İran polisi hicab məsələsində “deyəsən, yumşalır”

0
1039

İran polisi hicab məsələsində "deyəsən, yumşalır"

Tehran polisinin komandanı bəyan edib ki, bundan sonra İslami qaydaların pozulmasına daha yumşaq, yəni cəzalandırmadan daha çox maarifləndirmə bucağından yanaşılacaq.

“The Daily Mail” qəzeti yazır ki, təkcə Tehran əyalətində şəriət qanunlarını öyrədən 100-dək maarifləndirmə mərkəzi var.

Briqada generalı Hüseyn Rəhimi İran paytaxtında etdiyi çıxışda deyib ki, “polis komandanlığının qəbul etdiyi qərara görə şəriət qaydalarını pozanlar bundan sonra saxlanma məntəqələrinə aparılmayacaqlar və onlar barəsində cinayət işləri qaldırılmayacaq”.

“Bunun əvəzində biz dərs təklif edirik və indiyədək belə siniflərdə 7913 nəfər maarifləndirilib” -Rəhimi deyib.

Tehran polisinin başçısı vəzifəsinə avqust ayında təyin edilmiş Rəhimi məhz hansı şəriət qaydalarına münasibətin yumşaldılacağı və hansı yeni qaydaların tətbiq ediləcəyi barədə təfərrüatları açıqlamayıb.

Lakin buna baxmayaraq, onun bəyanatı polisin əvvəlki rəisi – general Hüseyn Sacediniyanın bəyanatları ilə ziddiyyət təşkil edir. Sacediniya 2016-cı ilin aprelində demişdi ki, qadınların düzgün hicablanmadıqları barədə məlumatları polisə çatdırmaq üçün mülki geyimli 7 min əxlaq xəfiyyəsi fəaliyyət göstərir.

İranda belə şeylər barədə statistika, adətən, açıqlanmır, lakin yol polisi 2015-ci ildə “pis hicabla” bağlı 40 min protokolun tərtib edildiyini bildirmişdi. “Pis hicab” dedikdə, adətən, qadınların baş örtüyünün onların çiyinlərinə düşməsini nəzərdə tuturlar.

Belə qanun pozuntuları, adətən, pul cərimələri və maşınların cərimə meydançalarına aparılması ilə nəticələnirdi.

1979-cu il İslam inqilabından bəri qadınların hicablanması və çadralanması məcburi xarakter daşıyır və bu geyim qaydasının pozulması halları mühafizəkarlar tərəfindən kəskin tənqid edilir.

Buna baxmayaraq, İranda icbari hicab qaydalarının tətbiqi heç vaxt asan olmayıb. Söhbət xüsusilə də Tehranın və başqa şəhərlərin zəngin məhəllələrindəki qadınlardan gedir. Əksinə, buralarda çiyinlərə salınan və boğaza dolanan baş örtüyü normaya çevrilib.

2013-cü ildə hakimiyyətə gəlmiş mötədil prezident Həsən Ruhani dəfələrlə deyib ki, dini qaydaların icra etdirilməsi polisin işi olmamalıdır.

“İslamı tətbiq etmək polisin vəzifəsi deyil. Heç bir polis zabiti deyə bilməz ki, mən filan işi Allahın və ya peyğəmbərin əmri ilə etmişəm… Bir çox dini məsələlər şəxsin öz iman məsələsidir” -prezident 2015-ci ildə keçirilmiş mətbuat konfranslarından birində demişdi.

O vaxt bu sözlər mühafizəkar ayətüllahları və hətta ali rəhbər Əli Xameneyini qəzəbləndirsə də, küçələrdə polisin münasibəti yumşalmış, əxlaq polisinin tərtib etdiyi protokolların sayı azalmışdı.

“The Mail” yazır kiI, bu ayın əvvəllərində İranın qadın futbolçularından birinin hicabsız futbol oynayarkən çəkilmiş fotosu sosial mediaya çıxdıqdan sonra ona öz ölkəsində idman qadağan edilib. Məhz buna görə də Şiva Əmini hazırda olduğu İsveçrədən sığınacaq istəyir.

Elə ötən il İran polisi 8 modeli “antiislami hərəkətlərinə” görə həbs etmişdi.

Bunlardan biri – gəlinlik paltarlarında şəkil çəkdirən Elham Ərəb kamerada prokurorlar tərəfindən dindirilmiş və İnqilab Məhkəməsi qarşısına çıxarılmışdı.

İki il bundan əvvəl sosial mediada hicabsız fotosunu yaymış aktrisa Sədəf Taherian İranda mühafizəkarların hiddəti ilə qarşılaşmışdı.

İran rəsmiləri onu “əxlaqsız” adlandırmış və iş lisenziyasından məhrum etmişdilər.BBC

 

BIR CAVAB BURAXIN