Hüseyn Abdullayevin istintaqa verdiyi deyilən “qara siyahı”da bəzi sabiq məmurların xaricdə yaşayan övladlarının adı ola bilər
Yeni hökumətin tərkibində yer almayan məmurlardan biri də baş nazirin müavini İsmət Abbasov oldu. Onun üçün karyerasını bu şəkildə bitirməsi sonunun başlanğıcı ola bilər. Belə ki, hələ prezident seçkilərindən əvvəl İsmət Abbasov barəsində mətbuatda çoxsaylı yazılar dərc olunmuşdu. Xüsusən oğlu Yunis Abbasovun sabiq nazirlər – Eldar Mahmudov, Abbas Abbasov və Ziya Məmmədova qoşulması haqda məlumatlar diqqətdən kənar qala bilməzdi. Qalmadı da.
Yazmışdıq, bir də yada salaq. Azərbaycanın siyasi səhnəsi xeyli genişlənib. Artıq bu səhnənin bir ucu Avropa ölkələrindədir. Siyasi, yaxud da qeyri-siyasi mühacirlərin sosial şəbəkələr vasitəsilə tərəf tutması və Azərbaycan iqtidarına qarşı aqressiv informasiya müharibəsi başlatması ictimai mühiti xeyli gərginləşdirib. Seçkidən əvvəl başlayan bu müharibə səngimiş kimi görünsə də, bütün istiqamətlər üzrə davam edir. Ümumilikdə xarici ölkələrdə olan narazı azərbaycanlıların dilindən Azərbaycan hakimiyyətinə qarşı olduqca sərt, bir çox hallarda bütün əndazələri aşan ittihamlar səslənir və səslənməkdədir. Belə iddialar vardı ki, hücumların dəstəkvericiləri vaxtilə Azərbaycan hakimiyyətində olmuş şəxslər – baş nazirin sabiq 1-ci müavini Abbas Abbasov və sabiq nazirlər Ziya Məmmədovla Eldar Mahmudovdur.
Başqa adlar da səslənirdi-hazırda həbsdə olan Hüseyn Abdullayevin də bu prosesin mərkəzi fiquru olması barədə məlumatlar yayılmışdı. Bu haqda “Yeni Müsavat”ın ötən saylarından birində “Mahmudov, Abbasov, Məmmədov hakimiyyətə qarşı birləşib?” sərlövhəli yazıda məlumat vermişdik.
Hələ seçkidən əvvəl redaksiyamıza daxil olan məlumatlarda iddia olunurdu ki, hakimiyyətə qarşı hücumlarda yer alanlar sırasında elə bu gün hakimiyyətin içində olan şəxslər, onların yaxınları da var. Sonradan seçki ərəfəsi prezidentliyə namizəd Hafiz Hacıyev bu iddiaları təsdiqləyəcək açıqlamalar verdi, Avropadakı “narazı və nadinc vətəndaşlarımız”la təmasları olanlardan birinin də baş nazirin müavini İsmət Abbasovun oğlu, Böyük Britaniyada yaşayan iş adamı Yunis Abbasovun olduğunu dedi. Yayılan məlumatlardan belə aydın olurdu ki, Yunis Abbasov birbaşa olmasa da, dolayısı ilə xaricdəki narazı kəsimə dəstəyini əsirgəmir. Yunis Abbasov əvvəllər Azərbaycanda iş sektorunda çalışmağa cəhd edib. Lakin ona maneçiliklər törədilib və incik düşən oğul Abbasov ölkəni tərk edərək Böyük Britaniyada məskunlaşıb. Orada öz biznesini qurub. Onun Böyük Britaniyada iş qurması üçün gərəkən ilkin kapitalı haradan əldə etməsi haqda məlumatlar olmasa da, böyük ehtimalla Yunis Abbasov işə başlamaq üçün banklara baş vurmayıb. İllərdir nazir olan atasının sərvətindən bir ovuc götürüb və işə başlayıb.
O, ilk dəfə Azərbaycan mətbuatının gündəminə illər öncə Londondakı mülkləri ilə gəlmişdi. O dövrdə atası İsmət Abbasov hələ kənd təsərrüfatı naziri idi. Yayılan məlumatda deyilirdi ki, Yunis Abbasov hələ 2006-cı il, sentyabrın 1-də Londonun dəbdəbəli Doklands məhəlləsində çoxmənzilli 2 mərtəbədən ibarət böyük və lüks bir penthaus malikanə alıb. Nazir oğlu bu mülk üçün hələ o zaman 1,4 milyon funt-sterlinq ödəyib. Yunis Abbasov da həmin məlumatı təkzib etməmişdi. Onun atası kənd təsərrüfatı naziri vəzifəsində çalışdığı dövrdə ayağında xeyli yeyinti vardı. İsmət Abbasovu 9 il tutduğu bu vəzifədən 2013-cü ildə çıxarıb baş nazirin müavini vəzifəsinə keçirməklə faktiki olaraq xilas etmişdilər. 5 il baş nazirin müavini vəzifəsini tutan İsmət Abbasovun xaricdə geniş əlaqələri olsa da, faktiki olaraq təmsil olunduğu hakimiyyət üçün hər hansı addım atmırdı. Oğlu xaricdə olmasına rəğmən onun vasitəsilə heç bir iş görmürdü. Oğlu xaricdə kef içində yaşayır. Avropanın önəmli şəhərlərində yaşayan bu adamlar Azərbaycan üçün heç nə etmirlər. Ən son məlumatlara görə, Türkiyədə həbs olunaraq Azərbaycana gətirilən sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə ortalığa çıxan sürpriz isimlər sırasında xaricdə yaşayan sabiqlərin övladlarının da adları ola bilər. Hüseyn Abdullayevin istintaqa verdiyi deyilən “qara siyahı”da işdən çıxarılan, vurulan məmurların özlərinin, xaricdə yaşayan övladlarının da adları ola bilər. Odur ki, bizlərə gözləmək qalır…“Yeni Müsavat”