“Dağlıq Qarabağ Azərbaycana məxsusdur”. ANS PRESS-in məlumatına görə, bunu Yunanıstanda olarkən yerli KİV-ə verdiyi müsahibəsində Ermənistanın “Eurovision 2016” təmsilçisi İveta Mukuçyan bildirib.
“Eurovision”da nə üçün tanınmamış “DQR”-in bayrağını qaldırması ilə bağlı suala cavabında İveta bunları bildirib: “Dağlıq Qarabağ Azərbaycana məxsusdur, amma bu, Ermənistanda ikinci demokratiyadır. Azərbaycana məxsus olmasına baxmayaraq, həmin ərazi müzakirə mərhələsindədir. Bu məsələ uzun illər “böyük qardaş” Rusiya ilə müzakirə olunur, amma heç bir nəticə yoxdur. Sərhəddəki insanlar proqres görmür və qırılırlar. Buna son qoyulmalıdır”.
Mayın 10-da Stokholmda – “Eurovision-2016”nın finalında İveta Mukuçyan “DQR”in bayrağını qaldırmış, yarışmanın təşkilatçıları isə buna görə Ermənistanı sanksiyalarla hədələmişdilər. İveta Mukuçyan “Eurovision-2016” yarışmasında 7-ci yeri tutub.
Yarışmadan sonra keçirilən mətbuat konfransında Mukuçyan nə üçün elə etdiyinə bu cür aydınlıq gətirmişdi: “Mənim demək və yaymaq istədiyim yeganə şey sülhdür. Mən sərhədlərdə sülh istəyirəm, Ermənistanın istədiyi yeganə şey də sülhdür. Mən bu mahnını məhz buna görə yazmışam – “məhəbbət dalğasını” yaymaq üçün. Mənim arzum budur ki, bütün dünyada sülh bərqərar olsun. Mən bayrağı ona görə qaldırdım ki, insanlar diqqətlərini bu problemə yönəltsinlər. Mən bu dünyaya yalnız sülh arzulayıram”.