KİLLER GENERALLA BAĞLI YENİ FAKTLAR – İş adamından 500 min, qadın müğənnidən evini alıb

0
698

KİLLER GENERALLA BAĞLI YENİ FAKTLAR – İş adamından 500 min, qadın müğənnidən evini alıb

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun kriminal əməlləri haqda məlumatların sayı-hesabı itib. Hazırda həbsdə olan A.Çovdarovun daha bir əməli haqda musavat.com-a ilginc məlumatlar daxil olub.
A.Çovdarovun Bakıda bir çox iş adamlarını sənədsiz-sübutsuz MTN-ə, özünün nəzarəti altında olan ünvanlara apartdıraraq orada qanunsuz olaraq saxlaması, külli miqdarda pul qopararaq azad etməsi haqda dəfələrlə yazılıb. Belə ünvanlardan biri Bakının mərkəzi hissələrindən birində, Həsən Əliyev küçəsindədir. Qaynağımız bildirib ki, 7 mərtəbəli bina A.Çovdarovun “krışa”lıq etdiyi tikinti şirkətinin ofisidir. Həmin ofisin 2 mərtəbəsi yerin altındadır və zirzəmidə iş adamlarının saxlanılması, döyülməsi, qorxudulması halları olub. Bir neçə il əvvəl həmin ofisin zirzəmisinə Vaqif adlı şəmkirli iş adamı aparılıb.

Vaqif Bakıda tikinti biznesi ilə məşğul olurmuş. Mənbəmiz iddia edir ki, onu Şəmkirdəki “Həyat” restoranından qızının toy mərasimindən çölə çağıran Çovdarovun adamları başına torba keçirib Bakıya, həmin ofisin zirzəmisinə gətiriblər. Vaqif sonradan yarım milyon manatın müqabilində girovluqdan azad edilib.

Musavat.com-a daxil olan xəbərə görə, odioz generalın qanunsuzluqları ilə üz-üzə qalanlar sırasında sənət adamları da olub. Məlumata görə, məşhur xanım müğənnilərdən biri qadın alveri ittihamı ilə MTN-ə aparılıb. Oradakı çək-çevirdən sonra məlum olub ki, xanım müğənninin MTN-ə aparılmasını Akif Çovdarovdan ona sponsorluq etmiş Famil adlı şəxs xahiş edib. Müğənnidən tələb ediblər ki, ona Famil adlı şəxsin bağışladığı mənzili geri qaytarsın. Bundan sonra “Qafqaz MTK”nın Nərimanov rayonu ərazisindəki çoxmərtəbəli binasının 3-cü blokunun 2-ci mərtəbəsindəki 3 otaqlı mənzil Familin adamı Abbas Həsənlinin adına keçirilib. Müğənniyə deyiblər ki, onu MTN-dən buraxılması üçün Familin dostu xahiş edib. Buna görə də azad ediləndən sonra “Edem” restoranına gedərək orada həmin şəxsin ayağına düşüb onlardan üzr istəməlidir. Deməlidir ki, münasibətlərinin korlanmasına görə özünü suçlu bilir. Xanım müğənni şərti qəbul edəndən sonra azad ediblər və birbaşa “Edem” restoranına aparıb diz çökdürüblər.
Famil adlı şəxs A.Çovdarovun setində olan iş adamı kimi təqdim edilir. Bildirilir ki, Famil və onun şərikləri A.Çovdarovun “krışa”lığı ilə Bakıda çoxmərtəbəli binalar tikiblər. Bakıda tikinti biznesi ilə məşğul olan digər iş adamlarının barəsində generala məlumatlar ötürüb onları sıradan çıxarıblar.

Musavat.com-un məlumatında həmşinin bildirilir ki, A.Çovdarovun həbsindən sonra isə Famil və onun şəriki ölkəni tərk ediblər. Xanım müğənninin Bakıda olduğu, ara-sıra bir vaxtlar onu diz çökdürən sponsoru ilə görüşmək üçün xaricə getdiyi bildirilir.

Qeyd edək ki, artıq iyirmi günə yaxındır ki, MTN generalı Akif Çovdarov 1 saylı Bakı İstintaq Təcridxanasının tibb məntəqəsində saxlanılır. Hansı ki, Penitensiar Xidmətin daxili nizamnaməsinə əsasən səhhətində problem olan məhbusun 15 gündən artıq tibb məntəqəsində saxlanılmasına icazə verilmir. Əgər həmin müddətdə saxlanılan şəxsin vəziyyəti yüngülləşməsə onu Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürmək, yəni xəstəxana şəraitində müalicə etmək lazımdır.
Bəs A.Çovdarovun səhhətində doğurdan da ciddi problemlər varsa niyə Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülmür?
Virtualaz.org saytına özəl mənbələrdən daxil olan məlumata görə, Akif Çovdarovun səhhətində ciddi problem olmayıb. Üstəlik o, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməkdən imtina edib, tibb məntəqəsində qalmağa üstünlük verib. Əcaba, nədən? Bəlkə çoxsaylı ağır cinayətlərdə ittiham olunan generala orada qalmaq daha rahatdır, yaxud kimlərsə onu tibb məntəqəsində saxlamaqla himayə edir? Xüsusən də mətbuatda Çovdarovla anlaşma barədə şaiyələrin baş alıb getdiyi bir vaxtda.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Akif Çovdarovun hansı səbəbdən 15 gündən artıq müddətdə tibb məntəqəsində saxlanılmasına aydınlıq gətirilmədi. Penitensiar Xidmətin Mətbuat Xidmətindən isə virtualaz.org-a bildiriblər ki, bu məsələ onların səlahiyyətində deyil və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət etmək lazımdır.
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov isə virtualaz.org saytına açılamasında hazırda Akif Çovdarovun həkim nəzarətində olduğunu deyir: “Həkimlərin müşahidəsi altındadır. Məhkumun tibb məntəqəsində nə qədər saxlanılması onu müalicə edən həkimlərin rəyindən asılıdır”.

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl virtualaz.org saytına açıqlamasında deyir ki, görünür Akif Çovdarov məhkəməyədək xəstəlik bəhanəsilə ən azı ev dustaqlığına çıxmaq istəyir: “Bu gün də mətbuatda “bir generalın həbsdə ölməsi dövlətə baş ucalığı gətirməz” bəyanatıyla çıxış etməklə məqsədinə nail olmağa çalışır. İstintaqın hansı qərar qəbul edəcəyini əvvəlcədən demək mümkün deyil. Çünki “MTN” işi ilə bağlı olanlarla son qərar daha yuxarı səviyyədə həll olur”.

Qeyd edək ki, Akif Çovdarovun səhhətinin pisləşməsi və 1 saylı Bakı Istintaq Təcridxanasının tibbi məntəqəsinə yerləşdirilməsi barədə məlumat mayın 20-də yayılıb. Hazırda o, tibb məntəqəsinin 7 saylı palatasında qalır.
Həmin məlumatda deyilirdi ki, Akif Çovdarovun səhhətində qəfil problem yaranıb və o özünü pis hiss edib. Bununla bağlı Baş Prokurorluğa müraciət edilərək generalın tibbi müayinədən keçirilməsi üçün komissiyanın yaradılmasına icazə istənilib.
Müraciətdən sonra Akif Çovdarov həkim komissiyasının vasitəsilə müayinə olunub və ürəyində ciddi problem aşkarlanıb.Məlumata görə, Akif Çovdarov tibbi müayinədən keçiriləndən sonra təcili 1 saylı Bakı Istintaq Təcridxanasının tibb məntəqəsinə köçürülüb. O, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməkdən imtina edib.
Məsələ ilə bağlı söhbətləşdiyimiz, ancaq adının açıqlanmasını istəməyən vəkil bildirdi ki, Penitensionar Xidmətin tibb məntəqəsi imkanlı məhbusların istirahət məkanına çevrilib.“Ora sadəcə olaraq pullu yerdir, kimin pulu varsa xəstəlik bəhanəsi ilə tibb məntqəsində yerləşdirilir. Elə məhbus var ki, bir ildən çoxdur tibb məntəqəsindədir, gedib araşdırsınlar. Mənim bildiyimə görə tibb məntəqəsində məhbusun nə qədər saxlanılmasına dair dəqiq məhdudiyyət yoxdur, ancaq daxili nizamnamədə belə məhdudiyyət varsa belə, ona əməl etmirlər. Tibb məntəqəsində aylarla, bəzən bir ildən çox qalan məhbus var”-vəkil deyib.

BIR CAVAB BURAXIN