Komitə sədrindən mollalara XƏBƏRDARLIQ

0
555

“Mollaların attestasiya məsələsi qanunla tənzim olunur. Bu məsələ ilə Qafqaz Müsəlmanları İdarəsi  (QMİ) məşğul olur. Biz sadəcə olaraq qanunla bağlı qərar veririk”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin  İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat onu da diqqətə çatdırıb ki, hansısa şəxsin xaricdə dini təhsil alması onun molla kimi fəaliyyətinə geniş şərait yarada bilməz.

 

“Qanunda da var ki, xaricdə təhsil alıb gələn insanlar Azərbaycanda dini ritualları yerinə yetirə bilməz. Çünki hərəsi bir ölkədən gəlir və dini ritualların da yerinə yetirilməsində müəyyən problemlər yaradır. Bununla əlaqədar qanuna dəyişiklik olunub. Ancaq  Azərbaycanda dini təhsil alanlar yas məclislərini apara bilərlər. Eyni zamanda, Azərbaycanda dini təhsil almaq üçün həm İslam Universiteti, həm də Bakı Dövlət Universitetinin tərkibində dini – ilahiyyat fakültəsi var. Həmin təhsil ocaqlarında dini təhsil alan insanlar yas yerlərində bu məsələləri həyata keçirə bilərlər. Əgər mollanın ali təhsili və vahid forması yoxdursa, onların yas məclislərini aparması doğru deyil. Bir məsələni də qeyd edim. Azərbaycanda elələri var ki, ağır seyid nəslindəndirlər. Bu zaman onları təhsillə imtahana çəkə bilmərik”.

 

Siyavuş Novruzov xaricdə təhsil alanların bir çox hallarda təhlükə mənbəyi olduğuna diqqət çəkib.

 

“Xaricdə təhsil məsələsi deyəndə söhbət təkcə İslam dinindən getmir. Ümumilikdə bütün dinlərdən danışırıq. Xaricdə təhsil alan insan gəlib Azərbaycanda dini rituallar yerinə yetirə bilməz. Çünki onlar dini qaydaları yerinə yetirən zaman aldığı təhsillə yanaşı, həmin ölkənin ideologiyasını təbliğ etməyə səy göstərirlər. Bəzən də olur ki, xaricdə dini təhsil alanlar həmin ölkələrin xüsusi kəşfiyyat ölkələrinin təsiri altına düşür. “Dini etiqad azadlığı haqqında” qanunda bu məsələlərin icra olunmasını qadağan etmişik. Artıq Azərbaycanın yetişdirdiyi dini şəxslər var. Gələcəkdə də Azərbaycanın yas mərasimlərindəki dini ritualları bunlar yerinə yetirəcək. Hər bir ölkədə dini qaydalar bu cürdür. Ola bilər ki, hansısa şəxs xarici ölkələrdə aldığı dini təhsilini məqalələrində, kitablarında yazsın. Amma ritualların yerinə yetirilməsində dini görüşlərini tətbiq edə bilməz”.

 

Namidə BİNGÖL

BIR CAVAB BURAXIN