İlham Rəhimov: 68 yaşlı müdafiə qalası

0
621

Çağdaş dünyanın düzəninə baxdıqda güclülərin və haqlıların savaşında birincilərin qalib gəldiyini görürük. Bu qalibiyyətlər güclüləri haqlı qılmasa da, haqlıların gücünü azaldır. Belə durumlarda millətə özünəinam öyrədən, onu yılmağa qoymayan, ruhunu ayaqda tutan aydınlar olur. Hər millət aydınlarının zəka gücü, miqyası qədər böyükdür.

Bu yaznın qəhrəmanını ilk dəfə Bakı Dövlət Universitetinin akt zalındakı toplantıda görmüşdüm. Rusiyanın hüquq elitasının da qatıldığı təqdimatda onun “Cinayət və cəzanın fəlsəfəsi” əsəri müzakirə edilirdi. İnsanın hər hərəkəti ilə bağlı konkretlik tələb edən hüquq elmində professor İlham Rəhimovun yeni yanaşması ciddi polemika başlatmışdı. Dünyanın iki supergücündən biri olan nəhəng Rusiyanın hüquq sisteminin müəllifləri azərbaycanlı həmkarları ilə min illərdir ən müxtəlif sivilizasiyaların təklif etdiyi ədalət anlayışına professor Rəhimovun traktovkasını qızğın müzakirə edirdilər. Humanizm prinsiplərinin adət etdiyimiz kimi yalnız cinayəti törədənə deyil, qurbana da şamil edilməsi təklif olunan əsər daşlaşmış hüquq sistemi ənənələrini dağıdaraq yeni bir baxış təklif edirdi. Əks arqumetlərlə yanaşma tərəfdarlarının mövqeyi bir-birini üstələdikcə, professor Rəhimov humanizmə dayanan nəzəriyyəsini daha tutarlı faktlarla müdafiə edirdi.

Daha sonralar – professor Rəhimovla ünsiyyətimiz çoxaldıqca humanizmin onun vazkeçilməz həyat fəlsəfəsi olduğuna inandım. Onun ictimai, sosial fəaliyyəti bütünlüklə bu dalğaya köklənib. Siyasi gündəmə yönəlik mesajlarında da, Azərbaycan-Rusiya, Rusiya-Türkiyə münasibətlərinə yönəlik addımlarında da, elm sahəsindəki fundamental çalışmalarında da, dünyanın ən önəmli biznes regionlarından Xəzər və Qara dəniz hövzəsi ölkələrində işgüzar mühitin sağlamlaşdırılmasına hesablanmış tədbirlərində də, təhsil, səhiyyə, sosial sahələrə aid saysız xeyriyyə işlərində də professor bu ideyanı izləyir. Onu əslən azərbaycanlı olub ölkədən kənarda fəaliyyət göstərən iş və elm dünyasının ünlülərindən fərqləndirən də elə bu özəlliyidir.

Ancaq professor İlham Rəhimovu Azərbaycan, bütünlükdə millət üçün dəyərli edən təkcə onun elm və biznes dünyasının avtoritetlərindən olması deyil. O, dünyanın iki supergücündən birinin lideri – Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə şəxsi dostluğu sayəsində Rusiyada yaşayan yüzminlərlə azərbaycanlı üçün miqyası ölçüyə gəlməz müdafiə qalası qurub.

Heç kimə sirr deyil ki, bu gün Azərbaycan ailələrinin ciddi bir hissəsi Rusiyada yaşayan soydaşlarımızın maddi dəstəyi ilə ayaqdadır. O da sirr deyil ki, yaxın keçmişə qədər azərbaycanlılar Rusiyada ən çox sıxışdırılan əməkçi miqrantlar sırasında yer alırdılar. Putin-Rəhimov dostluğu və Rusiyanın siyasi elitasının bu gerçəyi qəbul etməsi soydaşlarımıza qarşı əski baxışı ciddi şəkildə dəyişib. Artıq Rusiyanın iqtidar təmsilçiləri fərqindədirlər ki, azərbaycanlılara qarşı kütləvi xarakter ala biləcək hər hansı addımın cavabını iqtidarın şəriksiz sahibi prezident Putinin dostuna verməli olacaqlar. Rusiyada bu üstünlükdən yararlanıb baş verənlərin fərqində olan və olmayan azərbaycanlıların sayı yüz minlərlə ölçülür və sayı 300-lər, 500-lərlə hesablanan ünvanlı xeyriyəçilik tədbirləri bu nəhəng rəqəmlərin kölgəsində qalır.

Professor Rəhimovun hər addımda türk milli kimliyini yüksəkdə tutması, bütün məsələlərə Azərbaycanın mənfəətləri prizmasından baxması və şəxsi əlaqələrini səxavətlə təmsil etdiyi millətin xeyrinə xərcləməsi xalqın bu cür davranış umduğu bütün şəxslərə gözəl bir örnəkdir.

68 yaşının tamamında ulu Tanrıdan sayğıdəyər professor İlham Rəhimova yüksəliş dolu illər arzulayırıq. Zamanın sınağı ilə güclü ola bilməsə də haqqını sübut etmək, ruhunu ayaqda saxlamaq, özünü təsdiq etmək üçün millətin onun kimi aydınlara çox ehtiyacı var.

Yaşadığınız hər gün sizə və millətimizə uğur, xeyir gətirsin, əziz və dəyərli İlham müəllim!

Aygün Muradxanlı