Türkiyədə kamikadze qruplarının bir-birinin ardınca tutulduğunu görən İŞİD “sui-qəsd qrupları”nı göndərməyə başlayıb.
Publika.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, bu qruplardan biri təhlükəsizlik güclərinin Kilisdə İŞİD terror təşkilatına qarşı həyata keçirdiyi əməliyyat zamanı ifşa edilib.
Əməliyyatda Suriyadan qeyri-qanuni yollarla Türkiyəyə daxil olan və silsilə sui-qəsdlər törətmək üçün təlimat aldığı bildirilən 2 İŞİD üzvü tutulub. Əməliyyatın gedişatında şok detallar ortaya çıxıb. Təşkilat üzvlərinin üzərindən “ölüm siyahısı” tapılıb.
Ələ keçirilən siyahıda təşkilatın əsas hədəfinin millət vəkilləri olduğu məlum olub. İŞİD terrorçuları sui-qəsdlərlə bağlı planlaşdırma aparıb və siyahıda yer alan şəxslərlə əlaqədar məlumatları toplayıb. Tutulan İŞİD-çilər ilkin ifadələrində hərəkətə keçmək üçün təlimat gözlədiklərini bildiriblər.
“Ölüm siyahısı”nda ictimaiyyətin yaxından tanıdığı bir çox jurnalistin də adı var. Terrorçulardan 2 səsboğucu silah və təşkilata aid sənədlər götürülüb.