə baxış hesab edilirdi. Putin ona görə də şəxsən hərbi dəniz təlimlərində iştirak etmək istəyirdi. Bu məqsədlə hərbi təlimlərə onlarla hərbi gəmi cəlb edilmişdi. Bu hərbi gəmilər içərisində “Kursk” sualtı atom gəmisi daha çox diqqəti cəlb edirdi. 1993-cü ildə inşa edilən bu sualtı qayıq bir sözlə Rusiya hərbi dəniz donanmasının fəxri hesab ediliridi. 2000-ci il avqust ayının 10-da Kolsk körfəzindən açıq dənizə çıxaraq hərbi dəniz təlimlərinə yollanan gəmi nəzərdə tutulan şərti obyekti məhv etmək üçün qanadlı raketdən atəş açmalı idi. Onun göyərtəsində 24 ədəd qanadlı “P-700 Qranit” raketi və 24 ədəd torpedo vardı. Sualtı hərbi qayığa 1-ci dərəcəli kapitan Gennadi Laçin komandanlıq edirdi. Avqustun 12-də səhər “Kursk” atom sualtı qayığı “P-700 Qranit” qanadlı raketi ilə “Admiral Kuznetsov” və “Böyük Pyotr” avia gəmisinə şərti “hücum” etməli idi. Hücuma hazırlıq səhər saat 9.40-da başlanmalı, 11.40-13.40 saatları arasında isə adı çəkllən gəmilərə “zərbə”lər endirilməsi nəzərdə tutulmuşdu. Saat 11.28-də “Böyük Pyotr” kreyserindəki hidroakustik aparat zəif atəş səsi qeydə aldı. Bundan sonra gəmi bərk silkələnsə də kapitan Vladimir Kasatonov buna ciddi şəkildə reaksiya vermədi. Həmin vaxt “Böyük Pyotr”un göyərtəsində olan Şimal hərbi dəniz qüvvələrinin komandanı Vyaçeslav Popov nə baş verdiyini soruşdu. Ona cavab verdilər ki, radiolokasiya stansiyasının antenası işə düşüb. Amma hərbi dəniz təlimlərini müxtəlif istiqamətlərdən müşahidə edən müşahidəçilər “Kursk”dan şərti hədəfə torpedo “zərbə”lərinin endirildiyini qeydə almadılar. Təlimləri izləyən komanda məntəqəsində də “Kursk” atom sualtı qayığının hərbi təlimlərdə iştirakını qeydə almamışdılar. Halbuki bu hərbi dəniz təlimlərində onun hədəfi sərrast şəkildə məhv etməsi Putinə Rusiyanın hərbi dəniz gücünün nümayiş etdirilməsi demək olmalı idi. Dərhal “Kursk” atom sualtı qayığı ilə əlaqə saxlamağa cəhd etdilər. Lakin bütün çağırışlara baxmayaraq “Kursk” atom sualtı qayığı inadla susmaqda davam edirdi. Sanki belə atom sualtı qayığı hərbi dəniz təlimlərində iştirak etmirdi. Bunu görən Şimal Hərbi Dəniz qüvvələri komandanı Vyaçeslav Popovun əmri ilə hərbi təyyarələr “Kursk”un axtarışına cəlb edildi. Amma “Kursk” atom sualtı qayığı sanki havaya buxarlanmışdı. Təlimlərin keçirildiyi Barents dənizi akvatoriyasında havadan və sualtından həyata keçirilən axtarışlar isə bir nəticə vermədi. Dərhal da Şimal hərbi dəniz qüvvələri komandanlığında “Kursk”un məhv olduğunu anladılar. Ancaq bu necə ola bilərdi? Bu atom sualtı qayığı nəinki Rusiyada, həm də dünyada ən müasir və güclü hərbi gəmilərdən biri hesab edilirdi. Qəza baş verəcəyi təqdirdə dərhal avtomatik şəkildə efirə “SOS” siqnalları göndərilməli idi. Bundan əlavə “Kursk” atom sualtı qayığındakı xüsusi cihaz qəza təhlükəsini qeydə alan kimi obyektin yeri barədə mərkəzi komandanlığa şifrəli məlumatla vəziyyət barədə məlumat verəcəkdi. Ancaq hər şeyə rəğmən bütün bunlar baş verməmişdi. “Kursk”un müəmmalı şəkildə yoxa çıxması hərbi dəniz komandanlığını və hadisədən xəbər tutan müdafiə nazirliyini təşvişə salmışdı. Üstəlik, belə bir vəziyyət hərbi dəniz təlimlərini şəxsən müşahidə edən prezident Vladimir Putinin ovqatının korlanmasına gətirib çıxarmışdı. Buna baxmayaraq Baretnts dənizində hərbi dəniz təlimləri davam etdirildi. Amma “Kursk”un yoxa çıxması hərbi dəniz təlimlərinin uğurla başa çatdırılması üzərinə kölgə salaraq komandanlığın kefini pozmuşdu. Axşam saatlarında “Kursk”la yenidən əlaqə saxlanılmasına cəhd edildi. Ancaq “Kursk” inadla susmaqda davam edirdi. Yalız axşam saat 23.00-da Şimal Hərbi dəniz qüvvələri komandanlığı “Kursk”un qəzaya uğramasını etiraf etməli oldu. İş orasındadır ki, “Kursk” sualtı qayığı qəzaya uğramasaydı hökmən özü barədə məlumat verməli, çağırışlara reaksiya göstərməli idi. Bu baxımdan “Kursk” sualtı qayığının qəzaya uğrayarkən bununla bağlı SOS göndərməməsi özü də komandanlıq üçün bir sirr olaraq qalırdı. Avqustun 13-də səhər tezdən Şimal Hərbi Dəniz qüvvələrinə məxsus olan bütün hərbi gəmilər, o cümlədən sualtı axtarış xilasedici qayıqları və hərbi vertolyotlar “Kursk”un axtarışına cəlb edildilər. Uzun və əzablı axtarışlardan sonra “Böyük Pyotr” kreyserindəki hidroakustik qeydəalma aparatı tərəfindən 108 metr dərinlikdə “Kursk” sualtı qayığı aşkar edildi.
Xilasetmə əməliyyatı
Avqustun 13-dən başlayaraq “Kursk”un xilas edilməsi üçün xüsusi əməliyyata başlanıldı. Xilasetmə əməliyyatına Şimal hərbi dəniz komandanlığına daxil olan demək olar bütün gəmilər cəlb edilmişdi. Amma bütün səylərə baxmayaraq “Kursk”u xilas etmək problemə çevrilmişdi. Avqustun 20-də Şimal Hərbi dəniz komandanlığı anladı ki, nəinki 7 gün, hətta 7 ay da çalışsalar “Kursk” atom sualtı qayığını suyun üzərinə qaldıra bilməyəcəklər. Bu barədə müdafdiə nazirliyinə də məlumat verildi. Eyni zamanda prezident Putinə də bu barədə raport təqdim etdilər. Uzun müzakirələrdən sonra kömək üçün Norveç hökumətinə müraciət edilməsi qərara alındı. Əslində Norveç hökuməti qəza baş verən ilk günlərdən Rusiyaya öz köməyini təklif etmişdi. Amma Rusiya Norveçin köməyindən imtina etmişdi. Çünkü batan sultı qayığı Rusiyanın özü su üzərinə qaldıra bilməməsi ölkənin imicini şübhə altına ala bilərdi. O vaxt Şimal Hərbi dəniz komandanlığı batan sualtı qayığın xilas edilməməsinin səbəbini ilk növbədə qəza baş verən yerdə güclü su axınlarının və burulğanların olması ilə izah edirdi. Amma hadisələrin gedişi göstərdi ki, qüdrətli hesab edilən Rusiya hərbi dəniz donanması öz gücünə “Kursk”u batdığı yerdən çıxara və qəzanın əsl səbəblərini aşkar edə bilməyəcək. Ona görə də, yeganə çıxış yolu Norveçin köməyini qəbul etməkdə idi. Rusiya rəhbərliyi çətin də olsa “Kursk” sualtı qayığının dənizin səthinə çıxarılması üçün Norveç hökumətinə müraciət edilməsi barədə qərar qəbul etdi. Rusiyadan yardım təklifi alan kimi Norveç hökuməti qəza baş verən yerə «Seaway Eagle» xilasedici gəmisini göndərdi. Norveç xilasediciləri ilk cəhddəcə “Kursk” atom sualtı qayığına yaxınlaşaraq onun qəza xilasetmə lükünü aça bildilər. Bundan sonra onlara 6 nəfər rus dalğıcı da qoşuldu. Sualtı qayığa daxil olan Norveç dalğıclar kəsmə aparatlarından istifadə etməklə çətinlklə də olsa gizli sənədlər və heyət olan yerlərə daxil oldular. Bundan sonra qəza nəticəsində ölən heyətin və gizli sənədlərin üzə çıxarılmasına başlandı. Xilasetmə əməliyyatları zamanı ən böyük təhlükə sualtı qayığın nüvə mərkəzinin zədələnməsi və ətrafa ölümsaçan şüaların yayılması ilə bağlı idi. Ancaq kəsici aparatlar hadisə yerində şüalanma qeydə almamışdı. Sualtı qayğın yoxlanılması zamanı məlum oldu ki, qəza nəticəsində o güclü zərbədən iki yerə bölünüb, ancaq xoşbəxtlikdən nüvə mərkəzi zədələnməmişdi. Norveç xiasedicilərinin “Kursk” sualtı qayığı ilə bağlı yüksək xilasedicilik məharəti nümayiş etdirməsinə dünya da heyran qalmışdı. O dövrdə Almaniyanın qəzetlərindən biri yazmışdı ki, əgər Norveç xilasediciləri köməyə gəlməsəydilər, ruslar illərlə “Kursk”a yaxınlaşa və ona daxil ola bilməyəcəkdilər. Rusiyanın özündə belə Norveç xilasedicilərinn məharəti böyük əks-səda doğurmuşdu. Halbuki Norveçin bu sahədə Rusiya ilə rəqabətə girə bilməsi məntiqi baxımdan ağlabatan görünmürdü. Norveç xilasedicilərin yüksək peşakarlıq nümayiş etdirməsi öz növbəsində göstərdi ki, Rusiya hərbi dəniz qüvvələri sahəsində Norveçdən belə geri qalmaqdadır. Burada bir maraqlı məqama da toxunmamaq olmur. Əgər Rusiya “Kursk” qəzaya uğradığı andan xilasedici əməliyyatlarda yardım üçün kömək əli uzadan Norveçə rədd cavabı verməsəydi, bəlkə də sualtı qayıqdakı heyətin çox hissiənin ölümdən xilas etmək mümkün olardı.
Əziz Mustafa
Oxundu: 14