Keçmiş müsavatçı : “Arif Hacılı partiyanı dərnəyə çevirib”

0
621

Müsavat partiyası qurultaya hazırlaşır.  Lakin qurultay öncəsi müəyyən söz-söhbətlər yaranıb.  Güman edilir ki, hazırkı başqan Arif Hacılı növbəti qurultayda postu ilə vidalaşacaq. Onun partiya funksionerləri tərəfindən dəstəklənmədiyi, bu səbəbdən Müsavatın müxalif düşərgədə gücsüz bir təşkilata çevrildiyi bildirilir.

Maraqlıdır, Arif Hacılı  sədrlikdən gedərsə, keçmiş müsavatçılar yenidən partiyaya qayıda bilərmi?

Keçmiş müsavatçı Səxavət Əlisoy Modern.az saytına açıqlamasında deyib ki, bu gün Müsavat Partiyasının hansı durumda olduğunu yazmaq belə ağırdı:

“Partiya populistlər tərəfindən ələ keçirildikdən sonra demək olar ki, dərnəyə çevrildi. Kimsə ötən 4 ildə Müsavat Partiyasının hər hansı ciddi bir addıma imza atmaq bir yana, cəhd etdiyinin belə şahidi olmayıb. Ciddi olanlar bunu təsdiq edər. Çıxın küçəyə, sıravi vətəndaşlardan xəbər alın, onlar belə Müsavat Partiyasının yalnız keçmişi barədə danışacaq. Bildiyiniz kimi, o saxta qurultaydan sonra çox sayda ziyalı, rasional düşüncəyə malik partiya üzvləri Müsavatı tərk etdi. Məni və partiya rəhbərliyində təmsil olunan digərlərini isə Arif Hacılının Divanının qərarı ilə partiyadan uzaqlaşdırdılar kii, Müsavatın Hacılının dərnəyinə çevrilməsinə mane olan olmasın. 4 il əvvəl də yazmışdım, indi də təkrar edirəm, özünə hörmət qoyan intellekt sahibi Hacılının başqanlığını qəbul etməz. Bu an o partiyaya bir nəzər salın. 3-4 ziyalını çıxmaq şərti ilə, orada qalan Hacılıya sadiq olanlar, daha dürüstü, populizmi dəstəkləyənlərdi”.

Müsahibimiz qeyd edib ki, bir vaxt yazdıqlarına etiraz edənlərin, ona opponentlik edənlərin də bəziləri Hacılının yanından uzaqlaşıb:

“Bu gün Müsavat çox ağır bir durumdadır və həyatımın 20 ilini bu partiyanın yolunda qoymuş mən və mənim kimilər təbii ki, biganə qala bilməz. Müsavata sahib çıxmaq lazımdır.

ADR Hərəkatında təmsil olunan köhnə müsavatçılara müraciət edirəm, Müsavat Partiyasında üzv olaraq qalmaqda davam edən ziyalılarla anlaşıb, bir Birləşdirici qurultayın keçirilməsinə nail olmaq lazımdır. Bir nəbz yoxlaması kimi bu təkliflə çıxış etməyimim tək səbəbi Müsavatı düçar olduğu ağır durumdan, Hacılı və populistlərindən xilas etməkdir”.

Digər keçmiş müsavatçı Vurğun Əyyub partiyaya qayıtma ehtimalının olmadığını deyib:

“Müsavat Partiyasında baş verənlər məni maraqlandırmır. Bu baxımdan həmin partiyaya geri qayıtmaq kimi ehtimal da yoxdur. Səbəbini də dəfələrlə izah etmişəm və artıq ehtiyac durmuram”.

BIR CAVAB BURAXIN