İşsizlik də artır, işsizləri aldadanlar da…

0
761

Son vaxtlar qlobal iqtisadi tənəzzülün və neftin kəskin ucuzlaşmasının təsiri ilə Azərbaycanda da bir sıra müəssisələr dayanıb, yaxud ixtisarlara gedib. Nəticədə ölkədə bağlanan iş yerlərinin sayı rəsmi statistikaya görə on minlərlədir. Hərçənd yeni iş yerləri açılsa da, işsizlik Azərbaycanda hələ də problem olaraq qalır. Və iş axtaranların da sayı hər gün artır. Bəs iş axtaranlar hara müraciət edirlər, əmək bazarında iş təklifləri haqda elanların hansına etibar etmək olar, hansına yox?

Virtualaz.org bu mövzunu araşdırıb. Belə məlum olur ki, iş axtaranlar əksər hallarda internet elanlarına da baş vururlar və təəssüf ki, belə vəziyyətlərdə real iş təklifləri əvəzinə fırıldaqçılarla qarşılaşırlar. Bəzən olan-qalan pullarını da belələrinin güdazına verirlər.

 

İşsizlər internetə üz tutur və…

İnternetdə çoxsaylı iş elanlarına rast gəlmək olar. Demək olar ki, hər 3-4 elandan biri şəbəkə biznesi və ya piramida marketinqi ilə əlaqədardır. İşsizlərə pul mənbəyi kimi baxan, mümkün qədər çox “qopartmaq” üçün hər hiyləyə gedən dələduzların əsas qurbanları isə münasib iş tapmaq ümidi ilə internetə girən, xüsusən də iş təcrübəsi olmayan gənclərdir. Fırıldaqçılığın hansı tipindən istifadədən asılı olmayaraq onların hər biri bu sadə sxem üzrə hərəkət edir:

Sadəlövh adamları tapmaq; onların etibarını qazanmaq; pul qopartmaq; aradan çıxmaq.

“Beynəlxalq holdinq” çağırır

İndi sərbəst iş qrafiki , yüksək, həm də artan maaş vəd edən, heç bir ixtisas tələb olunmayan bu cür iş elanlarına demək olar ki, hər gün küçələrdə, metro stansiyalarının girişində, avtobusların, evlərin, ofislərin, dövlət idarələrinin divar və liftlərində rast gəlirik. Əksər elanlar isə təxminən internetdə rastlaşdığımız bu iş elanı ilə eyni məzmundadır:

“Beynəlxalq holding”in Azərbaycandakı əsas nümayəndəliyinə təcili kadr qəbulu elan edildi! Bütün ixtisas və peşə sahibləri, iş adamları, tələbələr, ehtiyatda olan zabitlər, təqaüdçülər, hicablı və evdar xanımlar və s. əsas və əlavə iş yeri kimi yüksək gəlirli, daimi işlərə əməkdaşlığa dəvət olunur. Rəhbər Rauf bəy tel..”

Tələb olunan yaş həddi az qala 16-dan 70-ə qədər, təkliflər isə o qədər şirnikləndirici olur ki, hətta öz işini atıb bura düzəlmək istəyirsən. İlk baxışdan adi iş elanından seçilməyən belə şəbəkələrin əsl sifəti iş görüşməsi zamanı ortaya çıxır. İşə girmək üçün müraciət edən hər bir şəxsdən müəyyən ödəniş tələb olunur. Bəzən çox yüksək olan bu məbləğ, bəzən də 10 və ya 20 manatla məhdudlaşır. Hətta bu şəbəkə o qədər təkmilləşib ki, müraciət edən şəxsə bank hesabı verərək pulu həmin hesaba köçürməyi tələb edirlər. Aldandığını düşünməmək üçün gələcək işçinin “etibarlı” əsası isə yalnız əlindəki ödəniş qəbzdir.

Çox zaman üzü astarından baha başa gəldiyinə görə, aldanan şəxs aradan çıxan əlaqələndirici və fırıldaqçı şirkətlə bağlı məhkəməyə müraciət etməkdən boyun qaçırır. Nəticədə isə qazanan şəbəkə və piramidanın önündə duranlar olur.

Elan saytlarını açanda…

Virtualaz.org-un internetdə iş elanları ilə məşğul olan iş-elanı.az, boss.az, axtaririq.biz, elan.az, 2el.az və digər saytlarda araşdırmasına görə, təklif olunan əksər iş elanları satış üzrə mütəxəssis, tibbi personal və əczaçılıq, xidmət sahəsi və hazırlıq kurslarında olan vakansiyalarla bağlıdır. Belə elanların əksəriyyətinin müxtəlif bioaktiv əlavələrin qatıldığı şübhəli qidaların və ya çayların satışı ilə məşğul olan beynəlxalq piramida-şəbəkələrlə bağlı olduğunu araşdırmaq çətin deyil.

Onu da müşahidə etdik ki, bir çox hallarda fırıldaqçı şirkətlər öz adlarını elana qoymaqdan çəkinirlər. Məsələn, eləcə yazırlar ki, “xarici şirkət” işçi axtarır. Elə bu cür şirkətlərdən birinə – elanı ilk rastımıza çıxan “Fohow” şirkətinə zəng edib iş axtardığımızı dedik. Əlaqələndici Akif adlı şəxs telefonla deyil, görüşüb danışmaq istədiyini desə də, artıq bir qədər sual-cavabdan sonra şirkətin şəbəkə ticarəti ilə məşğul olduğunu etiraf etdi.

Məsələn, öyrəndik ki, burada işə qəbul üçün şirkətin 450 manat dəyərində məhsulunu almalıyıq. Elanda göstərilən maaş artımı isə şəbəkəyə yeni insanların cəlbindən sonra mümkündür. Ayda 300 manatdan başlanan maaşı biz tekstil və gözəllik məhsullarını kiməsə sırıyaraq qazanacağıq.

Növbəti zəng etdiyimiz TİENS şirkətdən də eyni cavabı aldıq. Burada elan bir qədər fərqli qoyulub: Xarici şirkətdə ofis daxili işlər üçün kadr hazırlanır. Əlaqələndirici Təranə xanımın sözlərinə görə, əvvəlcə şirkətə yaxınlaşıb seçimdə iştirak etməyimiz vacibdir.

“Bizdə həftənin 1-5-ci günləri seçim turları olur. Seçim turundan keçsəniz, reklam meneceri hazırlığı ilə bağlı kurslara qoşulacaqsınız. Kursu bitirəndən sonra şərtlər deyirik və ödəniş o zaman edilir”, – deyə əlaqələndirici bildirdi.

Göründüyü kimi, reklam meneceri dedikdə bizim başa düşdüyümüz menecer anlayışından fərqli fırıldağın incəlikləri öyrədilir.

 

Eyyub Hüseynov: “İnanmayın, dələduzlardır…”

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun sözlərinə görə, təkcə ötən ay ərzində Birliyə fırıldaqçı şirkətlərlə bağlı 3 belə müraciət daxil olub və nəticədə dələduzluqla məşğul olan şəxslər cinayət məsuliyyətinə cəlb olublar.

“Birliyə ötən ay işə düzəltmək adıyla vətəndaşlardan pul alan “Azər Qida” MMC, “MİMOSA” MMC ilə bağlı 3 ərizə daxil olub. Əlimdə olan faktları Bakı Şəhər Baş Polis İdarəsinə göndərdim və 15 gün əvvəl həmin şəxslər həbs olundular. Vətəndaşlar internetdə iş elanlarına birmənalı şəkildə inanmamalıdırlar. İndi fırıldaqçılığı təkmilləşdirərək yeni üsullar tapıblar. Müraciət edənə deyirlər ki, get “Milli Ön”dən 20 manat ödə. Vətəndaş ödəyir, əlində qəbzi olur və elə bilir ki, dəqiqdir, şirkətin bank hesabları da var. Sonra məlum olur ki, həmin şəxslər gizləniblər, şirkət isə yalançı şirkətdir”, – deyə E. Hüseynov qeyd edib.

Ekspert hesab edir ki, iş üçün müraciət edən şirin vədlərə aldanmamalıdır, işə düzəldənlə görüşməli və vədi verən insanın oturduğu yeri, ofisi görməlidir. Çünki dələduzlar telefon nömrəsini asanlıqla dəyişir və gizlənirlər. Əgər ofisləri yoxdursa, o ciddi iş sayıla bilməz. Müraciət edən telefon açdığı adamın kim olduğunu heç olmasa üzdən tanımalıdır. Əgər şirkətin oturmağa yeri yoxdursa, deməli fırıldaqçıdır.

“Ofisi yoxdursa, istədiyini əldə edəndən sonra telefonu da söndürürsə, onu tapmaq çətin olur. Bəzən ofis olur, amma şirkət fırıldaqçı olur. Məsələn, TİENS şirkəti. Bu şirkətdən şikayət olsa da, heç bir dövlət orqanı fırıldaqçı şirkəti ifşa edib qaçqın ailənin ödədiyi 2500 manatı qaytara bilməyib. Digər bir şikayət isə 15 ildən artıqdır ki, internet üzərindən piramida formasında şəbəkə marketinqi ilə məşğul olan “Q-Net”-lə bağlıdır. Bir çox ölkələrdə fəaliyyət göstərir, amma əksər ölkələrdə ifşa olunub. AİB-ə bu şirkətdən təkcə bir ildə 72 şikayət daxil olub. Dövlət orqanlarına, o cümlədən, Baş Prokurorluğa göndərilib, amma təəssüflər olsun ki, bu günə kimi 4 aydan artıqdır ki, həmin insanların hüquqları qorunmayıb”, – deyə E. Hüseynov bildirdi.

 

“Kimsə 1000 manat maaş təklif edib heç bir ixtisas lazım olmadığını deyirsə…”

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov da bu məsələdə insanların özlərinin ayıq olmasını vacib sayırTexnologiyalar inkişaf etdikcə kiber fırıldaqların və kiber cinayətlərin sayının artdığını deyən ekspertin sözlərinə görə, bu heç də həmişə maddi zərərlə nəticələnmir. Bəzən fırıldaqçı iş elanları vətəndaşları insan alveri qurbanına da çevirir:

“İnternet üzərindən işə düzəltmə sistemi əslində dünyada çox yaxşı təşəkkül tapıb. Məsələn, Avropa ölkələrində işə düzəltmə saytlarının rolunu inkar etmək olmaz. Anormal olan odur ki, bizdə internet üzərindən işə düzəldən şirkətlərin çoxu fırıldaqçılıqla məşğul olurlar. İnsanları şirnikləndirərək tora salırlar. Burada bir nömrəli məsələ insanların ayıq olmasıdır. Bilməlidirlər ki, əgər kimsə onlara 1000 manat maaş təklif edir və əvəzində heç bir ixtisas tələb etmirsə, deməli burada şübhəli məqamlar var. Hər kəs anlamalıdır ki, işə girməyə görə hər hansı pul verilməməlidir. Əgər belə hal varsa, bəri başdan bilmək lazımdır ki, o fırıldaqçıdır. Bu cür hallar dələduzluqdur. Bəzən vətəndaşlar yalançı işə düzəltmə adı ilə insan alverinin qurbanına çevrilirlər”.

BIR CAVAB BURAXIN