Kreml əlüstü reaksiya verdi! – Bəs, Ramzan Kadırov niyə susur?

0
564

Rusiya KİV-in məlumatına görə, İstambul aeroportunda törədilən teraktın icraçılarından birinin çeçenistanlı olması versiyasına Kreml əlüstü reaksiya verib («Exo Moskvı»).

Bu arada isə xəbər verilir ki, Türkiyə hakimiyyət strukturları teraktla bağlı artıq 13 nəfəri şübhəli şəxs qismində saxlayıb.

Çeçen «izi» barədə eyni vaxtda Türkiyənin iki qəzeti yazıb. «Yeni şəfəq» qəzetinin məlumatına görə, İstambul aeroportunda törədilmiş terror aktının təşkilatçılarından biri Əhməd Çatayev adlı çeçen ola bilər. «DHA» agentliyi isə polis əməkdaşlarına istinadla xəbər verib ki, çeçenistanlı Osman Vadinov bu terror aktı ilə əlaqəlidir. O, Suriyada döyüşüb və sonra Türkiyə ərazisinə keçib.

Ankara hələlik bu versiyaları rəsmi şərh etməyib. Teraktda çeçenlərin iştirakı barədə Rusiya prezidentinin administrasiyası da məlumatsız olduğunu bildirib. Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, bu barədə Türkiyə xüsusi xidmət strukturlarının Rusiya tərəfinə müvafiq sorğusunun olub-olmaması barədə məlumatı yoxdur.

Şimali Qafqaz Federal Dairəsinin hüquq-mühafizə orqanlarından «İnterfaks»a bəyan ediblər ki, KİV-nin xatırlatdığı Osman Vadinov heç vaxt Çeçenistanda yaşamayıb, onun adı və soyadı isə bu respublika üçün xarakterik deyil. Əhməd Çatayev məsələsinə isə aydınlıq gətirilmir…

Türkiyədə isə teraktın araşdırılması tam sürətlə həyata keçirilir. Bu gün sübh tezdən polis İstambulun bir neçə ünvanında eyni vaxtda reyd keçirib. Şübhəli bilinərək, 13 nəfər saxlanıb. Onların 3-ü əcnəbidir. İzmirdə həyata keçirilən xüsusi əməliyyatın gedişində isə islamçılarla əlaqədə şübhəli bilinən şəxslər ələ keçirilib.

Bütün səviyyələrdə araşdırmalar davam edir. Güman ki, yaxın saatlarda (günlərdə) terrorçuların kimliyi barədə məlumat veriləcək.

Qeyd etmək yerinə düşərdi ki, İstambul aeroportundakı terror hücumundan sonrakı saatlarda, tezliklə çeçen «izi» barədə məlumat yayılsa da, hər zaman belə anlarda emosional çıxışları ilə yadda qalan Ramzan Kadırov bu dəfə israrla susur! Yəni çeçen lider bu qədər məlumatsızdır?…

Xatırlayırsınızsa, Rusiya hərbi kontingenti Suriyada yerləşib, İraq ərazisində İraq türkmənlərini (Kərkük bölgəsini) bombalayan zaman, Rusiya tərəfi rəsmi məlumat yaymışdı ki, ərazidə Rusiya əsilli radikal islamçılar cəmləşib və Rusiya aviasiyası məhz onları bombalayır. Bir müddət əvvəl isə bir alman qəzeti yazmışdı ki, Soçi olimpiadasından əvvəl Rusiya xüsusi xidmət strukturları Şimali Qafqazdakı radikal islamçıları təlimatlandırıb, pulla təmin edərək, Türkiyə üzərindən Suriya və İraqa göndərib. Məhz ona görə də Rusiyanın özündə terror hadisələri törənmir. Belədə, kim zəmanət verə bilər ki, İstambul terrorunun törədilməsində adı hallanan çeçenistanlı Osman Vadinov və Əhməd Çatayev məhz həmin «radikal»lardan biri deyil?!

Bütün hallarda Çeçenistanın başçısı Ramzan Kadırov məsələyə aydınlıq gətirməli olacaq. Əks halda indi-indi isinməyə başlayan Rusiya-Türkiyə münasibətləri bundan əməlli-başlı zərər çəkə bilər…

AzPolitika.info

BIR CAVAB BURAXIN