İran parlamentində Türk Fraksiyası yaradıldı

0
630

11

İran parlamentində Türk Fraksiyası yaradılıb.

 

Bu barədə Amerikanın səsi radiosunun Azərbaycan xidməti məlumat yayıb.

 

Mənbənin məlumatına görə, yerli internet portalları və İran xəbər agentlikləri Təbriz millət vəkili və Şərqi Azərbaycan vilayətinin keçmiş valisi Əhməd Əlirza Beygiyə istinadla belə bir məlumat yayıblar.

 

Əlirza Beygi fraksiyanın adını Türkdillilər Fraksiyası, eləcə də Türk Fraksiyası kimi bildirib. Lakin yarı-rəsmi Fars xəbər agentliyi yaydığı xəbərin başlığında Azəridillilər Fraksiyası ifadəsi də dərc edib.

 

Hazırda Ankarada yaşayan siyasi ekspert Kərim Əsgəri “Amerikanın Səsi”nə müsahibədə 60-dan çox millət vəkilinin İran Məclisində türk fraksiyası yaratmasınınn önəmli olduğunu bildirib, amma qeyd edib ki, onun nüfuz və təsirini zaman göstərəcək.

 

Onun sözlərinə görə, fraksiyanın yaradılması xəbərindən sonra çox diqqət çəkən mövzu elə onun adı olub:

 

“İranda 90 ildir türkün inkar edilməsinə şahidik. Rəsmi şəkildə olmasa da, əməldə ‘Türk’ adı inkar olunub yerinə qondarma ‘Azəri’ çıxarılmışdı. Bu gün İran məclisində, özəlliklə də 60-dan çox millət vəkilinin təşkil etdiyi qrupun adı olaraq türk sözünün istifadə edilməsi çox önəmlidir. Bu yetərlidirmi? Yox, deyil. Çünki, türkdilli dedikləri zaman yəni ‘Türk’ü tamamilə rəsmiyyətə tanımırlar. Ancaq bu “Azəri” kəlməsindən qat-qat yaxşıdır”.

 

Əhməd Əlirza Beygi İran Parlamentində millət vəkillərinin dörddə birinin (təxminən 72 nəfər) türklərdən ibarət olduğunu deyir. Onun sözlərinə görə, türk millət vəkilləri 31 vilayətdən 19-da məclisə düşə biliblər.

 

Türk Fraksiyasına Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan və Tehran vilayətlərindən olan 5 millət vəkilinin daxil olduğu heyət sədrlik edəcək.

 

Əsgəri bu heyətin türklərin ən çox yaşadığı vilayətlərdən seçilməsinin həmçinin bir mesaj olduğunu vurğulayır.

 

Təbrizli siyasi ekspert fraksiyanın yaradılmasını ümumilikdə önəmli bir addım kimi qəbul edir, amma deyir ki, bu barədə dəqiq fikir bildirmək hələ ki, çox tezdir.

 

Kərim Əsgərinin sözlərinə görə, fraksiyaya həm mühavizəkar, həm də islahatçı millət vəkilləri daxildir.

 

Türk Fraksiyasının üzvlərindən islahatçı siyasətçi və Təbriz millət vəkili Məsud Pezeşkiyan İran Parlamentinin birinci sədr müavini seçilib.

 

Əsgəri fraksiyanın müxtəlif siyasi qanadların üzvlərindən təşkil edilməsinin diqqətəlayiq olduğunu vurğulayır.

 

Onun sözlərinə görə, Türk Fraksiyası parlamentdə bir qrup kimi hər hansı bir qanunun qəbulu və ya qəbul olunmamasında rol oynaya bilər.

 

Əsgəri həmçinin deyir ki, “bu fraksiya ilə bağlı ən önəmli məqam kimlik məsələsidir.

 

Fraksiyaya üzv olan millət vəkilləri bunu hamıdan daha yaxşı bilirlər. Seçkilərdən öncə bunların hamısı muhafizəkar, müstəqil, ya da islahatçı olduqlarına baxmayaraq kimlik məsələsi ilə bağlı verdikləri vədlərə görə səs qazanıblar. Təbii ki, bu seçkilərin dörd il sonrası da var…”, – o vurğulayıb.

BIR CAVAB BURAXIN