Kriminal xəbərlər cəmiyyəti kriminallaşdırır…

0
679

 

İçimizdə elə adam olmaz ki, imkan daxilində ölkəmizdə fəaliyyət göstərən çoxsaylı radio kanallardan birini və ya bir neçəsini dinləməsin. Eyni zamanda həyatımızı televiziyasız da təsəvvür etməyin mümkün olmadığını hamımız bilirik. Təbii ki, istər ovqatımızın xoş, istərsə də bəzən müəyyən səbəblərdən mənəvi gərginlik keçirən vaxtında xoş bir söz eşitmək və səni əzən ağır yükdən xilas olmaq, yüngülləşmək üçün televiziya və ya radio kanallara üz tuturuq. Çox təəssüflər olsun ki, bu gün hansısa telekanalın qarşısında oturaraq sənə mənəvi rahatlıq gətirəcək bir veriliş tapmaq müşkül məsələyə çevrilib. Ən dəhşətlisi isə bu gün insanı televizya və ya radiodan diksindirən və onu vahiməyə salan kriminal xəbərlərin baş alıb getməsdir. Bu barədə son illərdə dəfələrlə danışılsa da xeyri yoxdur. “Aparıcı”ların insanın tüklərini biz-biz edən xəbərləri dinləyiciyiə və ya tamaşaçıya soyuqqanlıqla çatdırması özü də dəhşətdir. Sanki həmin xəbərləri oxuyan “aparıcı” sanki insanlıq simasını itirir. Bir neçə gün əvvəl atasını qətlə yetirən “öğul” barədə telekanalların birində məlumat verən aparıcı xanım sanki hansısa bir dəhşətdən deyil, adi toydan danışırdı. Mən eşitdiklərimə dözə bilməyərək kanalı dəyişdirdim. Tərs kimi bir azdan digər bir yerli telekanalımızda da eyni xəbər, eyni soyuqqanlıqla tamaşaçıya çatdırıldı: Qeyri-ixtiyari olaraq bir neçə gün bundan əvvəl Masazırdan Bakıya gələn sərnişin avtobusunda baş verən hadisəni xatırladım. Radiokanallardan birinin N. adlı aparıcısı 5 xəbər oxudu və bu 5 xəbərdən 3-ü insanı dəhşətə gətirən qətl hadisəsi ilə bağlı idi. Özü də hər dəfə dəhşət dolu kriminal xəbəri oxuyan N. şirin səslə “Əziz dinləyici, belə də olur ha”,-deyə sanki dinləyiciyə acıq verirdi. Bunu görən sərnişinlər hiddətlənərək sürücüdən kanalı dəyişdirməsini və ya radionu söndürməyi tələb etdilər. Bunun ardınca da sərnişinlər kriminal xəbərləri oxuyaraq bir anda ovqatlarını xarab edən radiokanalın rəhbərliyinin və N. adlı aparıcının ünvanına xoşagəlməz ifadələr işlətdilər. O an ürəyimdən bir istək keçdi: Kaş ki, həmin radiokanalın rəhbərliyi də, “aparıcı”sı da bu mənzərənin, dinləyiciyə çatdırlan xəbərin törətdiyi əsəb gərginliyinin şahidi olaydılar. Məsələ ilə bağlı işə gələn kimi həmin radiokanala zəng etdim. Telefonu götürən xanım qız məsələnin mahiyyətilə maraqlanandan sonra eyni soyuqqanlıqla: “Əşi kim istəmirsə, bizə qulaq asmasın. Heç kimi bizə qulaq asmağa məcbur etmirik”-deyə trubklanı qoydu. Yenidən ona zəng edərək rəhbərliklə danışmaq istədiyimi bildirdim. Amma trubkanı götürən bayaqkı xanın qız yenə də “Mənasız məsələdən ötrü rəhbərliyi narahat etməyə dəyməz”-deyə telefonu qoydu. Hiss etdim ki, adını çəkmək istəmədiyim radiokanalda mənəviyyat məsələsi ümumiyyətlə mövcud deyil. Halbuki radio və ya telekanalın rəhbərliyi dinləyici və ya tamaşaçı ilə bağlı milli, mədəni mənəvi məsələləri önə çıxarmağa ən azı borcludurlar. Amma bu gün mənə elə gəlir ki, çoxsaylı tele-radio kanalların əksəriyətində bu mühüm amil unudulub. Ona görə də istər-istəməz düşünməli oldum: Doğrudanmı tele-radio kanallarda xəbər seçənləri və onu az qala şad xəbər kimi dünləyiciyə və ya tamaşaçıya çatdıran “aparıcılar”ı qarşı tərəfin buna münasibəti, xəbərin mənəvi cəhətdən doğura biləcəyi fəsadlar maraqlandırmır? Mənə elə gəlir ki, yox. Məsələ ilə bağlı bir faktı da demək yerinə düşər. Son vaxtlar yerli tele-radio kanallar sanki kriminal xəbərləri dinləyiciyə və ya tamaşaçıya çatdırmaq üçün yarışa giriblər. Bu gün çox az tele-radiokanal tapmaq olar ki, onda insanda xoş ovqat doğura biləcək xəbərlərə üstünlük verilsin. Əksinə, bayaq qeyd etdiyim kimi, kriminal, ailə-məişət münaqişələri, dedi-qodular tele-radiokanallarda baş alıb gedir. Bunlar isə yetişməkdə olan gənc nəsildə mənəvi aşınmaya səbəb olur. Yeri gəlmişkən bir məsələni də demək istəyirəm: Zənnimcə, atasına əl qaldıran “övlad”ın etdiyi cinayətdə elə kriminal xəbərlərlə dinləyicilərin və ya tamaşaçıların beynini dolduran tele-radiokanalların da mənəvi günahı var. Çünki onlar belə xəbərləri yaymaqla cəmiyyətimizdə dəhşətli qətllərin adi qəbul edilməsinə şərait yaradırlar. Necə deyərlər krımınal xəbərlər cəmiyyəti kriminallaşdırmaqda davam edir. Bütün bunlar isə rəzalətdən başqa bir şey deyil…

BIR CAVAB BURAXIN