İşğaldan öncə rayon ərazisində onlarla milli və dini-tarixi abidə olmuşdur

0
1505

1-ci Qarabağ müharibəsi zamanı erməni vandalları tərəfindən işğal olunmuş ərazilərimizdən biri Zəngilan rayonu olub. Zəngilan rayonu rayon kimi 1930-cu ildə təşkil olunmuşdur. 1993-cü il oktyabrın 30-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Rayon işğal edilərkən burada 1 şəhər, 5 qəsəbə və 79 kənd mövcud olmuşdur. Erməni vəhşiləri tərəfindən digər ərazilərdə olduğu kimi Zəngilan rayonunda da yaşayış məskənləri, tarixi dini abidələrimiz vandalizmə məruz qalmışdır.

2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ Müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratmışdır. Nəticədə 20 oktyabr 2020-ci ildə Zəngilan rayonu işğaldan azad edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət tərəfindən işğaldan azad edilmiş ərazilərdə bərpa quruculuq işləri aparılır. Həmin ərazilərə yollar çəkilir, müxtəlif tikililər inşa olunur. Zəngilan rayonunda da quruculuq bərpa işləri aparılır. Zəngilan birinci rayondur ki, keçmiş məcburi köçkünlər öz dogma yurdlarına qayıdıblar. Çünki, birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilib. Zəngilanda bu il Beynəlxalq Hava Limanı istismara veriləcəkdir. Eyni zamanda rayon ərazisində dörd və altı zolaqdan ibarət olan avtomobil yolu sürətlə inşa olunur. Zəngilan rayonu gələcəkdə mühüm nəqliyyat qovşağı rolunu oynaycaqdır. Belə ki, Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni beynəlxalq bir yol olacaqdır.

Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Zəngilan rayonunda erməni vandalizminin qurbanı olmuş məscidlərin bərpası işləri aparılır. Erməni vandalları Zəngilan məscidini tamamilə dağıtmışdılar və məscidin cəmi bir divarı qalmışdır. İşğal zamanı Zəngilan rayonunda yarıdağıdılmış bəzi məscidlərdən tövlə kimi istifadə olunub, orada donuz saxlanılıb. Ümumiyyətlə azad edilmiş bütün torpaqlarda bizim tarixi, mədəni, dini irsimiz ermənilər tərəfindən dağıdılıb, təhqir edilib, sökülübdür. Məscidlərimizin ermənilər tərəfindən donuz tövləsinə çevrilməsi təkcə bizə qarşı deyil, bütün islam dünyasına qarşı törədilmiş cinayətdir.

Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır.

 

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə