İslam dünyasının ilk qadın Baş naziri: siyasi zirvəyə gedən əzablı yollar (2)

0
603

Zülfüqar Əli Bhutto 1973-cu ildə baş nazir seçildi. O bu vəzifədə 4 il ölkəni idarə etdi. Lakin 1977-ci ildə Ziyaulhəqq ölkədə dövlət çevrilişi həyata keçirərək Zülfüqar Əli Bhuttonu həbs etdirdi. Bhutto öz müxaliflərini müxtəlif yollarla aradan qaldırmaqda günahlandırılaraq 1979-cu ildə Ravalpindidə edam edildi.

Yeri gəlmişkən bir az geriyə qayıdaraq qeyd edək ki, Şərqi Pakistanın müstəqilliyini elan etməsindən sonra prezident, daha sonra isə baş nazir olan Zülfüqar Əli Bhutto ölkəsinin iqtisadi və siyasi inkşafına nail ola bilmədi. O, ölkədə sosialist bir üsul idarəsi, özünün də dediyi kimi demokratik dövlət qurmaq istəyirdi. Zəngin ailədə dünyaya gəlməsinə baxmayaraq Bhutto özünün həm müsəlman, həm də marksist olduğunu söyləyirdi. O dövrdə Zülfüqar Əli Bhuttodan müsahibə götürən italiyalı müxbir Orianna Fallaciyə: “Mən iqtisadi baxımdan bir marksistəm. Amma sadəcə olaraq iqtisadi sərhədlər çərçivəsində. Marksizmin dialektikasını- Allaha qarşı çıxmasını isə qəbul etmirəm. Çünki mən müsəlman kimi Allaha inanıram. Bununla bərabər Pakistan kimi geridə qalmış bir ölkə üçün sosializmdən başqa bir inkişaf yolu görmürəm”,-demişdi.

Bu sözlərlə o, marksist olmasının səbəblərini açıq şəkildə ortaya qoymuşdu. Amma müxalifləri onun bu sözlərinə inanmadılar və bunun üçün onlar Zülfüqar Əli Bhuttonun torpaq islahatı zamanı 45 min hektarlıq torpağını payladığını sübut kimi göstərdilər. Eyni zamanda onu diktatorluqda və faşizmdə də günahlandırdılar.

Sürgündən baş nazirliyə uzanan yol

Edam edilən Zülfüqar Əli Bhuttonun siyasi sonu qızı Benazir Bhutto üçün bir başlanğıc oldu. Ona görə də, düşdüyü bu siyasi mühit onun, gələcəyin baş nazirinin dünyagörüşünün formalaşmasında mühüm rol oynadı. Harvard və Oksford universitetlərini bitirən Benazir Pakistana qayıdanda siyasi karyerası və ailə vəziyyəti baxımından çox üzüntülü günlər yaşadı. Dövlət çevrilişi nəticəsində atasının həbs edilməsi və sonra edam olunması Benaziri sarsıtmışdı. Benazir Bhutto məlum səbəblərdən 1977-1984-cü illər ərzində ev dustağı həyatı yaşamağa məcbur olur. Baş verən bütün bu hadisələr, o cümlədən atasının edam edilməsi Bhuttonu mənəvi cəhətdən sarsıtsa da, o haçansa talenin üzünə güləcəyinə olan ümidlərini itirməmişdi. O, anası ilə birgə 7 ay ərzində Sihalda ev dustağı saxlanıldı. Sonra onlara Kəraçidəki evlərində yaşamağa icazə verdilər. Benazir anası ilə birlikdə Kəraçidə 5 il sürgün həyatı-ev dustağı kimi yaşadı. Həmin müddətdə isə qardaşları Murtəza və Şah Nevaz Kabilə və Şama göndərilmişdilər. Sürgün həyatı başa çatandan sonra o, Londona getdi və atasının qurduğu Pakistan Xalq Hərəkatı Partiyasına rəhbərlik etməyə başladı. Atasının edam edilməsindən 7 il sonra qardaşı Şah Nevazı itirdi. Onun əfqan olan arvadı tərəfindən zəhərləndiyi iddia edilir. Amma onun 27 yaşında ikən müəmmalı şəkildə ölümü təbii ki, təsadüfi deyildi və bu ölkə daxilində gedən siyasi çəkişmələrlə bağlı idi. Düşmənləri Şah Nevazın hakimiyyətə gələcəyindən və atasının intiqamını alacağından qorxurdular və bu sui-qəsdin arxasında da məhz şəxsi ədavət dayanırdı. Bhutto yalnız qardaşının ölümündən bir il sonra Pakistana geri döndü.

Atasını dar ağacına göndərən Ziyaulhəqqin gözlənilmədən təyyarə qəzasına düşərək həlak olması Bhuttoya siyasi mübarizəyə başlayaraq atasının uğurlarını təkrar etməsi üçün geniş imkanlar verdi. 1984-cü ildə İngiltərəyə getməyə imkan tapan Benazir Bhutto burada mühacirətdə olan atasının tərəfdarlarının yardımı ilə Pakistan Xalq Partiyasının fəaliyyətini bərpa edərək ona rəhbərlik etməyə başladı.

Ailə həyatını təzyiq altında qurdu

Benazir Bhutto vətənə geri dönərkən artıq həyatında bəzi hadisələr baş vermişdi. Necə deyərlər, atasının edamı və yaşadığı ağır sürgün həyatı onu tamamilə dəyişdirmişdi. Üstəlik, bir müddət Kəraçi və Londonda yaşaması da gənc Bhuttonun həyatında özünəməxsus dərin izlər buraxmışdı. Həmin dövrdə onunla evlənmək istəyənlərin sayı get-gedə artmaqda idi. Amma o ailə həyatı qurmağa tələsmirdi. Buna baxmayaraq adı çəkilən məsələ ətrafında ona təzyiqlər durmadan artırdı. Bu arada isə onun qarşısına Pakistanda böyük torpaq sahibi olan Asif Zərdari çıxdı. Daha doğrusu onun Asif Zərdari ilə alə həyatı qurmasını anası Nüsrət xanımla xalası Mana istəyirdilər. Onlar 32 yaşında olan Benazir üçün ən layiqli namizəd kimi Asif Zərdarini görürdülər.

Asif Zərdari Londondakı İqtisadi və Siyasi Elmlər Mərkəzində təhsil alır və eyni zamanda ticarətlə məşğul olurdu. Amma həyatını siyasətə həsr etməyi qərara alan Benazir ailə həyatının buna mane olacağını düşünərək ərə getməkdə tərəddüd edirdi. Eyni zamanda ailə həyatı qurmayan bir qadın siyasi lider kimi ictimaiyyət tərəfindən çətin qəbul ediləcəyini də yaxşı anlayırdı. Üstəlik, hər dəfə ondan müsahibə götürən KİV əməkdaşlarından: “Niyə ərə getmirsiniz?,”- sualını eşidəndə ürəyi sıxılırdı. Ona görə də, ailəsinin israrları ilə onun üçün seçdikləri namizədlə-gələcəkdə həyat yoldaşı olacaq Asiflə görüşməyi qərara aldı. İki gənc ailələrinin iştirakı ilə bir neçə dəfə görüşdülər. Asif iki il evlənmə barədə təklifinə Benazirin nə cavab verəcəyini gözlədi. Benazirin bu məsələdə tərəddüd etməsi belə Asifi niyyətindən vaz keçməyə məcbur edə bilmədi. İnadkar Asif sonda maraqlı bir şəkildə Benazirin “Hə” cavabını ala bildi. Benaziri ailə həyatı qurmağa razı salmaq üçün növbəti dəfə görüşə dəvət edən Asif onunla parkda gəzərkən həyatlarını dəyişdirəcək bir hadisə baş verdi. Arı qəfildən Benazirin barmağını sancdı. Barmaq bir andaca şar kimi şişdi. Bunu görən Asif dərhal Benaziri xəstəxanaya apardı və onu müayinədən keçirtdi. Atasının edam edilməsindən sonra həyatda ilk dəfə belə səmimiliklə və sevgi ilə qarşılandığından olduqca kövrələn Benazir Asifin evlilik təklifinə razılıq verdi…

1987-ci il dekabr ayının 17-də Kəraçidə Benazir və Asifin möhtəşəm bir toyu oldu. Toyda Pakistanın elitasını və ən zəngin ailələrini təmsil edən 10 min nəfər iştirak etdi. Bu toy mərasimi eyni zamanda Bhutto ailəsinin düşməni olan Züyaulhəqqə qarşı da bir gözdağına çevrildi. Üstəlik, bu toy mərasimi vaxtı ilə atası Zülfüqar Əli Bhuttonun ilk dəfə siyasi həyata atıldığı və kütlələr qarşısında çıxış etmək üçün tikdirdiyi idman salonunda keçirildi. Bu isə Ziyaulhəqq üzərində simvolik qələbə anlamına gəlirdi. Bundan bir il sonra isə Benazir seçkilərdə qələbə çalaraq baş nazir vəzifəsində ölkəni idarə edəcəkdi… Bu evlilikdən onların üç övladı, oğlu Bilavəl və qızları Bahtevar və Asifə anadan oldu.

Gözlənilən qələbə

1988-ci il avqust ayının 17-də Pakistan prezidenti general Ziyaulhəqq təyyarə qəzası nəticəsində həlak oldu. Bununun ardınca həmin il noyabr ayının 19-da ölkədə növbədənkənar seçkilər keçirildi və bu seçkilər Benazirin qələbəsi ilə başa çatdı. Beləliklə, qalib kimi yeni hökuməti təşkil edən Bhutto İslam aləmində ilk qadın baş nazir oldu. Amma o baş nazir vəzifəsində ölkəni uzun müddət idarə edə bilmədi. Buna da səbəb əri Asiflə əlaqədar ortaya çıxan problemlər oldu. Benazirlə ailə həyatı qurana kimi siyasətlə ümumiyyətlə maraqlanmayan Asif də son seçkilərdə iştirak edərək millət vəkili seçilmişdi. Benazirin əleyhdarları bu faktdan istifadə edərək baş nazirin xalq arasında gözdən salınmasına xidmət edən təbliğat aparmağa başladılar. Buna paralel olaraq Asifin həyat yoldaşının tutduğu vəzifəsindən sui-istifadə etdiyi barədə ona qarşı ittihamlar səsləndirilirdi. Baş nazir seçilməsindən 20 ay sonra Qulam İshak Xan ölkədə dövlət çevrilişi həyata keçirdi. Bhutto hakimiyyətdən salındı. Onun əri Asif Zərdari isə vəzifəsindən sui-istifadə (şantaj) və korrupsiyada günahlandırılaraq həbs edildi. Ona qarşı bank sahibi Murtəza Buxaridən rüşvət istədiyi və sonuncu bunu verməyincə, onun evinə bomba atdırdığı barədə cinayət işi qaldırıldı. Bu iddiaları sübut etmək mümkün olmasa da Asif üç il həbsdə qaldı.

Əziz Mustafa

BIR CAVAB BURAXIN