İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri, general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 21-də Azərbaycana rəsmi səfər edəcək. Rəsmi məlumatda qeyd olunur ki, səfər çərçivəsində İran nümayəndə heyətinin Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.
İranlı general Bakıda bir gün qalacaq və fevralın 22-də geri dönəcək. Generalın konkret kimlərlə görüşəcəyi məlum deyil. Yalnız o məlumdur ki, səfər çərçivəsində ikitərəfli hərbi əməkdaşlıq, eləcə də beynəlxalq və regional məsələlər müzakirə ediləcək.
Yeri gəlmişkən, bir aydan sonra, martın 29-da İran prezidenti Həsən Ruhaninin də Bakıya səfəri gözlənilir. Son illərdə iki ölkə münasibətlərində yumşalmanı diqqətə alsaq, iranlı nazirin səfəri qeyri-adi hadisə sayılmamalıdır. Ancaq səfərin prezidentin gəlişindən bir ay əvvələ çəkilməsi və iki gün davam etməsi general Hatəminin səfəri barədə düşüncələrə səbəb olur. Bu səbəbdən də əslən Zəncan vilayətindən olan azərbaycanlı general Hatəminin Bakı səfərinin səbəbləri ilə bağlı mümkün variantlara nəzər yetirək.
Rəsmi açıqlamada qeyd olunur ki, general Bakıda ikitərəfli hərbi əməkdaşlığı, eləcə də beynəlxalq və regional məsələləri müzakirə edəcək. Azərbaycan və İran arasında hərbi sahədə ticarət aşağı səviyyədədir.
Hərbi müzakirələr daha çox mümkün müharibə ilə bağlı ola bilər. Məsələ ondadır ki, həm birinci Qarabağ müharibəsi zamanı, həm də 2016-cı ildəki hərbi əməliyyatlar İranla sərhəddə keçirilib. Hətta İran ərazisinə mərmilər düşüb. Yəni olası növbəti Qarabağ müharibəsi zamanı Azərbaycan ordusu İranla bu kimi həssas məsələləri koordinasiya edə bilər. Bunun üçün isə iki ölkə hərbi rəhbərliyi arasında əlaqələrə ehtiyac var. İkincisi, Ermənistan İranla hərbi sahədə əməkdaşlıq qurmağa çalışır. Azərbaycan tərəfi İran ordu rəhbərliyi ilə əlaqələr qurmaqla həm də ermənilərin bu fəaliyyətini neytrallaşdıra bilər. İstənilən halda, general Hatəmi azərbaycanlıdır və onunla dil tapmaq elə də çətin olmamalıdır.
Bundan başqa, Azərbaycan seçkiyə hazırlaşır və həm Qarabağ cəbhəsində, həm də beynəlxalq terrorizm riskləri ilə qarşı-qarşıyadır. Bir neçə gün əvvəl Dağıstanda baş verənlər Xəzər hövzəsi ölkələrdə terror riskinin güclü olduğunu göstərir. Bütün bunlara qarşı Azərbaycanın İranla qonşu ölkə olaraq məsləhətləşmə və mümkün təhlükəyə qarşı fikir mübadiləsi aparması labüddür. Məlumdur ki, İran regional gücdür, Yaxın Şərqdə ciddi manevr gücünə malikdir, hərbi gücünü ildən-ilə artırır.
Dəvət Azərbaycan tərəfdən olsa da, mümkündür ki, İran ordu komandanlığının Azərbaycandan istəkləri olsun. Məsələ ondadır ki, İran hərbiyyəsi Azərbaycanın İsraillə əlaqələrindən narahatdır. Azərbaycan ən yüksək səviyyədə ölkə ərazisindən 3-cü dövlətə qarşı istifadə olunmasına icazə verilməyəcəyini dəfələrlə bəyan edib. Amma təəssüf ki, İran mediasında hələ də ara-sıra Azərbaycan-İsrail əlaqələrinin Tehrana təhlükə ola biləcəyi haqda iddialar dərc olunur.
Yeri gəlmişkən, hazırda İran-İsrail münasibətləri gərginliyin ən yüksək nöqtəsinə çatıb. Münhen Təhlükəsizlik Konfransında çıxış edən İsrail baş naziri Tehranı hədələyərək lazım gəldiyi anda yalnız İran rəsmilərinə qarşı deyil, İran dövlətinə qarşı hərəkət edəcəklərini deyib. Müşahidəçilərə görə, tezliklə Yaxın Şərqdə İran-İsrail qarşıdurmasının şahidi olacağıq.
İran müdafiə nazirinin Azərbaycana səfəri zamanı qonşu ölkənin bəzi hərbi təyinatlı məhsullarla Azərbaycandan təmin olunması məsələsi gündəmə gələ bilər. Çünki məsələ ondadır ki, İran embarqolar səbəbindən bu cür məhsulları ya özü istehsal edir, ya da “qara bazardan” gizli şəkildə baha qiymətə alır. Üstəlik, embarqolar İranın müasir istehsal vasitələri əldə etməsinə mane olur. Azərbaycanın isə belə məhdudiyyəti yoxdur, sanksiyalara məruz qalmayan məhsulların istehsal və satışı sifarişini ala bilər.
Göründüyü kimi, əslində iranlı generalın səfəri ilə bağlı xeyli səbəblər və ehtiyac var. Biz, sadəcə, fərziyyələri yazdıq. Ümumi qənaətimizə əsasən hazırda iki ölkə arasında xüsusən də iqtisadi əməkdaşlıq, nəqliyyat sahəsində əlaqələr inkişaf edir. İndi hər iki tərəf əlaqələrin inkişafında maraqlı olduğunu hər addımda büruzə verməyə çalışır. Bu baxımdan generalın səfərinin əməkdaşlıq və koordinasiyanın yaradılması məqsədinə xidmət etməsi ehtimalı daha yüksəkdir.(musavat.com)