Kastronun öldürülməsini nəzərdə tutan uğursuz “Manqust” əməliyyatı

0
744

11

Ötən əsrin 50-ci illərinin sonlarında Kubada başda ABŞ olmaqla Qərb dünyasını silkələyən bir hadisə baş verdi. Belə ki, 1959-cu ildə Fidel Kastronun rəhbərliyi altında üsyançılar prezident Fulxensio Batistanı devirərək adada sosializm sisteminə əsaslanan dövlət qurulacağını bəyan etdilər. Bu isə ABŞ-ın düz yaxınlığında SSRİ-nin yeni baza əldə etməsi demək idi. Buna yol verməmək məqsədi ilə 1960-cı ilin əvvəllərində Duayt Eyzenhauer hökuməti Kubadakı mövcud rejimin devrilməsinə xidmət edən plan hazırlanmasının vacibliyini bəyan etdi. O bununla bağlı demişdi ki, Kastro rejimi devrilməsə ABŞ-ın dövlət kimi varlığı şübhə altında qalacaq. Öz növbəsində MKİ-də Kastro rejimini devirmək üçün plan işlənib hazırlanmışdı. Lakin həmin dövrdə bu barədə Eyzenahauerə məlumat verməmişdilər. 1960-cı ilin noyabr ayının 18-də keçirilən prezident seçkilərində Con Kennedinin prezident seçilməsi Eyzenhauerə Kubadakı rejimi devirməyə imkan vermədi. Lakin onu bu vəzifədə əvəz edən Kennediyə MKİ-nin hazırladığı plan barədə məlumat verdilər. Kubaya hücum planını reallaşdırmaq üçünsə Kennedi ordunu hərəkətə gətirdi. MKİ planına əsasən Kubaya ABŞ-ın hücumu devrilmiş diktator Battistanın generalı Xose Miro Kardonanın rəhbərliyi altında Kubadan qaçanlardan təşkil edilən qüvvələrin adaya çıxarılması adı altında pərdələnməli idi. Ümumi haldda isə əməliyytaın həyata keçirilməsinə amerikalı general Riçard Bissel başçılıq edirdi. Bissel adaya hücum zamanı Qvatemala təcrübəsindən yararlanmaq niyytəində idi. Belə ki, 1954-cü ildə ABŞ Qvatemalada özünə sərf etməyən yerli rejimi məhz Santa-Trinidad adlı korfəzdə desant çıxarmaqla devirə bilmişdi. İndi də Donuzlar körfəzindən istifadə etməklə Playya-Xirona rayonuna analoji qaydada desant çıxarılmalı idi.

ABŞ-ın Kubaya hücumunu gizlətmək üçün MKİ-nin planı əsasında Nikaraqua təyyarələri Kubanı bombalamalı idilər. Amma Nikaraqua təyyarələrinin Kubanı bombalamağa başladığı ilk anlardan məlum oldu ki, bunun arxasında ABŞ dayanıb. Çünki həmin dövrdə Nikaraqua müasir qırıcı-bombardmançı təyyarələrə malik deyildi. Bunun ardınca ABŞ və Batistanın tərəfdarlarından ibarət əsgərlər Donuzlar körfəzindən adadakı Pleyya-Xiron rayonuna hücuma keçdilər. Kuba hökumətinin bundan xəbəri var idi. Belə ki, həmin vaxt SSRİ kəşfiyyatçıları MKİ-dəki gizli casusları vasitəsi ilə Kubaya hazırlanan hücumdan öncədən xəbər tuta bilmişdilər. Bu hücumun qarşısını almaq üçün SSRİ-dən xüsusi təyinatlı qruplar və böyük həcmdə hərbi texnika təcili şəkildə Kubaya göndərilmişdi. Üstəlik SSRİ-dən olan hərbi mütəxəssislər də Kuba əsgərlərini gözlənilən hücuma qarşı hazırlamışdılar. ABŞ-ın Kubaya məhz Donuzlar körfəzindən Pleyya-Xiron rayonuna hücum edəcəyi də SSRİ kəşfiyyatına öncədən məlum idi.

Ona görə də SSRİ-dən göndərilən xüsusi təyinatlılar Kuba əsgərləri ilə brigə ABŞ-ın hücumuna öncədən hazırlaşmışdılar. 1961-cı il aprel ayının 17-də adaya desant çıxarılması uğrunda baş verən döyüşdə ABŞ 100-dən artıq əsgərini itirdi. Adada köməksiz vəziyyətə düşən 1200 düşmən əsgəri isə təslim oldu. Bununla da MKİ-nin Kubada Kastro rejimini devirmək üçün hazırladığı plan uğursuzluğa düçar oldu. Bu əməliyyat baş tutmadığından onu hazırlayan MKİ şefi Dalles tutduğu vəzifəsindən istefa verməyə məcbur oldu.

Bununla belə MKİ Kastronu aradan götürmək üçün müxtəlif planlar hazırlamaqda davam edirdi. Bu müstəvidə də Kastronu devirmək məqsədi ilə “Manqust” əməliyyatı hazırlandı. “Manqust” əməliyyatının həyata keçirilməsinə 400 nəfər MKİ casusu cəlb edilmişdi. MKİ tərəfindən hazırlanan bu planın əsasında Kastronun öldürülməsi dayanırdı. Əməliyyatın uğurla həyata keçirilməsi məqsədi ilə xüsusi təxribatçılar qrupunun adaya çıxarılması nəzərdə tutulurdu. Kastronun aradan götürülməsi adadakı təcrübəli MKİ əməkdaşı Uilyam Xarviyə tapşırılmışdı. Xarvi əvvəlcə Kastronu zəhərləmək qərarına gəldi. Bu məqsədlə də o, mafiya başçısı Con Rozelli ilə əlaqə qurdu. Xarvi Rozelliyə Mayamidə bir yük maşını zəhərli həb verdi. Rozelli bu həblərdən birini Kastronun içdiyi kofenin içinə atmalı idi. Lakin bu yolla Kastronu aradan qaldırmaq mümkün olmadı. Çünki həmin dövrdə Kastronu olduqca yüksək səviyyədə mühafizə edirdilər. Bunu görən digər MKİ əməkdaşı Desmond Fitscerald Kastronun tez-tez çimdiyi körfəzə partlayıcı ilə dolu olan balıqqulağılarının atılması ideyasını irəli sürdü. Lakin bu planı da həyata keçirmək mümkün olmadı. Çünki Kastronun çimdiyi ərazi nəinki havadan və qurudan, həm də su altından diqqətlə qorunurdu. Ona görə də bu dəfə MKİ Kastronun aradan götürülməsi üçün başqa yollar axtarmağa məcbur oldu. Beləliklə MKİ tərəfindən hazırlanan və Kastronun öldürülməsini nəzərdə tutan “Manqust” planı uğursuzluğa düçar oldu.

Qeyd: Bu yazı, “greatoperation.narod.ru”, “zhenya-ru.livejournal.com”, “fullhistoria.ru” saytlarına istinadən hazırlanıb və yazıda yer alan iddialar bu saytlara məxsusdur.

Əziz Mustafa

BIR CAVAB BURAXIN