İllərdir, Suriyada döyüşən radikal islamçı Rövşən Paşayev öldü

0
707
 
Suriyada “Əhrarü Şam” radikal islamçı qruplaşmasının tərkibində Bəşər Əsəd rejiminə qarşı döyüşən Azərbaycan vətəndaşı, 2000-ci illərin əvvəllərində “Qarabağ partizanları” işinə görə həbs edilmiş Rövşən Paşayev İdlibdə ölüb.
 
Moderator.az Virtualaz.org-a istinadən xəbər verir ki, radikal islamçılara yaxın türk saytı “Timetürk.com” onun ölümü ilə bağlı nekroloq yayıb.
Orada deyilirdi ki, dini ləqəbi “Ömər” olan Rövşən Paşayev Tərtərdə anadan olub və yaşayıb. Qarabağ müharibəsi başlayanda polis sıralarında ermənilərə qarşı döyüşüb. 2000-ci illərin əvvəllərində radikal vəhabilərin sırasına qoşulub və bir müddət Çeçenistanda döyüşüb.
2003-cü ildə bir qrup Qarabağ müharibəsi veteranı ilə işğal altındakı Azərbaycan ərazilərində partizan hərəkatı başlatmaq üçün hazırlıqlara başlayıb. Lakin Rövşən Paşayev və həmin qrupun digər üzvləri qanunsuz silahlı birləşmə yaratmaq ittihamı ilə həbs olunublar.
2005-ci ildə həbsdən buraxılan R.Paşayev yenə dinc dayanmayıb və bu dəfə Əfqanıstana gedib, “Taliban” qruplaşmasının sıralarında NATO qüvvələrinə qarşı döyüşüb. Bir müddət onra geri qayıdıb, 2011-ci ildə Suriyada üsyan başlayanda R.Paşayev həmin ölkəyə yollanıb. Türkiyədən dəstəklənən “Əhrarü Şam” radikal qruplaşmasının sıralarında Əsəd rejiminə qarşı döyüşməyə başlayıb, bu qruplaşmanın üzvlərinə təlim keçib.
2014-cü ildə Hama ətrafında gedən döyüşlərdə yaralanıb və iki ilə yaxın müalicə alıb. Lakin Suriyanı tərk etməyib. 2016-cı ildə həm aldığı xəsarətlərə, həm Suriyadakı ağır şəraiti görə yenidən yatağa düşüb. 2017-ci il dekabrın 25-də İdlib bölgəindəki xəstəxanalardan birində əməliyyat olunmağı qərara alıb. Lakin xəstəxanada yetərsiz şərait nəticəsində əməliyyatdan sağ çıxmayıb.
Xatırladaq ki, yüzlərlə Azərbaycan vətəndaşı Suriyada gedən döyüşlərdə müxtəlif radikal qruplaşmalarının tərkibində iştirak edib, onlardan bir çoxu döyüşlərdə ölüb, bir çoxu Azərbaycanda qayıdandan sonra həbs olunub.

BIR CAVAB BURAXIN