“Mərkəzi Asiyada insan hüquqları” assosiasiyasının prezidenti Nadejda Atayeva Rusiyanın “Dojd” telekanalına müsahibəsində bildirib ki, Özbəkistan prezidenti İslam Kərimovun vəfatı xəbərini iki mənbədən alıb. Bunlardan biri hüquq-mühafizə orqanları, digəri isə Özbəkistanın tibb dairələridir.
Atayevanın sözlərinə görə, Kərimovun ölümü xəbərini o, Paris vaxtı ilə 19:40-da (Bakı vaxtı ilə 21:40-da) alıb.
* * *00:12
“RİA Novosti” xəbər verir ki, Özbəkistan prezidenti Aparatındakı mənbə İslam Kərimovun ölümü ilə bağlı xəbəri təsdiqləməyib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Life.ru-ya Kərimovun ölümü ilə bağlı xəbəri şərh edərək deyib: “Bu hələ təsdiq olunmayıb”.
* * *00:07
Life.ru xəbər verir ki, Daşkənddə təhlükəsizlik tədbirləri gücləndirilib.
Mənbə əlavə edir ki, rəsmən bunun prezidentin ölümü xəbəri ilə deyil, sentyabrın 1-də qeyd olunacaq Müstəqillik Günü ilə əlaqədar olduğu bildirilir.
* * *23:59
Rusiyanın “Komsomolskaya Pravda” qəzeti yazır ki, 78 yaşlı İslam Kərimov vəfat edib. Nəşr Fergana.ru saytına istinad edir.
Həmçinin qeyd edək ki, Mərkəzi Asiya üzrə ekspert Arkadi Dubnov Gazeta.ru saytına Özbəkistan liderinin plümü xəbərini təsdiqləyib.
Dubnov məlumatı verərkən məlumatlı mənbələrə istinad etdiyini bildirib.
* * *23:53
Özbəkistan mətbuatı ölkə prezidenti İslam Kərimovun vəfat etməsi barədə məlumat yayıb. Məlumat yerli “Fergana.ru” agentliyinin xəbər lentində yerləşdirilib.
Agentliyin xəbərinə görə, özbək lider Daşkənd vaxtı ilə 15:00-16:00-da və ya Bakı vaxtı ilə 14:00-15:00-da dünyasını dəyişib.
Qeyd edək ki, bu informasiya rəsmi hakimiyyət dairələrində hələlik öz təsdiqini tapmayıb.