Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Qaradağ rayon şöbəsində aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar seçicilərlə görüş keçirilib.
Azadinform xəbər verir ki, rayon ziyalıları, ağsaqqallar və rayon sakinlərinin iştirak etdikləri görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydin Hüseynov çıxış edərək xatırladıb ki, Yeni Azərbaycan Partiyası qarşıdan gələn prezident seçkilərində partiyamızın sədri, Prezident İlham Əliyevin namizədliyini irəli sürüb. Onun sözlərinə görə, YAP-ın bu qərarı xalqımızın istək və arzularından irəli gəlir və Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin mövqeyini ifadə edir. Çünki cənab İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi 15 il ərzində Azərbaycan dünyada ən sürətli iqtisadi inkişaf tempinə malik olan, vətəndaşlarının sosial problemlərini həll edən, insanların həyat standartlarının sürətlə yüksəldiyi bir dövlət kimi böyük nüfuz qazanıb. Həmçinin bu illər ərzində Azərbaycan region nun lider dövləti kimi beynəlxalq münasibətlər sistemində də yerini və mövqeyini əsaslı şəkildə möhkəmləndirib: “Prezident İlham Əliyev 2003-cü ildə Prezident seçkiləri ərəfəsində verdiyi bütün vədlərə əməl edərək hər bir azərbaycanlının prezidenti olduğunu əyani təsdiq edib. Ona görə də inanıram ki, aprelin 11-də də xalqımızın mütləq əksəriyyəti seçki məntəqələrinə gedərək məhz elə öz Prezidentinə, alternativsiz liderə – İlham Əliyevə səs verəcək”.
Görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatının seçki Qərargahının üzvü Xaliq Məmmədov, Rayon Ağsaqqallar Şurasının sədri Təhməz Abbasov, Zahid İbrahimov, Əlzamin Məmmədov, Fikrət Nəsibov və digərləri Azərbaycanın son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə qazandığı böyük uğurlar barədə geniş məlumat verərək Qaradağ rayon seçicilərinin aprelin 11-də fəal və mütəşəkkil şəkildə seçki məntəqələrinə gedərək Heydər Əliyev siyasətinə, bu siyasətin layiqli davamçısı cənab İlham Əliyevə səs verəcəyinə əminliklərini ifadə ediblər.