Kənddən çıxıb milyarder oldular

0
593
Mark Zukkenberq (Facebook-un yaradıcısı), Ceff Bezos (Amazon-un yaradıcısı) və Elon Mask (Paypal, SpaceX, Tesla Motors və Zip2 şirkətlərinin qurucusu) kimi sosial şəbəkə və texnologiya sahibkarlarının adları artıq bütün dünyaya məlumdur. Bunlardan başqa son bir neçə ildə texnologiya milyarderləri klubuna adlarını yeni yazdıranlar da olub.
 Arazinfo.com-un Qaynarinfo-ya istinadən verdiyi məlumata görə sözügedən siyahıda kiçik bir Avropa kəndində böyüyən qardaşlardan kimliyi hələ də bilinməyən milyarderlərə qədər çoxları var . Təqdim edəcəyimiz bu 5 məşhur milyarder yaratdıqları yeni texnologiya və servis şirkətləri ilə son 3 il ərzində ümumilikdə trilyonlarca dollar sərvətin sahibi olublar.
Yan Kum
Yaşı: 41
Sərvəti: 9,7 milyard dollar
Təşəbbüsü: Whatsapp
Vəzifəsi: Baş icraçı direktor
 
16 yaşı olarkən anası ilə Ukraynadan Kaliforniyaya köçən Kumun orta məktəbdə oxuyarkən proqramçılığa böyük marağı yaranır. Qabiliyyəti ona Yahoo-da mühəndis kimi çalışmaq imkanı yaradır. Yahoo-dakı işindən ayrıldıqdan sonra Cənubi Amerikaya qayıdan Kum Facebook-da çalışmaq üçün müraciət edir, lakin şirkət onu işə qəbul etmir. Onunla bərabər dostu Brayn Akton da Facebook-dan rədd cavabı alır. Bundan sonra iki dost gələcəyin texnologiya nəhəngi olan Whatsapp üzərində çalışmalara başlayırlar. İlk vaxtlar sadəcə dostlar arasında yenilikləri paylaşmaq üzərində qurulan Whatsapp təkmilləşdirilərək bu günün ən böyük mesajlaşma proqramına çevrilir. Nəhayət 2014-cü ildə böyük populyarlıq qazanan proqram Facebook-un yaradıcısı Mark Zukkenberqin də diqqətindən qaçmır və 22 milyard dolları dəyərində nəğd pul, həmçinin Facebook-da hissə qarşılığında Whatsapp Facebook-a satılır.
Brayn Akton
Yaşı: 45
Sərvəti: 6,7 milyard dollar
Təşəbbüsü: Whatsapp
Vəzifəsi: köməkçi icraçı direktor (ayrılıb)
Qeyd etdiyimiz kimi Yan Kum Whatsapp-ı təkbaşına yaratmayıb. Dostu Brayn Akton da Yahoo-dan ayrıldığı bir vaxtdan onun yanında olub. Eynilə o da Yahoo-dan ayrıldıqdan sonra Cənubi Amerikaya gedir, iş üçün Facebook-a müraciət edir və rədd cavabı alır. Whatsapp Facebook tərəfindən alındıqdan sonra isə Brayn vəzifəsindən ayrılır və xəbərləşmə sahəsində heç bir mənfəət güdməyən başqa bir qurum yaradır.
Adam Neumann
Yaşı: 38
Sərvəti: 2,6 milyard dollar
Təşəbbüsü: WeWork şirkəti
Vəzifəsi: təsisçi
Hərbi xidmətini başa vurduqdan sonra 2001-ci ildə İsraildən ABŞ-a köçən Neumann karyerasına Bruklində bir uşaq geyim markası şirkətində başlayır. Hələ orada çalışarkən öz şirkətini yaratmaq xəyalları ilə yaşayan Neumann çalışdığı şirkətin yaxınlığında boş bir yer icarəyə götürərək GreenDesk adlı ortaq çalışma şirkətini yaradır. 2010-cu ildə GreenDesk-i satan Neumann və şəriki Miquel MakKelvi hazırda ABŞ-ın ən məşhur şirkətlərindən biri olan WeWork-u yaradırlar. Bu gün ABŞ-ın 40 şəhərində şöbələri olan WeWork-un hissələrinin dəyəri 21 milyard dollardır. Softbank sözügedən şirkətə 3 milyard dollar sərmayə qoyub.
Con və Patrik Kalisson qardaşları
Yaşları: Con (27), Patrik (29)
Sərvətləri: birlikdə 2,2 milyard dollar
Təşəbbüsləri: ödəmə sistemi olan Stripe
Vəzifələri: Con şirkətin prezidenti, Patrik isə baş icraçı direktoru
İrlandiyanın kiçik bir kəndində böyüyən qardaşlar gənc yaşlarında kod yazmağa böyük maraq göstərirlər. Patrik 16 yaşında liseyi bitirib bu sahədə təhsil almağa başlayır. Kiçik qardaşı Con isə bir neçə il sonra Harvardda oxumaq üçün ABŞ-a yollanır. 2009-cu ildə hər ikisi təhsillərini yarımçıq qoyub, Silikon Vadisinə yollanır və burada Stripe şirkətini yaradırlar. Bu gün Lyft, Bes Buy və Google kimi nəhəng şirkətlər daxili ödəmələrdə bu sistemdən istifadə edirlər. 2016-cı ilin noyabr ayında 150 milyon dollar sərmayə alan proqramın hazırda bazar dəyəri 9,2 milyard dollara çatıb.
Rişi Şah
Yaşı: 31
Sərvəti: 3,6 milyard dollar
Təşəbbüsü: Sağlamlıq üzrə texnologiya şirkəti Outcome Health
Vəzifəsi: təsisçi
Həkim ailəsində böyüyən Rişi ABŞ-ın Şimal-Qərb Universitetində oxuyarkən təhsilini yarımçıq saxlayıb, xəstəxanalara, həkimlərə və sağlamlıq komplekslərinə texnologiya avadanlıqları göndərməklə məşğul olmağa başlayır. Bununla bərabər sağlamlıq sahəsində yeni bir proqram da yaradır. Onun yaratdığı proqramda sağlamlıq məhsulları istehsal edən şirkətlərin reklamları da yerləşdirilir. Sözügedən Outcome Health-in hissələrinin dəyəri 2017-ci ilin may ayında 5,6 milyard dollara çatıb.
Frenk Uanq
Yaşı: 37
Sərvəti: 3,2 milyard dollar
Təşəbbüsü: DJİ Technology – dron istehsalçı şirkəti
Vəzifəsi: təsisçi
Bu gün dünyada satılan hər 10 drondan (pilotsuz uçuş aparatı) 7-si DJİ Technology-yə məxsusdur. 2006-cı ildə Honk Konq Texnologiya və Elm Universitetinin tələbə yataqxanasında planı hazırlanan şirkət dron istehsalçısı olan bir neçə şirkət arasından keçərək zirvəyə yüksəlir. Şirkət dron satışının 2020-ci ilə qədər 100 milyard dollara çatacaq olan ortaq bazar dəyərlərinin 70 faizinin sahibidir.
Satoşi Nakamoto
Yaşı: naməlum
Dəqiq sərvəti: naməlum
Təşəbbüsü: Bitcoin
Vəzifəsi: naməlum
Bitkoin pul sistemini yaradan və nəhəng sərvətin sahibi olan Satoşi Nakamotonun kimliyi hələ də ictimaiyyətə bəlli deyil. Şübhələr bir neçə şəxsin üzərində cəmləşsə də, kim olması barəsində lazımi qədər dəlil yoxdur. Bitkoinin naməlum yaradıcısının sahib olduğu bitkoinlərin dəyəri 2013-cü ildə 1 milyon dollar olub. Həmin vaxt əgər bitkoinin bir ədədinin dəyəri 100 dollar idisə, hazırda 7000 dollara qədər dəyişə bilir.

BIR CAVAB BURAXIN