İlham Əliyev üçüncü “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub

0
732

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Bakı Ekspo Mərkəzində açılan üçüncü “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub.

Arazinfo.com-un verdiyi xəbərə görə, Müdafiə naziri Zakir Həsənov və müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev dövlətimizin başçısına sərgi barədə məlumat verdilər.

Bildirildi ki, “ADEX-2018” sərgisi dünyanın 29 ölkəsini təmsil edən 224 şirkəti bir araya gətirib. Sərginin iştirakçıları olan bir sıra ölkələr əvvəlki illərlə müqayisədə milli ekspozisiyalarının sahəsini böyüdüblər. Təmsil olunan şirkətlərin sayının çoxluğuna görə ilk dördlüyə Türkiyə (41şirkət), Rusiya (25 şirkət), İsrail (14 şirkət) və Belarus (10 şirkət) daxildir. İştirakçıların coğrafiyası Estoniya, Hindistan və Qazaxıstan kimi ölkələrin hesabına genişlənib. Ümumilikdə, ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edir. Pavilyonlarda müasir silah və texnikalar nümayiş olunur.

Qeyd edildi ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, eləcə də nazirliyin nəzdindəki istehsalat birlikləri və zavodlar, o cümlədən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) sərginin fəal iştirakçılarıdır.

Burada peşəkarlar ölkənin müdafiə sənayesinin yenilikləri, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcud və inkişaf edən potensialı ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Bundan başqa, bu il Azərbaycandan “Caspian Ship Building Company”, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP), “Vitta” elmi-texniki şirkəti və Hərbi Hava Qüvvələrinin silah və zirehli texnikaya texniki baxış üzrə servis mərkəzi sərgidə ilk dəfə iştirak edir.

Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış oldu.

BIR CAVAB BURAXIN