İvanişvilinin qorxulu röyası qayıdır

0
397

Bidzina İvanişvilinin baş nazir olmaq ehtimalı çox azdır.

Arazinfo.com-un verdiyi xəbərə görə bu sözləri axar.az-a Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin istefası və bu fonda Tiflisdəki siyasi böhran haqda danışarkən millət vəkili Rasim Musabəyov deyib.

“Gürcüstanda etirazlar və bir sıra xoşagəlməz hadisələr üzündən hökumət istefaya göndərildi. Hökumət dəyişikliyi prosesi bir qədər gərgin keçəcək. Kvirikaşvilinin yerinə baş nazir postuna bir neçə namizəd adı çəkilir. Bidzina İvanişivlinin baş nazir olmaq ehtimalı azdır. Düşünmürəm ki, o baş nazir olmaq istəyəcək, çünki onsuz da hər şey onun əlindədir. Ancaq o, payızda keçiriləcək prezident seçkilərinə qatıla və seçkilərdə qalib gələ bilər”, – deputat bildirib.

Millət vəkili Gürcüstanda baş verən hadisələr fonunda keçmiş prezident Mixail Saakaşvilinin geri qayıtmaq ehtimalına da toxunub:

“Hələlik, Gürcüstanda baş verənlər haqda konkret fikir söyləmək çətindir. Fikrimcə, Saakaşvilinin geri qayıtmaq üçün hələlik nə yeri, nə də şansı var.”.

Politoloq Elxan Şahinoğlu isə Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilinin istefa verməsinə səbəb kimi hakim komanda daxilində müəyyən məsələlər üzrə fikir ayrılıqlarının olmasını göstərib:

“Fikrimcə, bu istefanın arxasında Gürcüstan hakimiyyətinin xaç atası Bidzina İvanişvili dayanır. İvanişvili görür ki, hakim Gürcü Arzusu Partiyasının və hökumətin reytinqi sürətlə enir. Bu isə gələcək parlament seçkisində müxalifətin qələbə çalmaq və keçmiş prezident Mixail Saakaşvilinin geri qayıtmaq imkanlarını artırır. İvanişvili seçkidə məğlubiyyətə dözə bilər, ancaq Saakaşvilinin geri qayıdışı onun ən qorxulu röyası olacaq. Buna görə də İvanişvili təcili olaraq hökumətdə yerdəyişmələr edir. İki variant var: ya hökumətin başına özü keçəcək, ya da Kvirikaşvili kimi bir gənci tapıb baş nazir seçdirəcək”.

Xatırladaq ki, Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili iyunun 13-də tutduğu vəzifədən getdiyini elan edib. O, 2015-ci il dekabrın 30-dan Gürcüstan hökumətinin rəhbəri vəzifəsini tuturdu.

Qeyd edək ki, ötən gün parlament çoxluğu Gürcüstanın Maliyyə naziri Mamuka Baxtadzenin baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

one × three =