İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür

0
1829

Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban xanım Əliyeva Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində iştirak ediblər. Tədbirdə çıxış edən ölkə başçısının toxunduğu mövzulardan biri də Ermənistanın Qarabağda, xüsusən də, Ağdam şəhərində törətdikləri vəhşiliklər, o vəhşiliklərin izlərini canlı şəkildə görən qonaqların təəssüratları haqqında olmuşdur.

Hər bir xalqın xarakterini, mənəviyyatını əks etdirən göstəricilərdən biri milli-mənəvi, dini və bəşəri dəyərlərə yanaşmasıdır. 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalçı siyasətindən əziyyət çəkməsinə, müxtəlif vandalizm aktları ilə üzləşməsinə baxmayaraq, Azərbaycan xalqı iradəli, əzmkar və mübariz olmaqla yanaşı, humanist, tolerant və qurucu xalq olduğunu sübuta yetirib. Ermənilər isə 30 il ərzində işğal altında saxladıqları Azərbaycan torpaqlarında misli görünməmiş vəhşiliklər törədib, tarixi, dini, mədəni abidələri dağıdıblar, məscidlərimiz təhqir olunub. Bu, əslində, təkcə xalqımıza deyil, bütövlükdə, dünya mədəni irsinə, bəşər sivilizasiyasına qarşı barbarlıq, vandalizm aktı və soyqırımı siyasəti, cinayət əməlidir.

Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən olub. Ermənilər 1993-cü il iyulun 23-də Ağdamı işğal etdikdən sonra Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib dağıdıblar. Ağdamda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Təbii ki, bunu yalnız başqasının yurdunda məskən salan, işğalçı vandallar edə bilər. Onlar bu vəhşiliklərlə həm də Ağdamın, Qarabağın onlara aid olmadığını bir daha sübut etmiş olurlar.

“Ermənilər Ağdamı xarabalığa çevirib” dedikdə burada söhbət adi dağıntılardan, binaların dağıdılmasından getmir. Onlar bizim tariximizi, mədəniyyətimizi silmək istəyiblər. Ağdam gözəl şəhər olub, Sovet İttifaqı dövründə iqtisadi baxımdan ən güclü potensialı olan sənaye zonası olub. Ağdamda 17 müəssisə mövcud olub. Hətta o müəssisələrdən biri Sovet İttifaqının kosmos sənayesi üçün cihazlar istehsal edib. Ağdam, eyni zamanda, bir muğam mərkəzi olub. Rayon böyük muğam sənətkarları yetişdirib. Biz o irsi, o mirası qoruyub saxlamışıq. Bura gələn Ağdam sakinləri bu xarabalıqları görürlər, ürəkləri parçalanır, ancaq onlar qürurludurlar ki, torpaqlarımız işğaldan azad edilib. İşğaldan azad olunduqdan sonra Ağdama həm ölkəmizin vətəndaşları, həm də əcnəbi turistlər, jurnalistlər, diplomatik nümayəndəliklər, din xadimləri və.s səfər edib, bu barbarlığı öz gözləri ilə görüblər.

Zaman keçdikcə Ağdamda törədilmiş cinayətləri bütün dünyaya daha dolğun çatdırmaq üçün mütəmadi olaraq bura əcnəbi jurnalistlərin, diplomatik nümayəndəliklərin səfəri təşkil oluncaq və onlar bu barbarlığın canlı şahidi kimi bunu dünya ictimaiyytəinə çatdıracaqlar. Həm dövlət, həm vətəndaş olaraq üzərimizə düşən bütün vəzifələri məsuliyətlə yerinə yetirməliyik.

 

Zərdab rayon Şıxbağı kənd tam orta məktəbinin müəllimi -İlahə Musatafayeva.