“İsgəndər”lərə görə mübahisə yarandı, Putinin nümayəndəsi hədələdi

0
575
 11

Rusiyanın Kalininqrad vilayətində “İsgəndər-M” raketlərinin ardınca “Bastion” sahil raket diviziyonunu yerləşdirməsi Qərbdə rusların aqressiv hərbi planları ilə bağlı narahatlıqları daha da artırıb.

Rusiya Müdafiə Nazirliyindəki mənbə Kalininqrad vilayətində “Bastion” raket komplekslərinin yerləşdirildiyi barədə məlumatı noyabrın 21-də mətbuata sızdırıb. Bu komplekslər 600 kilometr boyu dəniz sahilini mühafizə etmək, müxtəlif tipli gəmilərə , o cümlədən təyyarədaşıyan gəmi qruplaşmasına raket zərbələri endirmək üçün nəzərdə tutulub. Bir “Bastion” kompleksi “Oniks” tipli 36 raketə malikdir. Həmin komplekslər Rusiya hərbi sənayesinin ən yeni nümunələrindən biridir və silahlanmaya təzəliklə qəbul edilib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Kalininqrad vilayətində S-400 zenit-raket komplekslərinin də yerləşdirildiyini, Baltik donanmasının isə dəniz hədəflərinə qarşı “Bal” raket kompleksləri ilə təchiz edildiyini açıqlamışdı.

Rusiyanın Kalininqrad vilayətində “İsgəndər”lərin ardınca yeni raket kompleksləri yerləşdirməsinə Qərbdən ilk reaksiyanı ABŞ Dövlət Departamentinin rəsmisi Con Kirbi verib. Diplomat bildirib ki, Kalininqrad vilayətində “İsgəndər-M” və S-400 komplekslərini yerləşdirməsi Avropanın təhlükəsizliyinə təhdiddir. Hərçənd jurnalistlər Con Kirbidən Rusiyanın Kalininqradda “Bastion” raket komplekslərini yerləşdirməsini şərh etməyi xahiş etmişdilər. Ancaq Dövlət Departamentinin nümayəndəsi kağızdan ABŞ-ın “İsgəndər-M” və S-400 kompleksləri barədə mövqeyini oxuyub, “Bastion” raketlərinin adını çəkməyib. Kirbi deyib ki, Rusiya “Avropada baş verən müxtəlif hadisələrə cavab olaraq” Kalininqradda “İsgəndər-M” raketlərini yerləşdirəcəyi ilə bağlı əvvəl də hədələmişdi. “Lakin heç bir hadisə bu cür hərbi cavabı gərəkli etmir. Biz Rusiyanı gərginliyi artırmaqdan çəkinməyə çağırırıq”-o deyib.

Dövlət Departamentinin narhatlığına təbii ki, Moskvada məhəl qoyan olmayıb. Putinin mətbuat katibi Dmitri Peskov deyib ki, Rusiya öz təhlükəsizliyini möhkəmləndirmək üçün lazım olan bütün addımları atmaqda sərbəstdir.

Rusiya Federasiya Şurasının  müdafiə məsələləri üzrə komitəsinin rəhbəri Viktor Ozerov isə deyib ki, hələ oktyabr ayında Kalininqrada aparılmış “İsgəndər” raketləri orada daimi əsasda dislokasiya olunub və NATO-nun Şərqi Avropada hərbi potensialını genişləndirməsinə cavabdır. Ozerov Dövlət Departamentinin bəyanatına cavab olaraq vurğulayıb ki, “İsgəndər” və S-400 kompleksləri məhz ABŞ-ın Avropada raketdən müdafiə qalxanı formalaşdırmaq səylərinə cavab olaraq yerləşdirilib. “Bizim qarşımızda iki vəzifə dayanır: Hava Hücumundan Müdafiə sistemini keçmək və mümkün zərbələrdən qorunmaq. Bu cür təhdidlərdən qorunmaq üçün biz həmin istiqamətdə hava-kosmik qüvvələrimizi gücləndiririk. Biz cavab tədbirləri görməliyik, yəni oradan bizi təhdid edən hədəflərə raket zərbələri endirməliyik”-Ozerov deyib.

Hədəflər dedikdə ABŞ-ın Rumıniya ərazisində yerləşdirdiyi raketdən müdafiə radarı nəzərdə tutulur ki, bundan əvvəl prezident Putin həmin ölkəni hədələmişdi. “Biz Rumıniyaya göstərəcəyik ki, daim hədəf olmaq nə deməkdir”-o, çıxışlarından birində deyib.

Noyabrın 22-də axşama doğru Rusiyanın Kalininqrdda yeni raket kompleksləri yerləşdirməsinə NATO da reaksiya verib. Alyansın yaydığı bəyanatda Rusiyanın “Bastion” komplekslərini yerləşdirməsi “gərginliyi artırmağa xidmət edən addım” kimi qiymətləndirilir. NATO bildirir ki, bu, Rusiyanın aqressiv hərbi strategiyasının bir hissəsidir.

Analitiklərə görə Rusiya bir-birinin ardınca Kalinqinqradda, NATO-nun qərb sərhədlərində özünün ən yeni raket sistemlərini yerləşdirməsi üçün çox münasib zaman seçib. Bu, Obama administrasiyasının səlahiyyətlərini başa vurmasına az qalmış baş verir. Yeni prezident Donald Trampın isə Avropa ilə bağlı hansı siyasət yürüdəcəyi hələ naməlumdur. Çoxları narahatdır ki, Trampın prezidentliyi NATO-nun dağılması ilə nəticələnəcək. Əgər Tramp administrasiyası Rusiya ilə anlaşsa və Şərqi Avropada NATO qüvvələrinin artırılması planlarını dayandırsa bu, Putinin daha bir geosiyasi qələbəsi olardı…

F.Məmmədov

Virtualaz.org

BIR CAVAB BURAXIN