İşğaldan azad edilmiş iki kənddə kütləvi məzarlıqlar aşkar olunub

0
1677

Prezidentimiz cənab  İlham Əliyevin müvafiq tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə I Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan vətəndaşlarının ehtimal edilən məzar yerlərinin müəyyən edilməsi istiqamətində axtarış tədbirləri həyata keçirilir.

I Qarabağ müharibəsi zamanı əsir-girovluqda olmuş şəxslərin şahid ifadələrinə uyğun olaraq aparılan axtarış-araşdırma tədbirləri nəticəsində işğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndində və Füzuli şəhəri ərazisində kütləvi məzarlıqlar aşkar edilib, aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət heyət ekshumasiya işlərinin aparılması prosesinə cəlb edilib. Edilli kəndində kütləvi dəfn edilmiş meyitlərin bir hissəsi isə I Qarabağ müharibəsi zamanı Ermənistan hərbçiləri tərəfindən əsir-girov götürülərək orada saxlanılmış və ağır işgəncələr verilərək qətlə yetirilmiş Azərbaycan vətəndaşlarına aiddir. Aşkar edilmiş qalıqların Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş, bugünədək taleyi naməlum olan soydaşlarımıza məxsus olma ehtimalı vardır. Halbuki Ermənistan tərəfi dəfələrlə edilən çağırışlara baxmayaraq, törətdiyi müharibə cinayətlərini dünya ictimaiyyətindən gizlətmək məqsədilə həmin şəxslərin taleyi, eləcə də azərbaycanlıların kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırıb.

Ermənistanın 1949-cu il Cenevrə Konvensiyalarının tələblərini kobudcasına pozması və azərbaycanlılara qarşı etnik nifrət siyasəti yürütməsi bu faktın üzə çıxması ilə bir daha təsdiqlənmiş oldu.

Xatırladaq ki, həmin kənddə bu ilin fevral ayında da azərbaycanlıların kütləvi dəfn edildiyi məzarlıq tapılmışdı. Ermənistanın növbəti belə cinayət əməlləri törətməsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyət bu müharibə cinayətlərinə adekvat reaksiya verməli, həmin cinayətləri törədənlər məsuliyyətə cəlb edilməlidir.

 

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin müəllimi-Aliya Rüstəmov