İqlim dəyişikliyi: Fəsillər sıradan çıxır

0
838

“Bütün dünyada qlobal iqlim dəyişmələri nəticələrində fəsil anlayışı – payız, qış, yaz, yay yox olacaq və tarixə çevriləcək. Hər hansı bir mövsümdə həm 40 dərəcə isti, həm də 0 dərəcə şaxta müşahidə etmək mümkün olacaq”.

 

Bu fikirlər Birləşmiş Millətlər Təşkilatının (BMT“>BMT) iqlimlə bağlı hazırladığı sonuncu hesabatında əksini tapıb. Gələcək 30-50 il üçün nəzərdə tutulanBMT“>BMT-nin bu hesabatı ağır nəticələrin olacağından xəbər verir. Hesabatda bildirilir ki, ilin hər hansı bir ayında həm yandırıcı isti görmək olacaq, həm də qar yağa bilər. Fəsil anlayışı tədricən yaddan çıxacaq. Artıq dünyada iqlim dəyişməsi və iqlim istiləşməsi müşahidə olunur.

 

BMT“>BMT-nin iqlimlə bağlı hazırladığı sonuncu hesabatda ekstremal halların sayının çoxalacağı qeyd olunub. Güclü yağışların yağması, tufanların olması kimi hallar artacaq. BMT“>BMT-nin hesabatında kənd təsərrüfatı məhsuldarlığının, xüsusən buğda məhsullarının azalacağı bildirilib. İqlimin dəyişməsi katastrofik hallara gətirib çıxaracaq və bundan da ən çox kasıb, dənizlərin, okeanların sahil zonasında yerləşən ölkələr ziyan çəkəcək.

 

Azərbaycan da iqlim dəyişməsindən ən çox ziyan çəkən ölkələrdən biri olacaq. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin iqlim dəyişmələri ilə bağlı hesabatında iqlim dəyişməsindən ən çox ziyan çəkəcək 39 ölkənin adı çəkilir. Azərbaycanın da həmin siyahıya düşüb və ölkəmizin coğrafi mövqeyi iqlim dəyişmələrinin təsirlərinə həssas olduğu qeyd edilir.

 

Bütün dünyada olduğu kimi, qlobal iqlim dəyişmələri Azərbaycanda da özünü göstərir.

 

“İqlim dəyişikliyi Azərbaycanda dağlıq ərazilərdə təbii fəlakətlərin artmasına, bitki örtüyü məhv olmasına, Xəzərdə biomüxtəlifliyin azalmasına səbəb olacaq”

 

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov APA-ya deyib ki, yer kürəsində dəyişiklik gedirsə, bu, Azərbaycanda da hiss ediləcək: “Azərbaycan ərazisinin xeyli hissəsi – 60%-dən çoxu dağlıq ərazidir. Bu ərazilərdə təbii fəlakətlərinin intensivliyi və dəyişmə diapazonu artacaq. Təbii ki, bu da öz növbəsində ziyanlar gətirəcək. Digər tərəfdən Azərbaycan ərazisinin landşaftının çox hissəsi yarımsəhradır. Bunlar da iqlim dəyişmələrinə ən həssas olan ərazilərdir. İqlimin dəyişməsi, temperaturun 1-2 dərəcə qalxması artıq bu landşaftlarda təzahürünü tapacaq. Bu da səhralaşma prosesinin sürətlənməsinə gətirib çıxarar. Yağıntının miqdarı buxarlanmanın miqdarından az olacaq. Getdikcə ərazilər bir qədər də aridləşəcək və bitki örtüyü məhv olacaq. Azərbaycan ərazisi ümumiyyətlə hər baxımından bu dəyişmələrə həssasdır. İ iqlim dəyişmələri Xəzər dənizinin səviyyəsinin dəyişməsinə, orada olan biomüxtəlifliyə də mütləq təsir göstərəcək. Xəzərin səviyyəsinin qalxması və ya enməsi bizə hər dəfə  böyük maddi ziyan vurur və sahil zonasında ekoloji vəziyyəti dəyişdirir. Biomüxtəlifliyin azalması nəticəsində nərə balığı, kütüm (ziyad) balığı məhv olacaq”.

 

“Dünyada baş verən iqlim dəyişmələri artıq Azərbaycanda da müşahidə olunur”

 

R. Məmmədov əlavə edib ki, iqlim dəyişmələrinin təzahürlərindən biri diapazonun dəyişməsidir. Onun sözlərinə görə, diapazon dəyişikliyi nəticəsində eyni mövsümdə hədsiz dərəcə şaxta və hədsiz dərəcədə isti müşahidə etmək olar: “Mümkündür ki, 15 gündən sonra şaxta və yaxud 20 dərəcə istil olsun. Bunlar hamısı iqlim dəyişmələrinin təzahürüdür. Dünyada baş verən iqlim dəyişmələri artıq Azərbaycanda da müşahidə olunur. Biz materikin dərinliyindəyik deyə katastrofikr, böyük diapazonda dəyişmələr okeandan materikin dərinliyinə gələnə kimi bir az zəifləyir. Amma hər halda, bizə gəlib çıxır. Artıq katastrofik dəyişmələr başlayıb və bu hallar dünyanın müxtəlif ölkələrində müxtəlif hallarda müşahidə olunur. 2 il öncə yayda Avropada qar yağması, 2 il öncə qışda Rusiyada yağışın yağması kimi hallar müşahidə olunub. Artıq okeana yaxın ölkələrdə katastrofik iqlim dəyişmələr olur. Bu proseslər materikin dərinliyinə də keçir və biz bunu yavaş-yavaş hiss edirik. Buna hazır olmalı və qabaqlayıcı tədbirlər görməliyik”.

 

“İqlim dəyişmələri nəticəsində insanlarda bəzi xəstəliklər ağırlaşa, bədəndə gizli gedən proseslər aşkarlana bilər”

 

Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının həkimi Rauf Nağıyev isə APA-ya deyib ki, iqlim dəyişmələri nəticəsində insanlarda hansısa xəstəliklər ağırlaşa  və bədəndə gizli gedən proseslər aşkara çıxa bilər. Onun sözlərinə görə, iqlim dəyişməsinin orqanizmə təsiri barədə dəqiq bildirmək çətindir: “İnsanın bədən temperaturuna uyğun mühit 20 dərəcəlik temperaturdur. Fizioloji baxımdan 20 dərəcəlik bədən temperaturunda insan özünü yaxşı hiss edir. Bu temperatur bir az yuxarı qalxdıqda müəyyən fəsadlar yaranır, patologiyalar üzə çıxır, nisbətən aşağı düşdükdə yenə də təsir edir. İnsan orqanizmi elə bir formada yaranıb ki, bədən mərkəzi sinir sistemi vasitəsilə ətraf mühitə adaptasiya olur, uyğunlaşır. Sadəcə iqlim dəyişmələri, temperaturun artması və ya enməsi nəticəsində zəif orqanizmlər, xəstə insanlarda hər hansı bir formada reaksiya verə, səhhətində dəyişikliklər əmələ gələ bilər. İqlim dəyişməsi sinir sisteminə, iradəsi zəif olan insanlara da mənfi təsir göstərir. Bununla bağlı məlumatların isə mütəmadi olaraq verilməsi həmin insanlar üçün xeyir əvəzinə ziyana çevrilir”.

 

R. Nağıyev qeyd edib ki, hazırda yaz dövründə vəziyyət nisbətən sabitdir və çağırışlar əvvəlki aylara nisbətən azalıb. O əlavə edib ki, çağırışlar əsasən qış və qızmar istilərdə nisbətən çox olur.

 

“Bəşəriyyətin inkişafı bugünkü trayektoriya ilə gedərsə, temperaturun 5-6 dərəcə qalxması fəlakətlərə səbəb ola bilər”

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Təbliğat şöbəsinin müdiri İsa Əliyevin sözlərinə görə, hazırda dünyada qlobal iqlim sistemində istiləşmə gedir. Bu prosesin dünyanın ayrı-ayrı yerlərində özünü müxtəlif formada təzahür etdiyini deyən İ. Əliyev qeyd edib ki, iqlim çox geniş məfhumdur. Böyük bir sistem dəyişəndə bəşəriyyət üçün böyük çətinliklər yaradır: “Tarixən iqlimdə istiləşmə, soyuqlaşma olub. Lakin bu proses 1000 illər çəkib. Məsələn, tarixən təbii iqlim dəyişmələri nəticəsində temperaturun 1 dərəcə düşüb və ya qalxması üçün 1000-1200 il lazım gəlib. Buna da canlılar – heyvanlar, bitkilər uyğunlaşa bilib. Amma indi insanların günahı ucbatından baş verən bu dəyişmələr 30-40-50 il ərzində proqnozlaşdırılan ssenarilərə görə 3-4 dərəcə, hətta daha artıq artımlara səbəb olacağı gözlənilir. Bu da bütün bəşəriyyət üçün çox böyük təhlükələr yarada bilər. Hazırda qlobal istiləşmə gedir ki, bu da insanların günahı ucbatından atmosferə atılan istilik effekti yaradan qaz tullantıları konsentrasiyalarının atmosferdə kəskin şəkildə artması ilə bağlıdır”.

 

Nazirlik rəsmisi qeyd edib ki, istiləşmə gedirsə, bu, birinci növbədə özünü soyuq fəsillərdə göstərir. Yaya nisbətən qış fəslinin daha tez qızdığını deyən İ. Əliyev bildirib ki, ekvatorial zonalara görə qütblərə doğru temperatur daha sürətlə artır, soyuq yer daha tez isinir, soyuq fəsil daha tez istiləşir.

 

“Qış isti keçirsə, fərqlər azalır və yay daha erkən başlayır. İqlim dəyişmələrinin xarakterindən biridir ki, Azərbaycanda 35 dərəcə temperatur iyunun axırında müşahidə olunurdusa, indi ola bilsin ki, mayın axırında qeydə alınsın. Yanvarın orta temperaturu 5 dərəcə olurdusa, indi 8 dərəcəyə çatacaq. Fəsillər arasında ardıcıllığın tamamilə itməsi indiki halda inandırıcı deyildir. Fəsillər arasında fərq itsə, qütblərdəki buzlar tamam əriyər və nəticədə dünya okeanının səviyyəsi 64 metrə qalxa bilər. Bu zaman da bütün bərəkətli torpaqlar, iri yaşayış məntəqələri, şəhərlər suyun altında qalar. Dünya birliyi bu dəyişmələrin qarşısını ala bilməsə, 300-400 ildən və daha çox sonralar tam olmasa da, əksər hissəsi əriyə bilər. Qütblərdəki buzlar tam əriməsə, fəsillər arasındakı fərqlər müxtəlif yerlərdə müxtəlif cür azalsa da, ekvatorial zonadakı kimi tam itə bilməz” – deyə şöbə müdiri qeyd edib.

 

İqlim dəyişmələrinin Azərbaycana təsirinə gəlincə, İ. Əliyev vurğulayıb ki, bütün dünyada olduğu kimi artıq Azərbaycanda da temperaturda artımlar var. Onun sözlərinə görə, bu gün Azərbaycanda orta illik temperatur təxminən 0,9-1 dərəcə artıb. Amma indiki sivilizasiyanın iqlim sisteminə təsiri daha güclüdür, hazırda iqlimə proqnoz vermək çətindir: “Çünki iqlim qeyri-xətti prosesdir. Müxtəlif iqlim məlumatları əsasında regionlar üzrə ssenarilər hazırlanır. Bu da min mümkün variantdan biridir. Məsələn deyirik ki, 2030-cu ilə kimi orta illik temperatur 2 dərəcə, 2050-ci ildə isə 2,5-3 dərəcə artacaq. Qış temperaturlarında artımlar üstünlük təşkil edəcək. Əsrin sonuna kimi bəşəriyyətin inkişafı bugünkü trayektoriya ilə gedərsə, tullantıların azaldılması baş verməzsə temperatur 5-6 dərəcəyə kimi qalxa bilər. Bu da fəlakətlərə səbəb ola bilər. 2-3 dərəcə artım kiçik görünsə də, böyük fəlakətlərə-sellərə, yanğınlara, quraqlıqlara, səhralaşma, kənd təsərrüfatında böyük itkilərə səbəb ola bilər. Artıq bütün dünyada olduğu kimi Azərbaycanda da iqlim dəyişmələrinin təzahürləri müşahidə edilməkdədir. Belə ki, 2010-cu ildə İmişlidə, Sabirabadda, Saatlıda daşqınlar oldu. İqlim dəyişmələrinin bir xarakteri də var ki, getdikcə ekstremal meteoroloji hadisələrin (sellər, daşqınlar, quraqlıqlar, istilik stressləri və s. ) həm təkrarlanma tezliyi, həm də gücü artmaqdadır. Təhlükələr də bundan yaranır”.

 

“İstilik effekti yaradan qazların emissiyaları üzrə Azərbaycan 159 ölkə sırasında 80-ci yerdə durur”

 

Hesablamalar göstərir ki, tarixi dövr ərzində yaranan istilik effekti yaradan qazların emissiyaları üzrə ölkələrin məsuliyyətinə görə, Azərbaycan 159 ölkə sırasında 80-ci yerdədir. 1992-2010-cu illərdə istilik effekti yaradan qazların (CO2) emissiyaları 0,70 milyard ton olub. Azərbaycanın qonşularından 138-ci pillədəki Gürcüstanda 1992-2010-cu illərdə CO2 emissiyaları 0,11 milyard ton, 151-ci yerdəki Ermənistanda  0,070 milyard ton, 9-cu yerdəki Rusiya Federasiyasında 1992-2010-cu illərdə 31,6 milyard ton istilik effekti yaradan qazların emissiyaları olub. Bu pillədə ilk 3 yeri 1800-2010-cu illərdə  355 milyard tonla ABŞ, 1899-2010-cu illərdə 132 milyard tonla Çin (Tayvan istisna olmaqla), 1920-1991-ci illərdə isə 113 milyard tonla keçmiş SSRİ tutur.

 

Ayrı-ayrı ölkələrdə adambaşına düşən CO2 tullantılarının miqdarına gəlincə, Azərbaycanda 1990-cı ildə 10,28 ton, 2000-ci ildə 5,08 ton, 2005-ci ildə 5,86 ton, 2010-cu ildə isə 5,36 ton olub. Adambaşına düşən CO2 tullantılarının miqdarına görə də ABŞ dünya ölkələri sırasında ilk yeri tutur. Orada CO-nin miqdarı 17,53 tondur.

 

“Azərbaycan BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə konvensiyasının Paris razılaşması üzrə öhdəlik götürərək böyük, qlobal problemə töhfəsini verəcək”

 

Artıq bütün ölkələrdə BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə konvensiyasının Paris razılaşması imzalanıb. Bununla da konvensiyaya qoşulan ölkələrin 2030-cu ilədək öhdəlikləri məlum olub. Ölkələr qlobal istiləşmənin qarşısını heç olmasa, minimum dərəcədə almağa və gözlənilən itkiləri azaltmağa çalışacaq.

 

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov da aprelin 22-də Nyu-Yorkda BMT mənzil qərargahında həmin sənədi Azərbaycan hökuməti tərəfindən imzalayıb. Paris razılaşması ratifikasiya olunmalıdır.

 

Azərbaycan Paris razılaşması üzrə öhdəlik götürüb. Öhdəliyə görə, Azərbaycan böyük və qlobal problemin həllinə töhfə verməlidir. Sənədə əsasən, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə kömək etməlidir. İnkişaf etmiş ölkələr 2020-ci ildən sonra ildə 100 milyard dollar ödəyəcək ki, inkişaf etməkdə olan ölkələr yavaş-yavaş tükənməyən enerji mənbələrindən istifadə etsin, yanacağı az yandırsın, daha aşağı karbonlu tullantılara, istehsala keçə bilsin.

 

Paris sazişi ilə Azərbaycan problemin həllinə özünün töhfəsi olaraq 1990-cı baza ili ilə müqayisədə 2030-cu ildə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35% azalmanı hədəf kimi götürür.

BIR CAVAB BURAXIN