Keçmiş hərbçi: “Son ümidim Mehriban xanımdır”

0
753

DIN_HOST_1

“Mən 12 sentyabr 2017-ci il tarixdə, sol tərəfli qasıq yırtığı diaqnozu ilə Daxili Qoşunların Hospitalına qəbul olundum. Aparılmış müayinə zamanı məndə hepatit C virusu aşkar edildi”.   Keçmiş hərbiçi İsmayılov İlkin Məmmədrza oğlunun“AzPolitika.info”ya göndərdiyi məktub bu fikirlərlə başlayır. Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyevadan köməklik istəyən İlkin İsmayılovun məktubunu qısa ixtisar və zəruri redaktə ilə dərc edirik:

“18 sentaybr 2017-ci il tarixdə DİN-nin Arif Heydərov adına Respublika Hospitalında PZR analizi verdim. Orada mənə bildirdilər ki, analizin cavabını götürəndən sonra, yenidən hospitala gələrsən. 09 oktyabr 2017-ci il tarixdə PZR analizin laborator müayinəsinin nəticəsi pozitiv (+) çıxdı. Nəticəni götürüb 30 oktyabr 2017-ci il tarixdə Daxili Qoşunların Hospitalına gəldim.

2

Hospitalın Terapiya şöbəsinin rəisi vəzifəsini icra edən Rauf Allahverdiyev əvvəl bildirdi ki, biz səni qəbul edə bilməyəcəyik. Dedi ki, hepatitin müalicəsi bizdə olmadığı üçün sən gedib öz hesabına mülkü xəstəxanaların birində müalicə olunacaqsan.

Sonra məni dəhlizdə gözlədib, hospitalın komandirinin müalicə işləri üzrə müavini Şahin Şahmarovla telefon əlaqəsi yaratdı. Şahin Şahmarovla telefon əlaqəsi yaradandan sonra Rauf Allahverdiyev məni yenidən otağına çağıraraq bildirdi  ki, səni hospitalda saxlayacağıq. Səbəbini öyrəndikdə dedi ki, biz səni müayinələrdən keçirəcəyik və sonra sənədlərini rəy üçün Hərbi Həkim Komissiyasına göndərəcəyik.

Sual verdim ki, məni təxris edəcəksiz? Bildirdi ki, xeyir, 6 ay sıradan kənar verəcəyik, müalicə olunacaqsan. O, məndə hepatit C xəstəliyinin yüngül forması olduğunu, 6 ay müalicədən sonra keçib gedəcəyini söylədi.

Mən hospitala qəbul olundum. İki  gün keçəndən sonra hospitalın komandiri Şəmsəddin Heydərov şöbəyə “obxoda” gəlmişdi. Məndən hansı xəstəliklə yatdığımı soruşdu. Öyrəndikdən sonra mənə kobud şəkildə bildirdi ki, səni bu xəstəliyinə görə pensiyasız təxris edəcəyik. Səbəbini öyrəndikdə dedi ki, sənin bu xəstəliyinə nə pensiya düşür, nə də xidmət edə bilərsən.

Daha sonra terapiya şöbəsinin rəisi vəzifəsini icra edən Rauf Allahverdiyev məni kənara çəkərək bildirdi ki, 5000 manat pul ver səni xəstəliyinlə bağlı  pensiyaya çıxardaq. Mən etiraz edərək dedim ki, məndə bu qədər pul yoxdur, kasıb insanam.

10 noyabr 2017-ci il tarixdə müayinəm bitdiyindən məni hospitaldan çıxardırdılar. Rauf Allahverdiyev məni otağına çağırdı və raport nümunəsi verdi  ki, ona uyğun yazım. Həmin raport nümunəsinin mətnində yazılırdı ki, mənə təklif olunan qaraciyər iynə biopsiyasından və müayinələrdən imtina edirəm. Mən nümunəni oxuyandan sonra, həmin formada raport yazmaqdan imtina elədim və etiraz etdim. Bildirdim ki,  mənə bu barədə heç nə deməmisiniz, indi hospitaldan çıxardırsan deyə bu raportu yazdırırsan?

Rauf Allahverdiyev bildirdi ki, bu müayinələr Azərbaycanda yoxdur. Yalnız Türkiyədə və Almaniyada olduğu üçün biz səni bu müayinəyə cəlb edə bilmirik. Sonra məni Şahin Şahmarovun qəbuluna apardı. Şahin Şahmarov mənim qarşıma 2 şərt qoydu. Dedi ki, raportu yazsan bütün müayinə sənədlərini sənə verəcəyik, səni İctimai Səhiyyə və İslahatlar Mərkəzinə aparıb qeydiyyata salacağıq, dövlət tərəfindən müalicə olunacaqsan, ürəyin istəyən vaxt da hospitala gələcəksən, səni qəbul edəcəyik.

Yazmasan, bunların heç birisi olmayacaq. Dedi ki, sənə 1 dəqiqə vaxt verirəm fikirləş, mənə bir söz denən. Mən yenə imtina etdiyimi dedim. Bu zaman kobudluq edərək bildirdi ki, bizim sənin atana borcumuz yoxdur cibimizdən xərc çəkib səni Türkiyəyə göndərək. Sonra məni otağından qovdu. Sonra da məni kimlərinsə sifarişi nəticəsində hərbidən xəstəliklə pensiyasız təxris elədilər.

18 noyabr 2017-ci il tarixdə həyat yoldaşım Daxili İşlər nazirinin müavini-Daxili Qoşunların Komandanına şikayət məktubu göndərdi. Amma şikayətimiz təmin olunmadı. Daha sonra isə mən Azərbaycanın birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya, daxili işlər naziri Ramil Usubova məktub yazıb göndərdim.

Məktubarım baxılmaq üçün Daxili Qoşunların Baş İdarəsinə göndərildi. 26 dekabr 2017-ci il tarixdə Daxili Qoşunların Baş İdarəsindən cavab gəldi və şikayətim təmin olunmadı.

Mən Daxili Qoşunların Hospitalının rəhbərliyindən şikayət elədim, onların cəzalandırılmasını, mənzil ehtiyacımın ödənilməsini, xəstəliklə bağlı pensiyanın təyin olunmasını istədim, Daxili Qoşunların rəhbərliyi isə mənə tamam başqa bir cavab yazaraq göndərdi. Ailəliyəm, bir övladım var. Atam Qarabağ müharibəsi veteranıdır, Bərdə şəhərində balaca daxmada yaşayır. Anam 2016-cı ildə vəfat elədi.

İmkanımız çox aşağı səviyyədədir. Dövlət tərəfindən pulsuz dərmanlarla təmin olunmuşam, həftədə 3 dəfə iynə vurdururam. İynədən sonra vəziyyətim pisləşir, halsız oluram. Dövlətin verdiyi dərmanlarla 1 il müalicə olunmalıyam. Səhəttim işləməyə imkan vermir.

Hazırda Daxili Qoşunların yataqxanasında yaşayıram, evdən çıxmağım üçün  bir ay vaxt veriblər. Məcburam burdan çıxandan sonra kirayə yaşayım. Amma kirayənin pulunu nə ilə verəcəyəm, bilmirəm. Nə pensiya verirlər, nə də bir işlə məşğul ola bilmirəm ki, ailəmi dolandıra və kirayə pulunu ödəyə bilim. Bütün bu problemlərimin hamısını yazıb göndərmişəm. Amma əfsuslar olsun k, mənim bu şikayətimi təmin etmirlər.

Möhtərəm Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığım müraciət baxılmaq üçün Daxili Qoşunların rəhbərliyinə göndərildi. Ancaq Daxili Qoşunların rəhbərliyi Mehriban xanımın tapşırığına əməl etmədi. Ona görə də dərdimi mətbuat vasitəsilə Mehriban xanıma çatdırmaq istəyirəm.

Son ümid yerim Mehriban xanım Əliyevadır. Ona görə də xahiş edirəm mənim bu problemimi işıqlandırasınız ki, Mehriban xanım ona düzgün məlumat verilmədiyini görsün”.

P.S. Məktubda səslənən ittihamlarla bağlı Daxili Qoşunların Hospitalının rəhbərliyinin də mövqeyini işıqlandırmağa hazırıq. 

***

Daxili Qoşunların mətbuat xidməti keçmiş hərbi qulluqçu İlkin İsmayılovun şikayətinə operativ münasibət bildirib. Xidmətin “Azpolitika.info”nun elektron poçtuna daxil olan açıqlamasında bildirilir:

“Daxili Qoşunların sabiq hərbi qulluqçusu gizir İsmayılov İlkin Məmmədrza oğlunun sizin saytınıza (azpolitika.info) müraciətilə bağlı bildiririk ki, onun səsləndirdiyi fikirlər həqiqəti tam əks etdirmir, qeyri-səmimidir. O, həqiqətən Daxili Qoşunlarda xidmət edib. DİN-in Daxili Qoşunlarının Hospitalında müalicə aldıqdan sonra qoşunların Hərbi Həkim Komissiyası tərəfindən qanunamüvafiq qaydada şəhadətləndirilərək xəstəliyi ilə əlaqədar Silahlı Qüvvələrə ehtiyata buraxılmışdır.

Müraciətləri ilə bağlı, İ.İsmayılov Daxili Qoşunların Baş İdarəsində Daxili Qoşunlar Komandanının müavini, Mənəvi-psixoloji hazırlıq şöbəsinin rəisi və Tibb xidməti rəisi tərəfindən qəbul edilərək, qaldırdığı məsələlərə aydınlıq gətirilmiş, ona qarşı qanunsuz hərəkətlərə yol verilməməsi, movcud qanunların tələblərinə uyğun olaraq Silahlı Qüvvələrə ehtiyata buraxılması izah edilmişdir. Sabiq hərbi qulluqçunun istəyi nəzərə alınaraq, ehtiyata buraxıldığı gündən etibarən 3 ay müddətinə Daxili Qoşunların yataqxanasında yaşamasına icazə verilmişdir.
Eyni zamanda onun müraciətləri yazılı surətdə cavablandırılmışdır”.

BIR CAVAB BURAXIN