İosif Stalinin təhlükəli Bakı macəraları

0
1012

Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur. Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açır, Azərbaycan təbiətinin gəzməli-görməli yerlərinə valeh olduqlarını gizlətmirlər.

Ötən illər ərzində çox məşhurlar Bakıda qonaq olublar. Həmin məşhurların qısa və ya uzunmüddətlik səfərləri Bakının və insanlarımızın keçmişində silinməz izlər qoyub.


Arazinfo.com Modern.az saytına istinadən “Bakının məşhur qonaqları”
 layihəsində İosif Stalin, onun Bakı macəralarınını təqdim edir:
Stalin 1879-cu ilin 21 dekabrında Qoridə anadan olub.  Kasıb çəkməçinin və  kəndli qızının ailəsində böyüyən İosifin 11 yaşı olanda atası vəfat edib. Bundan sonra o, Qoridə möhkəm nizam-intizam hökm sürən kilsəyə, daha sonar Tbilisidəki seminariyaya daxil olub. Lakin buranı qurtara bilməyib və qovulub.

Ondan sonra İosif bütün həyatını bolşevizmin təbliğinə həsr edir, ən fəal inqilabçılardan birinə çevrilir. Dəfələrlə həbs edilir, sürgün olunsa da yolundan dönmür. Həbsdən də, sürgündən də qaçır. Bolşevizmə olan bu xidmətlərinin müqabilində 1912-də Mərkəzi Komitənin (MK) plenumunda MK-nın və RSFSR MK-nın rus bürosuna seçkisiz qəbul olunur.

İosif Stalin bəzən qətl və qarətlərdən də çəkinməyib. Məsələn, 1907-ci ildə bolşevikərə pul lazım olduğu üçün inkassator faytonuna hücum təşkil edir. Həmçinin, Bakı milyonçularından birini də girov götürür. Amma bu barədə az sonra…

İndi isə layihənin tələbinə uyğun olaraq, Stalinin Bakı macəralarından danışaq…

Rəsulzadə ilə ilk tanışlıq

 

Nə qədər qəribə olsa da, sonradan ayrı-ayrı qütblərdə qərar tutan Stalinlə Məhəmməd Əmin Rəsulzadə XX əsrin əvvəllərinin  Bakısında yaxın dost olublar. O zaman Rəsulzadə hələ kağız üzərində olan, “xalqın rifahını əks etdirən” ideyalara inanırdı. Stalinin də – o zaman hamı ona Koba deyə müraciət edirdi – bu ideyalar uğrunda çarpışdığını zənn edib, onu iki dəfə həbsdən qurtarmışdı. Bu barədə də az sonra…

Hələlik isə onların ilk tanışlığından danışaq. Rəsulzadə Stalinlə ilk görüşünü öz xatirələrində bu cür təsvir edir: (müəllifin dil-üslubu qorunur):

“Bakı Petrol Sənayesi İşçiləri Sindikası adını daşıyan bir təşkilat vardı; işçilərin sırf ekonomik mənfəətlərilə əlaqədar olan bu rəsmi quruluş pərdəsi altında gizlidən-gizliyə siyasi fəaliyyət də icra olunurdu. Çarlıq əleyhində gizli olaraq çalışan milli təşkilat üzvlərindən əmim oğlu Məhəmməd Əli yuxarıda adı keçən sindikada katiblik vəzifəsini yapardı. Bir gün o, Kobanın bizimlə görüşmək istədiyini xəbər verdi.

Bakı civarında olan Balaxanı petrol ocaqları məhəllərində bir fabrikanın işçilərinə məxsus evlərdən birində çox bəsit bir otaqda qarşımıza zəif, üzgün və ortadan bir az uzun boylu birisi çıxdı. Bəsit qiyafəli olan bu zatın çiçək pozuğu ilə çopurlanmış üzünə diqqət etdim, ciddi bir tövrlə gülümsünürdü. Bizi təbii və sərbəst bir əda ilə qarşıladı. Gürcü aksenti qüvvətlə hiss olunan bir rusca danışırdı. Adi xoş-beşdən sonra söz siyasi və sosial məsələlərə keçdi”.


İlk görüşdə bir çox məsələlərdən, çarizmi yıxmağın yollarından danışan Stalin “proletariat sədaqəti”nin sübutu kimi bir əhvalatı da Rəsulzadəyə danışır:

 

“Bu qrupa gedib-gələnlərin biri haqqında bir gün yoldaşlara şübhələndiyimi söylədim, bu adam mənim heç xoşuma getmir, dedim. Etibar edə bilmirəm. Sonra bir neçə dəfə qarşılaşsaq da, o adamı aramızda görmədim. Bir gün maraqlandım, nə oldu bu yoldaş, dedim, niyə gəlmir, deyə soruşdum. İşçilər: – Koba yoldaş, siz bu adama etibar yoxdur, dediniz ha!.. Biz də onu dərhal təmizliyə verdik!.. dedilər”.

İlk tanış olduğu bizlərə “proletariat sədaqəti” haqqında anlatdığı bu əhvalatdan çıxarılacaq nəticə aydındır”.

Milyonçu Nağıyevin həbsi

 

Rəsulzadənin “Stalinlə ixtilal xatirələri” adlı kitabında (tərtibçi Nəsib Nəsibli) Stalinin Bakıda inqilabi fəaliyyəti ilə yanaşı, bolşeviklərdən ibarət quldur dəstəsinə də başçılıq etdiyini yazır və bununla bağlı bir xatirəni də danışır:

“Bakının məşhur milyonerlərindən Musa Nağıyev bir aralıq tutulmuş, verdiyi böyük miqdarda bir nicat puluna müqabil hürriyyətinə qovuşmuşdu. Hali-fəaliyyətdə bulunan bu quldur dəstələri arasında bolşevik partiyası hesabına çalışan bir dəstənin də mövcudiyyətindən bəhs olunurdu. Bu çetenin başında isə şəxsən Kobanın bulunduğu sonradan öyrənilmişdi. Sonraları, İstanbulda eşitdiyim bir rəvayəti bu söylədiklərimlə ilgili olduğundan burada zikr edim:

Sözü keçən dövrdə polisin acizliyini görən bəzi firmalar təhlükəsizliyini verdikləri dolğunca maaş müqabilində Bakının “qoçu” deyə məşhur olan qoçaqlarına əmanət etmişdilər. O cümlədən məşhur petrol şirkəti Nobel bu məqsədlə H.M.-yev deyilən birisilə bağlaşmışdı. Bu zat 1927-28-ci illərdə emiqrant ikən İstanbulda bir çoxlarına Bakıya aid xatirələri arasında şayani-diqqət bir hekayə danışmışdı: Bolşevik partiyasının təhdid qolundan adı keçən firmanın neft alan şöbəsinə bir məktub gəlir. Məktub 50 000 rublənin müəyyən gün və saatda gələcək yoldaşlara təslim edilmək üzrə hazırlanmasını tələb edir. Firmanın müdiri H.M.-i çağırır və ondan təyin olunan saatda terroristlərlə qarşılanmasını tələb edir. H.M. bir neçə qoçusu ilə birlikdə gözləyir. Təyin olunan saatda iki yoldaşı ilə Koba peyda olur. Qorxu təlqin edən sərt bir baxışla H.M.-i süzən Koba ona ismi ilə xitab edərək qandırıcı bir ifadə ilə deyir: Biz adi bir oğru-quldur deyilik. Kapitalizmə qarşı vuruşan bir işçi partiyasıyıq. Hədəfimiz Rusiya çarlığıdır. Biz işçilər bu zülmün altındayıqsa, siz müsəlmanlar iki zülmün altındasınız. Başqasının xüsusi mənfəətini qorumaq üçün bizə qarşı silah çəkmək, canınızı mənasız yerə hədər etməkdir. Halbuki bizim aldığımız paralar hürriyyət üçün sərf olunur; bir millət olaraq sizin hürriyyətiniz də bunun içindədir”.

Deyilənə görə, adıçəkilən şəxs Stalinə 50 min rubl verir.


Bir mahnının tarixçəsi

Lakin bu kimi əməllərinə görə, həm də açıq inqilabi fəaliyyəti səbəbindən Stalin Bakıda da həbs olunur. 1908-ci ilin mart ayında “küləklər şəhəri”ndə həbs olunaraq Bayıl türməsinə göndərilən Stalin sentyabr ayına qədər burada qalıb.

Həbsxanada qaldığı müddətdə Stalinin həyatına bir xalq mahnımız ömürlük damğa vurub. Təbii ki, sözün yaxşı mənasında. Sonradan dünya ağalığına iddia edən iki-üç şəxsdən biri olan zamanda da Stalin bu mahnını unuda bilməyəcəkdi.

Yəqin ki, hansı xalq mahnımızın bir zamanların “millətlər atası” adlandırılan Stalinə bu qədər təsir etməsi hamını maraqlandırır.

Stalin həbsxanada olduğu müddətdə yoldaşlarının onunla gizli xəbərləşməsi mütləq idi. Onların Stalinlə çox maraqlı ünsiyyət metodu var idi. İnformasiyanın yazıldığı kağızlar daşlara bükülərək Stalinin qaldığı hücrənin pəncərəsindən içəri atılırdı və ondan da eyni üsulla cavab alınırdı. Bu zaman təhlükəsizliyi tam təmin etmək, daşın əvvəlcədən atıldığını bildirmək üçün hücrə pəncərəsinin kənarında xalq mahnımız olan “Pəncərədən daş gəlir” oxunardı. Bu zaman hücrədəkilər artıq məsələnin nə yerdə olduğunu bilər və daşı səs-küy yaratmadan tutardılar. Beləcə, Stalin Bayıl həbsxanasında olduğu müddətdə aralarında xüsusi parol olaraq istifadə edilən bu mahnını çox eşidir və əvvəldən axıra qədər əzbərləyir. Buna Stalinin Azərbaycan dilini qismən bilməsi də kömək edir.

Burada qısa bir haşiyəyə çıxaq: demək, Stalin Kreml rəhbəri olandan sonra (bu, dünyanın iki ən böyük supergücündən birinin başçısı demək idi) “Azərbaycan günləri”ndə aktrisa Leyla Bədirbəyli  “Bəri bax” mahnısını rəqslə ifa edir. Köhnə yaşantılarına daldığı üçün mahnıdan və rəqsdən təsirlənən Stalin Bakıda gizli fəaliyyətdə olduğu
illərdə inqilabçı dostları ilə bu mahnını parol kimi oxuduqlarını xatırladıb. Leyla Bədirbəylini çağıraraq kim olduğunu soruşur. Leyla Bədirbəylinin Azərbaycanlı cavan bir rəqqasə olduğunu və filarmoniyada çalışdığını öyrənir.  Stalin onu qucaqlayıb öpərək deyir: “Sən Azərbaycan gözəlisən”.

 


Rəsulzadənin Stalini xilas etməsi

 

Stalinin Bakıdakı həyatından danışarkən, ən məşhur əhvalat da Rəsulzadənin onu ölümdən qurtarmasıdır. Əvvəlcə onu deyək ki, Stalin Bakının bir o qədər də dinc qonağı olmayıb. Bu barədə yuxarıda azacıq yazdıq. O, kapitalist dünyasının hörmətli şəxslərinə qarşı qarətdən heç zaman çəkinməyib. Üstəlik də, inqilabi fəaliyyəti… Buna görə də səlahiyyət sahibləri qoçulara Stalini öldürmələri müqabilində böyük ənam boyun olurlar. Onlar da Stalini öldürmək, konkret olaraq quyuya atmaq istəyirlər. Müsavatçılar Rəsulzadəyə bu barədə vaxtında xəbər verirlər.  Rəsulzadə Stalini qoçulardan xilas etmək üçün onu Novxanıdakı bağ evinə, oradan isə məscidə apararaq bir müddət gizlədir. Novxanı kəndində bir neçə məscid var və Stalini “Şah Sultan Hüseyn” məscidində gizlədir.

Amma əlavə olaraq qeyd edək ki, Rəsulzadənin ailəsi, başda atası Hacı Ələkbər olmaqla Stalini çox yaxşı qarşılayırlar. Rəsulzadənin sadə anası Maral xanım üçün o, yalnız oğlunun yaxın dostu idi. Stalini də həmişə Məhəmməd Əminin “bığlı dostu” deyə xatırlarmış. Lakin bir müddətdən sonra Stalin vaxtilə sığındığı bu ailəni (atasını çıxmaq şərtilə, çünki, o zaman Hacı Ələkbər vəfat etmişdi) ağır şərtlər altında Qazaxıstana sürgünə yollayır. O zaman “kafir yemidir” deyərək, sürgün olunduğu qatarda heç nə yeməyən və iki aya yaxın “qatar səyahətində” ancaq evindən götürdüyü əncir qurusu və qəndlə qidalanan Maral xanım rus əsgərlərinə demişdi ki, “gedin o bığlı oğlana deyin ki, bizim evdə onun çox qulluğunu tutmuşam”. Amma “bığlı oğlan” həmin bığlı oğlan deyildi…

Maral xanım isə bir müddətdən sonra elə qatardaca acından dünyasını dəyişir.

 

Lakin Rəsulzadəni xilas edir…

1920-ci ildə M.Ə.Rəsulzadə Lahıcdan gizli yollarla çıxan zaman başkəsən Pankratovun dəstəsi onu yaxalayır.

Həbs olunandan sonra Rəsulzadə Pankratov kimi cəlladla üz-üzə qalmalı, onun tənəli suallarına və sərt rəftarına davam gətirməli olub. Rəsulzadəni bir müddət çox şəraitsiz yerdə saxlayıblar. Lakin bir gün Bakıya Stalinin gəlişi hər şeyi dəyişdirir.

Tarixçi Nəsiman Yaqublunun araşdırmalarına görə, Məhəmməd Əmin Rəsulzadə həbs olunanda “gizli müsavat”ın tapşırığı ilə Ağabala Qasımov Vladiqafqaza gedib Stalinə məlumat çatdırır. Və Stalin də keçmiş mübarizə dostunu – onu neçə dəfə ölümdən qurtarmış Məhəmməd Əmini xilas etməyə gəlir:

“Stalinin göstərişi ilə Pankratov çölə çıxır. Köhnə mübarizə dostları tək qalırlar. Və aralarında açıq, yalnız həqiqət faktlarını üzə çıxaran söhbət gedir. Stalin Məhəmməd Əmin Rəsulzadəyə bildirir ki, vəziyyətiniz çox ağırdır.

“Azərbaycanlı kommunistlərin bir qismi güllələnməyinizi, digəri isə ömürlük həbsxanada qalmağınızı məsləhət görürlər. Amma mən bunların heç birini rəva bilmirəm və məqsədim sizi xilas etməkdir”.

Stalin məsləhət görür ki, Məhəmməd Əmin onunla birlikdə Moskvaya getsin, çünki azərbaycanlı kommunistlər onu sakit buraxmayacaqlar.
Rəsulzadə Stalinlə söhbətində çox məsələlərdən danışdı. Stalinə sübut etdi ki, “siz haqqımızı, istiqlalımızı tapdayıb buraya gəlmisiniz. Böyük millətlərdən kömək gözləməyin də faydası yoxdur. Çünki onlar Türkiyə ilə düşmən vəziyyətindədir. Siz isə “Türkiyəyə kömək” şüarını irəli sürüb xalqımızı əsarətə aldınız”.

Məhəmməd Əmin Rəsulzadə Stalinə çox həqiqətləri söylədi o görüşdə. Bir saata kimi aralarında danışıq getdi. Həmin o danışıqda Stalin Məhəmməd Əmin Rəsulzadəyə bir söz də dedi: “Nəriman bizimlə yox, biz Nərimanla anlaşdıq”…

Məhəmməd Əmin Rəsulzadə “dörd divar arasından” çıxmağa razı olub Stalinin təklifini qəbul edir. Stalin isə Pankratovu içəri çağırıb deyir: “Bura bax, bu adamı qaranlıq bir mətbəxdə saxlayırsınız, dərhal onu münasib bir otağa köçürün və ailəsinə də onunla görüşmək imkanı verin”.

Pankratov Stalinin göstərişini yerinə yetirir. Rəsulzadəni balkonlu, münasib bir otağa köçürürlər. Bir neçə gündən sonar Rəsulzadə Stalinlə birlikdə Moskvaya yola düşür. Yola düşməzdən qabaq ona ailəsi ilə görüşmək imkanı verilir…

 

Mətbuatda yazılanlardan: “Stalinin ilk nikahı Bakıda olub. 1906-ci ildə gizli şəkildə Bakıda mübarizə aparan Stalin dostu Aleksandr Svanidzenin bacısı Yekaterina ilə qarşılaşıb. Gənclər  çox keçmədən evlənmək qərarına gəlib. Ancaq Koba ləqəbli inqilabçı təqib edildiyinə görə gizli həyat yaşayırdı, üstəlik sənədləri də yox idi. Heç bir keşiş onun nikahını kəsməyə razılaşmadı. Belə olduqda gənclərin nikahını Kobanın seminariya yoldaşı kəsdi. Nikah mərasimi gecə yarısı gizli şəkildə keçirildi.

1907-ci ildə Koba və Yekaterinanın oğlu Yakob dünyaya gəldi. Ancaq elə həmin il də Yekaterina xəstəlikdən vəfat etdi. İndi də arxivdə Kobanın oğlunun cəsədi başındakı fotosu saxlanılır. Koba Bakını tərk etdikdən sonra oğluna uzun illər xalası baxdı.

Stalinin Bakıda işlədiyi vaxt evləndiyi, sonradan isə asanlıqla tərk etdiyi  Yekaterina hazırda Bakının hansısa məzarlığında uyuyur…

Qeyd: Yazıda bu mənbələrdən istifadə edilib: M. Ə.Rəsulzadə “Stalinlə ixtilal xatirələri”, Nəsiman Yaqublu “Məhəmməd Əmin Rəsulzadə”, Nəsiman Yaqublu “Rəsulzadə ensiklopediyası”, “Stalinin qadınları” sənədli filmi.

E.Nihad

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

5 × two =