“İsgəndər” şousu: Əgər savaş başlasa… – Kremldən baxış

0
671

İrəvandakı parada “İsgəndər”lərin çıxarılması ilk növbədə daxili siyasi məqsədlər üçün nəzərdə tutulub.

 

Axar.az xəbər verir ki, bu sözlər rusiyalı politoloq Mixail Belyayevin “Vestnik Qafqaza” saytındakı məqaləsində yer alıb. Onun sözlərinə görə, ölkənin hərbi-siyasi rəhbərliyi erməni ictimaiyyətini apreldə Dağlıq Qarabağda Azərbaycanla baş verən toqquşmalar zamanı verdiyi itkilərdən sonra sakitləşdirməyə cəhd edir:

 

“İsgəndər”lərin paradda nümayişi əhali üçün informasiya emalında imkanlar yaradır. “Sasna çrer” qruplaşması tərəfindən İrəvandakı polis bölməsinin tutulması növbəti dəfə ölkədə antirusiya əhval-ruhiyyəsinin real vəziyyətini göstərdi. Bölmənin tutulduğu gün erməni sosial şəbəkələri antirusiya şüarları ilə doldu, apreldəki hərbi uğursuzluq birbaşa Kremlin üzərinə atıldı. Son həftələr ərzində erməni rəhbərliyi sosial narazılığın dərəcəsini azaltmaqdan ötrü tədbirlər paketi hazırladı, əhalinin etibarını itirmiş hökumətin başçısı Ovik Abramyanı istefaya göndərdi və xalqa “İsgəndər”ləri göstərdi. 2015-ci ildə olduğu kimi, İrəvan Moskva ilə münasibətlərdə “Maydan” kartını oynadı. Bununla o, rusiyalı tərəfdaşlarını 200 milyon dollarlıq güzəştli kreditin qarşılığında silahın verilməsi üçün tələsdirdi.

 

Yeri gəlmişkən, bu kredit ermənilərin “Elektrikli İrəvan” etirazlarından sonra əldə etdikləri qaz güzəştləri ilə eynidir. Bu etirazlar daha çox Qərbin postsovet məkanındakı ssenarilərinə oxşayırdı. O zaman İrəvan Moskvanın yaranan sosial narazılıq fonunda Ermənistanda baş tutacaq rəngli inqilab imkanlarından aktiv şəkildə öz məqsədlərinə çatmaq üçün istifadə etdi. Təəssüf ki, antirusiya əhval-ruhiyyəsi Ermənistanda artıq uzun illərdir mövcuddur, üstəlik, erməni diplomatiyası avropalı və amerikalı siyasətçilərin rəğbətini qazanmaq üçün Qərbdə ənənəvi “Avropa Birliyinə can atan xristianlar, avtoritar Rusiya tərəfindən qarşısı kəsilənlər” kartını oynayır”.

 

Politoloq həmçinin Ermənistanın Azərbaycana çirkli bomba təhlükəsi yarada biləcəyini də bildirib:

 

“Əgər erməni ordusu “İsgəndər”lərə malikdirsə, o zaman raketlər nəzəri olaraq Bakıya çata bilər. Lakin burada bir şeyi nəzərə almaq lazımdır ki, bu cür sistemlərin total dağıntılar təhdidi yalnız raketlər nüvə başlığı daşıyan zaman yaradır. Bu isə ümumilikdə müharibənin gedişini dəyişə bilər. Raketlərin qiymətinin baha olduğunu nəzərə alsaq, Ermənistanın “İsgəndər”lərdən aktiv istifadəsinə ehtiyac qalmayacaq. Heç də uzaq olmayan keçmişdəki hadisələr göstərir ki, Bakı Ermənistanın keçmiş baş nazirinin “ermənilər çirkli bomba yaradıblar” bəyanatından ehtiyatlı olmalıdır. Üstəlik, bu ilin aprelində erməni quldurları artıq bir dəfə Metsamor Atom Elektrik Stansiyasındakı uran-238 elementinin qara bazarda 200 milyon dollara satılmasına cəhd ediblər. Bu isə ən azından Ermənistan tərəfindən radioaktiv tullantılara nəzarət olunmadığını göstərir. Böyük ehtimalla nə Azərbaycan, nə də Ermənistan paytaxtlara zərbə vurulmasını planlaşdırır. Əgər Dağlıq Qarabağda yenidən müharibə baş versə, bu, daha çox Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan ordusu və erməni separatçılarına qarşı antiterror əməliyyatları olacaq. Hərbi fəaliyyətlərin işğal olunmuş ərazilərlə kifayətlənməsi KTMT və Türkiyə tərəfindən üzərinə götürülən qarşılıqlı məhdudlaşdırılma faktorları ilə bağlıdır. Lakin müharibə heç vaxt planlaşdırıldığı kimi baş tutmur və çirkli bomba məsələsi “İsgəndər”lərin Ermənistana ötürülməsi ilə daha da aktuallaşır”.

BIR CAVAB BURAXIN