Rus dili gərək keçmiş SSRİ ölkələrində hüquqi status alsın.
Axar.az xəbər verir ki, bunu rus dilinin dünyadakı vəziyyəti ilə bağlı keçirilən dəyirmi masada çıxışı zamanı Rusiya Xarici İşlər Nazirliyinin xüsusi məsələlər üzrə səfiri Eleonora Mitrofanova söyləyib. Onun sözlərinə görə, hazırda dünyada rus dili ilə bağlı bir sıra problemlər var:
“Bizim ilkin məqsədimiz rus dilinin inkişafı və yaxın qonşularımızın konstitusiyalarında dilin hüquqi statusunun möhkəmləndirilməsidir. İndiki dövrdə rus dili heç də bütün MDB ölkələrində, o cümlədən Ukrayna, Gürcüstan və Baltikyanı ölkələrdə millətlərarası münasibət rolunu oynamır. Yeni nəsil demək olar ki, rus dilini bilmir. BMT-nin məlumatına görə, 2015-ci ildə MDB əhalisi (Rusiya istisnadır – red.) 138 milyon nəfər olub. Onlardan yalnız 61 milyon nəfəri rus dilini bilir. 36,9 milyon nəfər əhali rus dilində passiv danışır, 35,6 milyon insan isə, ümumiyyətlə, rus dili haqqında bilgiyə sahib deyil. Hüquqi nöqteyi-nəzərdən ən problemli vəziyyət Latviya və Estoniyadadır. Bu ölkələrdə əhalinin böyük bir qismi rus dilində danışsa da, dilə indiyə qədər heç bir status verilməyib. Bu ölkələrdə ilk növbədə təhsil sahəsində rus dilinin diskriminasiyası gedir. Qazaxıstan, Ukrayna, Estoniya, Latviyadan olan soydaşlarımız ədalətli olaraq rus dili haqqında məsələni qaldırırlar. Keçmiş SSRİ ölkələrində mütləq yüksək səviyyədə rus dilinə hüquqi statusun verilməsi ilə bağlı məsələ qaldırılmalıdır. Bu məsələ həmçinin xarici siyasətin əsas gündəm məsələsini təşkil etməlidir”.